Alban-udi xristian icması Kəlbəcərdəki halal dini miraslarına sahib çıxır, lakin Xudavəngdəki erməni keşişlər...

img

Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərdə səfərdə olublar. Onlar səfər çərçivəsində Xudavəng monastır kompleksini də ziyarət ediblər.

Ziyarət zamanı monastırda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb. Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər.

Çox maraqlıdır ki, Alban-udi xristian icmasının Kəlbəcərdəki halal dini miraslarına sahib çıxmasına da ermənilər mane olur. Bu amil ermənilərin qeyri-tolerant olmalarının növbəti nümayişi sayıla bilərmi?

“Özü də təsəvvür edin, indi ermənilər orada hansı ibadəti edib hansı duaları edəcəklər...”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Kəlbəcərdə yerləşən Xudavəng və digər çoxsaylı məbədlər Alban abidələridir və bu, tarixi, hüquqi, dini cəhətdən sübut olunub: “Əsla ermənilərə aidiyyəti yoxdur. Məsələ aydındır: onlara sülməramlılar icazə verib. Mən bu icazənin hansı humanist qarşılıq nəticəsində verildiyini, açığı bilmirəm. Amma nəticə ondan ibarətdir ki, ermənilər orada həyasızlıq edərək albanların varisləri hesab edilən udiləri monastırın içərisinə buraxmayıblar. Hətta dövlət televiziyamızın içəridə çəkiliş aparmasına imkan verməyiblər. Kəlbəcər bizimdir, onun ərazisində yerləşən bütün abidələr də bizimdir, orada erməninin izi-tozu da olmamalıdır. Əgər qarşılıqlı anlaşma zəminində ermənilərə də bir xristian kimi ibadətə izn verilibsə, onda bizə də İrəvan Cümə məscidində ibadət etməyə ermənilər icazə versin və sülməramlılar bunu təmin etsin. Əks halda bu məsələ çox hiddətdoğurucudur. Özü də təsəvvür edin, indi ermənilər orada hansı ibadəti edib hansı duaları edəcəklər? Məlumdur, bizim məhvimiz, türk dünyasının pisliyi, özlərinin təzədən geri qayıtmaları kimi dua edirlər, bizə öz torpağımızda, öz ibadət məkanımızda nifrin edirlər  və buna da biz icazə veririk. Hesab edirəm, bu tam yanlış bir addımdır. Hansı yöndən olsa belə bu doğru deyil. Çünki nəticəsi göz qabağındadır ki, öz vətəndaşlarımız olan udiləri icazə ilə gələn ermənilər kilsəyə buraxmır. Onlar ona görə oraya gəlib-gedirlər dünyaya mesaj versinlər ki, guya bu kilsə onlarındır. Əgər onların olmasa idi Azərbaycan onlara ibadət üçün icazə verməzdi. Erməni məkrinə aldanmaq doğru deyil. Bu, eyni zamanda, udi dini icmasının hüquqlarının pozulmasıdır”.

Ekspertin sözlərinə görə, bununla ermənilər nə qədər vəhşi, digər dinlərə qarşı nə qədər qeyri-tolerant  xalq olduqlarını bir daha sübut etdilər.

Məhəmmədəli QƏRİBLİ

 

 

Son xəbərlər