8 noyabr tarixində Qarabağın tacı sayılan qədim Şuşa şəhəri Azərbaycan Ordusu tərəfindən düşmən işğalından azad edildi.
Şuşa şəhərinin işğaldan azad olunması xəbəri yayılan kimi bu bölgənin sosial, iqtisadi, elmi, mədəni inkişafı ilə bağlı müxtəlif təkliflər, fikirlər səslənir. Belə təkliflərdən biri də Şuşada Qarabağ Universitetinin yaradılmasıdır.
Qeyd edək ki, bir neçə il öncə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri Zahid Oruc Bərdədə Qarabağ Dövlət Universitetinin yaradılması ideyasını irəli sürmüşdü. Məqsəd Qarabağın Azərbaycana aid olduğunu dünyanın həm də təhsil ictimaiyyətinə çatdırmaq idi. Artıq o xoş gün gəlib, Şuşa şəhəri yenidən öz sahibindədir.
Sosial Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri, deputat Zahid Oruc bildirdi ki, Qarabağ regionunun bütövlükdə yenidən qurulması, hər bir kəndin, qəsəbənin, şəhərin sistemli və nizamlı qaydada yaradılması, infrastrukturun formalaşmasından sonrakı dövrdə elm-təhsil bazasının möhkəmləndirilməsi ən ümdə vəzifələrdən birinə çevriləcək: “Qarabağda güclü elmi bazanın olmasından sonra yetkin alimlər, təhsilli tələbələr formalaşacaq. Ermənistan hərbi savaşı məğlubiyyətlə başa vurandan sonra təslimçilik aktını imzalayıb-imzalamayacağından asılı olmayaraq, gələcəklə bağlı yenə də xəyallar quracaq.
Faktiki olaraq, 1990-cı ildən sonrakı dövrdə guya torpaq qazandığını dediyi halda, bu cür qalibiyyət vəziyyətində bölgədə heç bir üstünlüyə nail ola bilmədi. Nə iqtisadi, nə siyasi, nə hərbi, nə də elmi cəhətdən biz bunu görə bildik”.
Həmsöhbətimizin sözlərinə görə, Xankəndidə ermənilərin guya xüsusi universiteti fəaliyyət göstərirmiş: “O universitet heç bir cəhətinə görə cazibədar deyildi. Erməni gəncləri öz həyatlarını ora bağlamırdılar. Bu, İrəvan rejiminin avantürası idi. Guya bu və ya digər formada Ermənistana axının qarşısını alacaqdılar. Ancaq bu olmadı. Qarabağ öz inkişafına görə ancaq Azərbaycana borclu olub. 1921-cı ildə - savaşların ən ağır dönəmində 26 Bakı komissarları içərisində erməni təmsilçiləri onu dərk edərək demişdilər ki, qoy Azərbaycan Qarabağı inkişaf etdirsin. Gələcəkdə guya bunlar üçün əlverişli zəmin yetişəcək. Tarix sübut etdi ki, onlar öz məntiqlərində yanılıblar”.
STM sədri Qarabağın bütövlükdə gələcəyinin, o cümlədən də təhsilinin yalnız Azərbaycana bağlı olduğunu vurğuladı: “Ali Baş Komandanın da dediyi kimi, biz o yerlərə geri dönəcəyik. Bizim insanlarımız orada qurub-yaradacaq. Hətta orada doğulmayan gəncimiz Qarabağa qayıtmaq uğrunda mübarizə aparır. O gənclərimiz bu gün tank üstündədirlər. Raketləri idarə edirlər. Biz gələcəkdə əsgərlərdən sədd çəkməkdən daha çox elm, təhsil və biliklə sədd çəkməyi bacarmalıyıq. Ümid edirəm ki, həm xaricdə, həm də daxildə yaşayan elm adamlarının təcrübələri, startapları o bölgədə tətbiq olunacaq. Eyni zamanda, Şuşada, Xankəndidə universitetlərin yaradılması üçün möhkəm təməllər də bilavasitə Ali Baş Komandanımız İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın fədakar əməyi ilə qoyulacaq. Bu təməllər Azərbaycanın dayağını orada möhkəmləndirəcək. İşıqlı gənclərimizi, gələcək nəsillərimizi formalaşdıracaq”.
Günel CƏLİLOVA