Rusiyanın tanınmış nəşri olan “Vestnik Kavkaza” bu günlərdə 12 min 24 azərbaycanlının tezliklə Xankəndiyə qayıdacağı barədə məlumat yayıb. Bu məlumatı da bəzi erməni mətbuatı tirajlayıb. Ancaq nəyə görəsə bu xəbər həm Ermənistanda, həm də Qarabağ erməniləri arasında şok effekti yaradıb. Bu informasiyanın təkzibi üçün müəyyən səylər olub. Erməni politoloq Edgar Elbakyan İrəvanı bu məsələyə reaksiya verməməkdə günahlandırıb. Bununla yanaşı, Araik Arutyunyanın sözçüsü Vaqam Poqosyan bu məlumatı təkzib edib. O, həmçinin, daha “orijinal” addım ataraq, erməniləri bu mətbu orqanı boykot etməyə, İrəvan mətbuatını isə “Vestnik Kavkaza” portalına istinad etməməyə çağırıb. Baxanda, “Vestnik Kavkaza” hansısa qəbahət iş görməyib. Nəşr rəsmi mənbələrə istinadən məlumat yayıb.
Vəziyyət o yerə gəlib çatıb ki, bu barədə “Vestnik Kavkaza” bəyanat yayıb. Bəyanatda deyilir ki, yerli əhalinin Xankəndiyə və digər Azərbaycan şəhərlərinə qayıtması birbaşa 10 noyabr bəyannaməsində öz əksini tapıb: “Lakin Ermənistan və Qarabağdakı qurama qurum hər vasitə ilə anlaşmanı pozmaq istəyir. Bunu dilə gətirənləri isə milli düşmən elan edirlər. Belə dar düşüncəli insanlardan biri də Araik Arutyunyanın sözçüsü Vaqam Poqosyandır. O, Ermənistan mətbuatına “Vestnik Kavkaza”ya istinadən heç bir məlumat yaymamaq göstərişi verib. Hətta erməni mediasında məsul olanları mümkün qədər bu nəşri oxumamağa çağırıb. Bu barədə məlumat “Sputnik Armenia” agentliyi tərəfindən yayılıb”.
Bəyanatda daha sonra deyilir ki, bu məsələdə altı ildir qlobal media bazarında olan “Sputnik Armenia” xəbər agentliyinin sərgilədiyi mövqe də anlaşılan deyil: “Sputnik başqalarının susduqlarını söyləyir” şüarını özünə deviz edən Agentlik bəs niyə ideallarına qarşı çıxır? Anlaşmanın və Rusiya rəhbərliyinin mövqeyinin əksinə olaraq bu Agentlik davamlı şəkildə Qarabağa “Dağlıq Qarabağ Respublikası”, Araik Arutyunyana isə “prezident” kimi xitab edir. Halbuki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan etdi ki, “Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ərazisidir”.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, adi bir xəbərə görə ermənilər “Vestnik Kavkaza”nı niyə bu dərəcədə düşmən elan ediblər? Burada nə var ki?
“Xankəndi ilə bağlı adi bir informasiyanın rus mediasında dərc olunmasını belə faciə hesab edirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP funksioneri Əli Orucov bunu bir neçə amillə əlaqələndirdi: “Bunun bir səbəbi onunla bağlıdır ki, erməni milləti xəstə cəmiyyətdir. Xüsusən də ölkə rəhbərliyi. Ermənilərdə belə bir xəstə düşüncə formalaşıb ki, kim Qarabağla bağlı onlardan fərqli düşünürsə, deməli onlar da düşməndir. Onlar 44 günlük müharibənin şokundan çıxa bulmirlər. Digər tərəfdən, proseslərin sürətli inkişafı bir növ onları çaş-baş vəziyyətinə salıb. Fikirləşirlər ki, məcburi köçkünlərin geri qayıtmasından söhbət gedərkən bu ancaq ermənilərə aid olmalıdır. Ancaq bunlar anlamaq istəmir ki, 10 noyabr razılaşmasında həm də azərbaycanlı köçkünlərdən söhbət gedir. O köçkünlər ki, bir vaxtlar Xankəndidə, Xocalıda yaşayırdılar. İndi onların öz yurdlarına qayıtmaq məsələsi gündəmdədir. Ancaq görünən odur ki, xəstə ermənilər bunu həzm etmək istəmir. “Vestnik Kavkaza”nın düşmən elan edilməsinə gəldikdə isə, burada məsələ bir qədər fərqlidir. Çünki ermənilər adət ediblər ki, Rusiya mediası ancaq onları dəstəkləsin. Zatən rus mediası bu prinsipə sadiqdir. O üzdən, təşvişdə olan ermənilər Xankəndi ilə bağlı adi bir informasiyanın rus mediaında dərc olunmasını belə, faciə hesab edirlər. Ona görə heç bir əndazəyə sığmayaraq bu cür aqressiv çağrışlar edirlər”.
Partiya funksioneri hesab edir ki, ermənilər əvvəl-axır azərbaycanlıların Xankəndiyə qayıdışını əngəlləyə bilməyəcək.
Vidadi ORDAHALLI