Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ara Ayvazyan və Ceyhun Bayramovla üçtərəfli görüş keçirməyə cəhd göstərsə də, bu mümkün olmayıb. Bunu o, Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasına gəldikdən sonra deyib:
"Hər iki nazir (Ermənistan və Azərbaycan nazirləri) mənimlə ünsiyyətdə olduqlarına görə, biz üçtərəfli - Avropa İttifaqı, Ermənistan və Azərbaycan arasında əlaqə yaratmağa çalışdıq. Bu mümkün olmadı, ona görə də mən hər iki nazirlə ayrılıqda görüşəcəyəm".
Maraqlıdır, Aİ komissarının cəhdini kim pozdu - Azərbaycan, yoxsa Ermənistan XİN rəhbəri?
“Ermənistan və Avropa İttifaqının iştirakı ilə üçtərəfli formatda görüşün alınmamasının birinci səbəbi bunun üçün əsasın olmamasıdır”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqınin xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrelin Azərbaycan və Ermənistan XİN rəhbərlərilə görüş təşkil etmək cəhdinin baş tutmaması doğrudur: “Jozep Borrel Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasında bildirdi ki, Azərbaycan, Ermənistan və Avropa İttifaqı üçtərəfli formatı alınmayıb və buna görə də hər iki nazirlə ayrıca görüşəcək. Bir gün sonra - 18 dekabr Aİ-nin Azərbaycanla əməkdaşlıq Şurasının analoji iclası keçirildi. Bu görüşlərdə Ermənistan və Azərbaycanı iki ölkənin XİN rəhbərləri təmsil edib. Avropa İttifaqınin xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrelin Azərbaycan, Ermənistan və Avropa İttifaqının iştirakı ilə üçtərəfli formatda görüşünün alınmamasının birinci səbəbi bunun üçün əsasın olmamasıdır. Yəni bu görüş üçün gündəlikdə duran əsaslar mövcud deyil. Noyabrın 10-da, təxminən 40 gün öncə Rusiyanın nail olduğu atəşkəs haqda razılaşma ilə Qarabağ konflikti bitdi. Konfliktin həllinə birbaşa təsir alətləri olmayan Avropa İttifaqı bu proseslərdə zaman-zaman Azərbaycanın xeyrinə ola biləcək bir sıra informativ və diplomatik addımlar atsa da, bunun ümumi nəticəyə heç bir təsiri olmadı. Yaydan başlayan hərbi təcavuz və diversiya hücumlarına 3-cü dəfədən sonra cavab verən Azərbaycan Ordusu müharibədə qalib gəldi. Sonrakı proseslər isə Rusiyanın təşəbbüsü və hər üç ölkə rəhbərinin razılığı ilə dayandı. Aİ bu proseslərdə olmadı. 44 günlük müharibədə və ondan sonra bugünə qədər keçən müddət ərzində Avropa İttifaqı və ona daxil olan qurumların, eləcə də bəzi Avropa ölkələrinin - Fransa, Niderlandın sərgilədiyi mövqelər sırf Azərbaycan əleyhinə səsləndi. Demokratiya, insan haqlarından danışanlar Gəncə, Bərdə və Tərtərdə mülki əhalimizə qarşı aşkar erməni terrorunu görməzdən gəldilər.
Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel həm də Aİ-nin ATƏT-in Minsk Qrupu formatını tam dəstəklədiyini və həmsədrlərin münaqişənin hərtərəfli və davamlı həllilə bağlı danışıqları davam etdirməsini gözlədiyini bildirdi. Amma reallıq ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun nizamlama mandatı olan konflikt mövcud deyil”.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bildirdiyi kimi, Dağlıq Qarabağ münaqişəsindən artıq keçmiş zamanda danışmaq olar: “Qarabağda atəşkəs davam edir və gündən-günə daha möhkəm olacaq. Bu baxımdan da belə bir görüşə daha çox Azərbaycanın razı olmadığı daha inandırıcı görünə bilər”.
Məhəmmədəli QƏRİBLİ