Məlum olduğu kimi, Rusiya minatəmizləyən qrupunun zabiti Şuşa şəhəri ətrafında minaya düşərək həlak olub.
Bu barədə Rusiya mediası Rusiya Müdafiə Nazirliyinə istinadən məlumata yayıb: "Şuşa yaşayış məntəqəsində yolun bir hissəsinin minadan təmizlənməsi zamanı partlayış baş verib. Nəticədə Beynəlxalq Mina Əleyhinə Mərkəzin minatəmizləmə qrupunun zabiti ağır yaralanıb".
Bildirilir ki, hərbçiyə operativ surətdə tibbi yardım göstərilib, lakin hospitala aparılarkən aldığı yaralardan keçinib.
MN-dən həlak olan hərbçinin ailəsinə hər cür yardım və dəstək göstəriləcəyini bildiriblər.
Qeyd edək ki, bu ilin noyabrında Suqovuşanda minaya düşüb yaralananlardan biri Rusiya sülhməramlılarının zabiti idi.
Ermənilər Azərbaycan torpaqlarını tərk edərkən ərazilərimizin hər kvadratına saysız mina basdırıblar və gördüyümüz kimi, bunun da qurbanları arasında Rusiya sülhməramlıları da var.
“Ermənilər bu minaları Azərbaycanın işğaldan azad edilən ərazilərinə qəsdən, həm azərbaycanlılar, həm də sülhməramlılar arasında daha çox tələfat baş verməsi üçün basdırıblar”
Tanınmış hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, ermənilərin işğaldan azad edilən Azərbaycan ərazilərini çox sıx şəkildə minalaması bu toplumun necə cinayətkar olduğunu ortaya qoyur. Ermənistanın bu cinayətinin hədəfi təkcə azərbaycanlılar deyil, həm də rus sülhməramlılarıdır. “Ermənistan Cənubi Qafqazda beynəlxalq terrorun baş icraçısıdır, rəhbəridir. Bu dövlətdə terror dövlət siyasətinə çevrilib, dövlət başçısı səviyyəsində dəstəklənir. Bu gün ermənilər Cənubi Qafqazda atmosferi o qədər zəhərləyiblər ki, bundan xilas olmaq üçün bütün xalqlar birləşməlidir. Bu çirki təmizləmək təkcə bizim üzərimizə düşmür, həm də bütün Qafqaz xalqlarının üzərinə düşür.
Ermənilər Azərbaycanın azad olunan ərazilərinə minalar basdırıblar, bütün ərazilərimizi minalayıblar, mina da elə bir “ilan”dır ki, partlamayana qədər həmişə nəfəs alır. Ermənilər bu minaları Azərbaycanın işğaldan azad edilən ərazilərinə qəsdən, həm azərbaycanlılar, həm də sülhməramlılar arasında daha çox tələfat baş verməsi üçün basdırıblar. Onlar üçün fərqi yoxdur ki, onların basdırdığı minaya Azərbaycan hərbçisi, mülki vətəndaşı, yoxsa Rusiya sülhməramlısı düşür. Ermənistan beynəlxalq terroru dəstəklədiyi üçün basdırdıqları minalara daha çox insanın düşməsini istəyir. Hətta deyim ki, açıqlamasalar da, ermənilər özləri də həmin minalara düşürlər, özləri də zərər çəkirlər, amma buna baxmayaraq, yenə də terrordan əl çəkmirlər. Hələ indən sonra da rus sülhməramlıları da, bizim vətəndaşlarımız da ermənilərin basdırdıqları minalara düşəcəklər, yaralanacaqlar, həyatlarını itirəcəklər. Nə qədər ki, erməni terroru var, nə qədər onun kökü kəsilməyib, problem yaşanacaq. Minaların təmizlənməsi çox ağır və zaman tələb edən bir prosesdir. Ermənilər az qala hər kvadratmetrə mina basdırıblar. Bu minalar təmizlənməsə, o ərazilərimizdə təhlükəsizliyə təminat vermək mümkün deyil. Çox vəhşi xalqdır.
Ermənilərin Şuşa ətrafını, eləcə də işğaldan azad edilən ərazilərimizin hər qarışını minalaması nəticəsində həlak olanların sırasında rus zabitinin də olması onu göstərir ki, Ermənistan terrorun, faşizmin başında dayanır. Əlbəttə, Ermənistanın bu cinayəti dünyaya yayılmalıdır ki, bu ölkənin nə qədər faşist olduğunu dünya bir daha görsün”.
İ.Rüstəmli qeyd etdi ki, bizim Qarabağdakı tarixi torpaqlarımızın hər qarışı minalanıb və düşmən bununla da beynəlxalq terroru dəstəklədiyini, özünün terror ölkəsi olduğunu bütün dünya qarşısında sərgiləyir.
İradə SARIYEVA