Avroittifaqın diplomatiya rəhbəri Qarabağda fəal Türkiyə-Rusiya əməkdaşlığından qıcıqlandı - Qarabağ "Astanalaşır" nə deməkdir...

Mübariz Əhmədoğlu: "“Bu, daha şox, Avroittifaqın Türkiyəyə neqativ münasibətindən irəli gəlir”

img

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel bildirib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ, Suriya və Liviyada münaqişələrdə "astanalaşır" (Suriyada nizamlanma üzrə Astana formatı ilə analogiya), yəni Aİ-ni nizamlanma prosesindən sıxışdırır.

Aİ rəmisi bunu belə əsaslandırıb: “Dağlıq Qarabağ kimi münaqişələrdə biz regional münaqişələrin "astanalaşma" (Suriya üzrə Astana formatına uyğun) formasını müşahidə edirik. Bu, Avropanın Rusiya və Türkiyənin xeyrinə regional münaqişələrin nizamlanması prosesindən çıxarılmasına aparır. Aİ İttifaqın maraqlarının risq altında olduğu yerlərdə olmalıdır. Ona görə də biz öz potensialımızdakı bir çox boşluqları aradan qaldırmalıyıq, həmçinin maraqlarımızın risq altında olduğu yerlərdə fəal iştirak etməliyik”.

Bu neçə ili Aİ-nin Qarabağ münaqişəsinin həlli ilə fəal iştirak etməsinə kim mane oldu? Məgər Aİ bu yöndə ciddi səy göstərdimi ki, indi belə narahat olmağa başlayıblar? Əksinə, Azərbaycan hər zaman maraqlı olub ki, Aİ münaqişənin həllində daha fəal və yaxından iştirak etsin. İttifaq isə heç vaxt bunda maraqlı olmayıb. Hesab edirdilər ki, Aİ-nin aparıcı dövlətlərindən olan Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu üçün əlavə nəyəsə ehtiyac yoxdu. Halbuki, bu cür yanlış yanaşma səbəbindən uzun illər idi münaqişənin həlli yerində sayırdı. İndi Rusiya ilə Türkiyənin məsələnin həlli ilə bağlı ciddi addımlar atdığı bir vaxtda Aİ narahat olmağa başlayıb.

O baxımdan Aİ rəsmisinin məlum yanaşması nə dərəcədə ədalətlidir?

“Belə yanaşma reallığa uyğun deyil və ədalətdən uzaqdır”

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Aİ rəsmilərinin belə açıqlamalarla çıxış etməsi Türkiyə ilə bağlıdır: “Əvvəla, son illər Avropa İttifaqının nəinki Qarabağ, digər məsələlərdə də mövqeyində ədalətli yanaşma yoxdur. Bəlli olur ki, Donbas məsələsi ilə əlaqədar yaradılan Normand formatında da Fransa obyektiv mövqedən çıxış etmir. Rusiya bununla bağlı Fransadan narazıdır. Aİ-nin Qarabağ məsələsində mövqeyinə gəldikdə isə, burada bir neçə istiqaməti ayırmaq lazımdır. Əvvəla, ümumilikdə Aİ-nin Azərbaycana münasibəti yaxşıdır. Son dövrlər Fransa ilə ABŞ-ın aşırı ermənipərəstliyini cilovlayan məhz Borreldir. Baxın, xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da olarkən keçirdiyi görüşlərdən sonra Dövlət Departamenti Qarabağ məsələsi ilə bağlı bəyanat verdi. Daha sonra Aİ ABŞ-ı vadar etdi ki, ikisi birlikdə bəyanat versinlər. Yəni Aİ ilə ABŞ-ın birgə bəyanatı daha çox Azərbaycanpərəst idi. Hesab edirəm ki, bu, Borrelin xidməti idi. Çünki Borrel heç vaxt açıq-aşkar ermənipərəst mövqe sərgiləməyib. Onun son açıqlamasına gəldikdə isə, bu, daha şox, Aİ-nin Türkiyəyə neqativ münasibətini göstərir. Onlar Türkiyənin sözügedən məsələdə artan rolundan narahatdırlar. İndi iş elə gətirib ki, Aİ bir tərəfdən zəifləyib, Türkiyə güclənib. Düzdür, Türkiyə daxilində də müəyyən iqtisadi problemlər var. Ancaq son 3-4 ildə Türkiyədə inkişaf daha çoxdur, Avropada isə geriləmə müşahidə edilir. Bu gün Türkiyənin güclənməsi, Aİ-nin zəifləməsi bəzi Avropa ölkələrində xoflanmaya səbəb olub. Bu səbəbdən onlar Türkiyə-Rusiya əməkdaşlığından narahat olur və Qarabağda görülən işlərin əleyhinə çıxırlar. Guya bu dövlətlərin Qarabağ münaqişəsini həll etməsi Aİ-nin ziyanına olacaq. Belə yanaşma reallığa uyğun deyil və ədalətdən uzaqdır”.

Politoloq hesab edir ki, bir sıra maneələrə baxmayaraq, Qarabağ məsələsi öz ədalətli həllini tapacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər