“Azərbaycanla Ermənistan arasında müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb”.
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Ölkə başçısının sözlərinə görə, bir sıra çətinliklərə baxmayaraq, həqiqəti dünya birliyinə çatdırmağa nail olduq: “Münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə, təəssüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya ilə üzləşirdik. Buna baxmayaraq, biz Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aramsız səylərimiz sayəsində aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq. Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan təcavüzkar ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.
Həqiqətən də dünyanın bir sıra KİV-i 44 günlük müharibəni obyektiv işıqlandırmadı. Bir sıra hallarda informasiyalar birtərəfli və qərəzli formada təqdim edilirdi. Erməni lobbisinin təsir imkanları da bunda az rol oynamadı. Ancaq Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gəldi.
“Lakin bütün bunlara baxmayaraq, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdıra bildi”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, Prezidentin sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir: “Məsələ ondadır ki, 44 günlük müharibədə əsasən Türkiyə mediası baş verənləri obyektiv işıqlandırdı. Ermənistan ordusunun mülki obyektləri necə vəhşicəsinə atəşə tutduğunu, dağıntılar törətdiyini dünyaya çatdırdı. Baxmayaraq ki, bir sıra xarici ölkə diplomatları cəbhə bölgəsinə aparıldı və onlar nə törədilən dağıntıları gözləri ilə gördülər. Ancaq təəssüflər olsun ki, dünyanın aparıcı KİV-ləri bütün bunları görməzdən gəldi. Ermənistanın mülki obyektləri necə məhv etdiyini yetərincə işıqlandırmadı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdıra bildi. Cənab Prezident müharibə dövründə dünyanın 30-dan artıq aparıcı media qurumuna müsahibə verdi. Sözügedən müsahibələrdə Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı çox dolğun məlumatları dünya ictimaiyyətinə çatdırdı. Ancaq dünya mediası hər fürsətdə çalışırdı ki, ermənilərin mənafeyinə uyğun məlumatlar yayılsın. Bu cür birtərəfli yanaşma açıq-aşkar müşahidə edilirdi. Belə bir saxta rəy yaratmaq istəyirdilər ki, guya ermənilər məhrumiyyətlərə məruz qalırlar. Şuşada kilsəyə düşən mərmi ətrafında şou yaratdılar. Halbuki, bununla bağlı çox ciddi şübhələr var idi. Fakt ondan ibarətdir ki, həm Azərbaycan mediası, həm də sosial şəbəkələr davamlı olaraq həqiqətləri dünyaya çatdırdı. Hesab edirəm ki, dünya mediasının Qarabağ məsələsinə qərəzli münasibəti hər zaman olub, bundan sonra da olacaq. Ona görə də biz hər zaman buna hazır olmalıyıq. Bunda erməni lobbisinin müstəsna rolu var. Çünki onlar zaman-zaman yazıq erməni obrazını yaradıblar. Ona görə də bütün bu stereotipləri tamamilə silmək çətindir. Ancaq zamanla buna nail olacağıq”.
Media eksperti hesab edir ki, Azərbaycan informasiya cəbhəsində erməni yalanlarına qarşı mübarizəsini daha da gücləndirməlidir.
Vidadi ORDAHALLI