“Mən Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində xidmət etmişəm. Bu müddətdə nümunəvi xidmətlərimə görə dəfələrlə komandanlıq tərəfindən tərifnamə ilə, ulu öndər Heydər Əliyev tərəfindən Fəxri Fərmanla və mükafatla təltif olunmuşam.
Erməni təcavüzkarlarının əsrlərdən bəri davam edən yersiz torpaq iddiaları, bütöv Ermənistan yaratmaq xülyası, soyqırım hadisələri, terror aktları, 30 ilə yaxın Azərbaycanın Dağlıq Qarabağ hissəsinin işğalı və bu işğal nəticəsində bir milyon qaçqının öz ulu torpaqlarından didərgin düşməsi bizim içimizdə hər zaman, hər an qisas hissini, intiqam atəşini alovlandırıb. Erməni işğalçılarının torpaqlarımızı zəbt etməsi azmış kimi, təxribatlar törətməsi, neçə-neçə günahsız insanları qətlə yetirməsi, Azərbaycan torpaqlarını özününküləşdirmək sevdası artıq bizim də səbrimizi tükəndirdi. İyul hadisələri, son olaraq 27 sentyabr təxribatları bizim 30 ildən bəri davam edən səbrimizin son damlası oldu. O mübarək zamanın gələcəyini - şəhidlərimizin qanının yerdə qalmayacağı, günahsız insanların qisasının alınacağı günü səbrsizliklə gözləyirdik. Nəhayət, o gün gəldi... Hazırda məhkum həyatı yaşayıram. Sizin hər bir əmrinizi böyük sevinc, qürur və iftixar hissi ilə qarşılayıram. Vətənin bu ağır və şərəfli günündə, ürəklərin cəbhə üçün, torpaq üçün döyündüyü vaxtda, hamı bir nəfər kimi “Qarabağ!” deyərək mübarizə apardığı bir zamanda mən də bir Azərbaycan vətəndaşı kimi ürəyimdəki bu sevgini Qarabağ torpağında bölüşmək, içimdəki torpaq yanğısını tökülmüş şəhid qanı ilə yumaq, işğal altında olan torpaqlarımızı yağı düşməndən təmizləmək, illərdən bəri həsrətlə baxdığımız Qarabağ torpağında üçrəngli bayrağımızı dalğalandırmaq, bu Vətən qarşısında müqəddəs borcumu yerinə yetirmək, Vətən uğrunda tökəcəyim son damla qanımdan, canımdan keçmək, bir ömürlük arzuladığım xoşbəxtliyi yaşamaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüşməyə hazıram.
Yürütdüyünüz daxili və xarici siyasətinizi, yüksək idarəetmə bacarığınızı, liderlik xüsusiyyətlərinizi alqışlayıram, bu şərəfli işdə və yolda Sizə uğurlar arzulayıram.
Bayrağı bayraq edən üstündəki qandır!
Qarabağ Azərbaycandır!”.
Bunu Şəki şəhərindən məhkum Məmmədov Elçin Vaqif oğlu Prezident İlham Əliyevə müraciətində bildirir.
Baki-xeber.com