Şuşa şəhərinin işğaldan azad edilməsi ölkə əhalisi tərəfindən böyük coşqu ilə qarşılanıb. İstər paytaxtda, istərsə də bir çox bölgəmizdə sakinlər qələbə xəbərini sevinc və qürur hissi ilə qeyd ediblər.
Belə sevinc nümayişlərindən biri də Bakı şəhərində olub. Bir qrup paytaxt sakini mərkəzi küçələrin birində Şuşanın işğaldan azad edilməsi xəbərinin sevinci ilə yürüş təşkil edib.
8 noyabr tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandanımız, müzəffər ordumuz xalqımıza bu böyük qələbənin sevincini yaşatdı. Düşmən isə bu qələbəmizdən çox sarsıldı, acı məğlubiyyətin təsirindən yəqin ki, uzun illər çıxa bilməyəcək.
8 noyabr tarixində Prezident, Ali Baş Komandan İlham Əliyevin bu müjdəni xalqa çatdırması insanlarımıza böyük qələbə sevinci yaşatdı, təkcə Azərbaycanda deyil, bütün dünyada soydaşlarımız bu qələbəni böyük sevinc və fəxrlə qeyd etdilər.
Bu günə qədər əldə edilən qələbələr və bundan sonrakı günlərdə işğal edilmiş bütün ərazilərin azad edilməsi ilə bağlı qələbə xəbərləri Azərbaycanın gələcək möhtəşəm inkişaf yolunun ilk müjdələridir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirdi ki, Ali Baş Komandanın rəhbərliyilə qəhrəman Azərbaycan Ordusu 28 illik işğaldan sonra qədim Azərbaycan şəhəri Şuşanı işğaldan azad etdi: “Prezident İlham Əliyev bu illər ərzində dünyanın məlum gücləri qarşısında qətiyyət, cəsarət göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədi və bütün beynəlxalq kürsülərdə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim əsas məqsədimizdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir”.
Günel CƏLİLOVA