Azərbaycan şəhidlərinin anım günündə dünyada analoqu olmayan hadisə - bütün dinlər bir arada...

img

Dekabrın 4-də Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günü keçirildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Dekabrın 4-də ölkəmizdəki bütün dini məbədlər -  məscidlərdə, kilsələrdə, sinaqoqlarda eyni anda şəhidlərimizin xatirəsi anılıb, onların ruhlarına dualar oxunub, dini ayinlər icra edilib. Dünyanın ikinci belə bir ölkəsi yoxdur ki, bütün dinlər, konfessiyalar eyni anda dövlətçilik ətrafında bu şəkildə vəhdət təşkil edə bilir, birləşirlər.

  • Əhməd Qəşəmoğlu: ...bütün dinlərin şəhidlərin ruhu qarşısında vəhdət təşkil etməsi çox əlamətdar bir hadisədir

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu baki-xeber.com-a bildirdi ki, Azərbaycanda bütün dinlərin təmsilçilərinin belə bir şərəfli gündə Azərbaycan dövləti ilə həmrəylik nümayiş etdirməsi dünyada bənzəri olmayan bir nümunədir. “Vətən müharibəsi şəhidlərinin anım günündə eyni anda həm məsciddə, həm kilsədə, həm də sinaqoqda şəhidlərimizin ruhuna dualar oxunması və bütün dinlərin şəhidlərin ruhu qarşısında vəhdət təşkil etməsi çox əlamətdar bir hadisədir. Doğrudan da bizim ölkəmiz hər zaman bütün dünyaya elan edir ki, Azərbaycan bütün millətlərin, dini konfessiyaların, mehribanlıq, əmin-amanlıq içində yaşadığı bir ölkədir və bizdə xalqlar, dinlər arasında çox sıx dostluq əlaqələri var. Bunu təkcə biz demirik, bunu dünyanın mütərəqqi insanları da deyirlər. Əslinə qalsa, biz bununla dünya üçün bir model, örnək veririk. İndiki qloballaşma dövründə belə örnəyə çox böyük ehtiyac var. Çünki çox təəssüf ki, bir sıra ziyanlı tendensiyaların təsiri altında formalaşmış müasir dünya siyasəti elə bir şəkildə davam edir ki, xalqları bir-birinə qarşı qoyur” - deyə Ə.Qəşəmoğlu qeyd etdi.

  • Hacı Rüfət Qarayev: “Azərbaycanda mövcud olan dinlərarası sağlam mühitin, ab-havanın formalaşdırılmasında, inkişafında Prezident İlham Əliyevin böyük səy və zəhmətləri var”

Heydər məscidinin imamı, ilahiyyatçı hacı Rüfət Qarayev də baki-xeber.com-a şərhində bildirdi ki, ölkəmizdə dinlər arasında mövcud olan nümunəvi münasibətlər, əlaqələr, xalqımızın ən mühüm günlərində bütün dini konfessiyaların bir araya gələrək dövlətimiz, dövlətçiliyimiz ətrafında həmrəy olması, birləşməsi bütün dünyaya bir örnəkdir. “Azərbaycanda uzun əsrlərdən bəri dinlər, dini konfessiyalar arasında formalaşan tolerantlıq özü dünyaya bir örnək olub. Əsrlərdən bəri formalaşan mədəniyyətlərə baxdıqda görürük ki, onların əsası, kökü var. Milli mentalitetimizə, adət-ənənələrimizə baxırıq, bunu bizə öyrədən, təlqin edən ulu əcdadlarımız olub, bu gün də bunu böyüklərimiz öyrədir. Onların da həyatında bu gözəl dəyərlərin yaşandığını görürük. Bu dəyərlər İslam dininə söykənir. Azərbaycan xalqının böyük əksəriyyətini müsəlmanlar təşkil edir. İslamda olan insanlar isə İslam necədirsə, o cür yaşamaq istəyirlər. İstər sünni, istərsə də şiə olsun, əsas götürülən Qurani-Kərim olub, Peyğəmbərimizin hədisləri, Əhli Beytin, sahəbələrin həyatı olub. Onlar necə İslamı yaşayıblarsa, bizim böyüklərimiz də, biz də İslamı o cür yaşamağa çalışmışıq. Böyüklərimiz, alimlərimiz müştərək, vəhdət şəklində İslamı bizə bu cür çatdırıblar. İslamın özündə birlik, bərabərlik, sülh, əmin-amanlıq var, Qurani-Kərim bizi birliyə, vəhdətə, qardaşlığa çağırır, Peyğəmbərimizin hədisləri bizə vətənin dəyərini bildirir. İslamda həm də başqa dinlərə hörmət və ehtiram var, eyni zamanda da İslamın içində heç bir parçalanmaya yer yoxdur. Baxmayaraq ki, İslamı düzgün yaşaya bilməyən adamlar bölücülüyə çağırırlar, vətən məsələsində müxtəlif düşüncəyə sahib ola bilirlər. Amma Qurani-Kərimin buyurduğu, Peyğəmbərimizin bizə öyrətdiyi İslamı yaşayan, örənən insanlar üçün, təbii ki, vətən, din məsələsi mühümdür və biz müsəlman olaraq digər dinlərin nümayəndələrinə hörmətlə, ehtiramla yanaşırıqsa, təbii, onlar da bizə qarşılıq verirlər. Ona görə də bizim böyük bir xalq olaraq, tarixi keçmişinə bağlı olan bir millət olaraq bu gün o dəyərlərimizi yaşatmağımız, Peyğəmbər və sahəbələr dövründə olduğu kimi, bir-birimizə hörmət və ehtiramımız, vətənimizə münasibətimiz, sevərək vətən uğrunda canımızı fəda etməyimiz dinimizdən və milli soykökümüzdən qaynaqlanan bir məsələdir. Bu gün bizim başqa dinlərin nümayəndələrinə bəslədiyimiz hörmət göz qarşısındadır. Onlar da bu vətəndə yaşayırlar, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Dövlət tərəfindən sinaqoqlara, kilsələrə hörmət, ehtiram, qayğı bəslənir, onların rahatlıqla  ibadət etmələri üçün bütün lazımi şərait yaradılıb. Bütün bu amillər ölkəmizdəki digər dini konfessiyalar üçün bir vətən anlayışı formalaşdırıb ki, Azərbaycan onların da vətənidir, ona görə də onların da bizimlə birgə vətənin müdafiəsi üçün dövlətimizlə həmrəylik nümayiş etdirməsi, bir yumruq kimi dövlətçiliyimiz ətrafında birləşməsi bir zərurətə çevrildi. Ələbəttə, Azərbaycanda mövcud olan dinlərarası sağlam mühitin, ab-havanın formalaşdırılmasında, inkişafında Prezident İlham Əliyevin böyük səy və zəhmətləri var. Eyni zamanda, ölkəmizdə yaranan şərait bizim bir olmağımıza, bir yumruq kimi birləşməyimizə böyük zəmin yaradıb” - deyə R.Qarayev qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər