Azərbaycanın qürur və mərdlik simvolu olan Şuşa şəhəri 27 illik fasilədən sonra öz sahibinə qovuşdu. Azərbaycan Ordusu Şuşanı erməni işğalından azad etdi. Ancaq Şuşanın düşməndən geri alınması hərbi cəhətdən asan əməliyyat olmayıb.
Çünki həmin şəhərin yerləşdiyi coğrafi mövqe və relyef əməliyyatın asanlıqla həyata keçirilməsinə imkan vermirdi. Şuşa ilə bağlı Azərbaycanın həyata keçirdiyi əməliyyat hətta xarici jurnalistləri və hərb mütəxəssislərini dərindən təəccübləndirib.
Rusiya mediası yazır: "Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar..."
Hərbi ekspert Aleksey Arestoviç əlavə edir: "Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artilleriyasız şəhər aldılar".
Bir sıra hərbi ekspertlər hesab edirlər ki, Şuşanın azad olunması bizə Laçın dəhlizinə aparan yola nəzarəti təmin etdi. Bu gün Azərbaycan Ordusu cəbhənin sol istiqamətini nəzarətimizdə saxlayır. Cənub istiqamətdən Hadrut artıq azad olunub. Yəni Şuşaya cənubdan təhlükə yoxdur. Həmçinin, şərq cəbhəsi də durmadan irəliləyir. Şuşa önümüzdəki əməliyyatlar üçün açılan pəncərə və qapıdır. Buna görə Şuşaya açar nöqtə deyilir. Şuşa həm də Xankəndinin üzərində yerləşir. Bu amil ordumuzun həmin istiqamətdə hərəkətini asanlaşdırır.
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında ordumuzun keçirdiyi Şuşa əməliyyatının unikallığından danışıb. Onun sözlərinə görə, bu məqsəd hərbi əməliyyatlar başlayan gündən bizim qarşımızda qoyulan strateji hədəf olub: “Bu əməliyyat Azərbaycan Ordusu tərəfindən çox böyük uğurla həyata keçirildi. Onun taktiki tərəfi dərindən araşdırılacaq. Birincisi, Azərbaycan Ordusu Şuşada Ermənistan ordusunun 1000-dən artıq şəxsi heyəti sıradan çıxarılıb. Həmin əməliyyatın detallarından biri də budur ki, Şuşa-Xankəndi, Şuşa-Laçın və Şuşa-Xocavənd yolu bağlandı. Azərbaycan Ordusu bu istiqamətlərdə Ermənistan Ordusunun təminat və təchizatının qarşısını ala bildi. Bu, Azərbaycanın xüsusi təyinatlı qüvvələri ilə artilleriya birləşmələrinin əlaqəli şəkildə fəaliyyəti nəticəsində mümkün oldu. Bununla da Şuşa şəhərindəki Ermənistanın hərbi birləşmələri artıq dəstəksiz qaldılar. Buna baxmayaraq, onlar Şuşanı əldən verməmək üçün bütün mümkün vasitələrdən istifadə etdilər. Sırf Şuşanın azad edilməsi əməliyyatında Azərbaycan Ordusu ağır zirehli texnikadan istifadə edə bilmədi. Çünki Şuşanın üç əsas qapısı var. Hər üç istiqamətdə olan təchizat yolu bağlansa da, Şuşaya texnikanın dəstəyilə quru qoşunların keçid etməsi olduqca çətin idi. Hətta dünya mətbuatında da göstərilir ki, Azərbaycanın xüsusi təyinatlıları qayaları və dağ örtüklərini çox çətinliklə qalxaraq, Şuşaya girməyi bacardılar. Bundan sonra şəhərdə küçə döyüşləri getdi. Ordumuz şəhəri küçə-küçə təmizlədi. Çoxları deyirdi ki, Şuşanı yalnız havadan desant tökməklə azad etmək olar. Lakin ordumuz unikal bir əməliyyatla bu ehtiyacın olmadığını sübut etdi. Yəqin ki, gələcək hərb dərsliklərində bu əməliyyata xüsusi yer veriləcək. Detallarını tam açıqlamaq olmur. Yalnız onu deyə bilərəm ki, ordumuz Şuşaya hər üç istiqamətdən girə bildi. Hətta erməni mənbələri də təsdiqləyirlər ki, Azərbaycan əsgərləri orada əsl fədakarlıq nümayiş etdiriblər. Şuşanın işğaldan azad olunması çox əhəmiyyətlidir. Bundan sonrakı proseslər də ordumuzun tam üstünlüyü ilə davam edəcək”.
Ekspertin sözlərinə görə, bu qələbənin bizim üçün həm də böyük mənəvi-psixoloji əhəmiyyəti var.
Məhəmmədəli QƏRİBLİ