Məlum olduğu kimi, Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşa şəhəri şanlı ordumuz tərəfindən azad edilib. Düz 28 il 6 ay idi ki, bu qədim şəhər erməni işğalı altında idi.
Şuşa şəhərinin işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında həlledici məqamdır. Məsələ ondadır ki, bu qədim Azərbaycan şəhəri Qarabağın qapısı sayılır. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayacaq. Şuşanın alınması İkinci Qarabağ savaşında Azərbaycanın tam qələbəsinə təminat yaradır. Çünki bir sıra müşahidəçilər hesab edirlər ki, Şuşa kimdədirsə, diqtə edən tərəf də odur. Bu isə o deməkdir ki, son 30 ildə ağrılı Qarabağ problemində Azərbaycan diqtə edən tərəf oldu. Bütün bunlar isə Ermənistanın yaxın günlərdə kaputilyasiyaya hazır olduğunu etiraf edəcəyindən xəbər verir. Çünki Şuşa Ermənistanla Xankəndi və ermənilərin yaşadığı digər məntəqələr arasında bir qaladır. Artıq Ermənistan ordusu Qarabağda mühasirə şəraitindədir. Ona görə da zəif təminatı olan Ermənistan ordusunun bundan sonra qüdrətli ordumuz qarşısında hansısa müddətə duruş gətirəcəyi real görünmür. Ən başlıcası, Şuşanın itirilməsinin erməni silahlı qüvvələrində güclü ruh düşkünlüyü yaradacağı istisna deyil.
Maraqlıdır, bütün bunları ekspertlər necə dəyərləndirirlər? Şuşanın azad edilməsi düşmənin kütləvi mənəvi-psixoloji sarsılmasında və digər işğal altında olan ərazilərin daha tez azad edilməsində necə təkanverici rol oynayacaq?
“Ermənistan ordusunda böyük ruh düşkünlüyü yaranıb və bunun daha da genişlənməsi qaçılmazdır”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Şuşanın azad edilməsi bütün mənalarda düşmənin uduzmasını sürətləndirəcək: “Məsələ ondadır ki, Şuşa əhəmiyyətinə görə Dağlıq Qarabağın paytaxtıdır. Şuşa təkcə musiqi məbədi deyil. Bu şəhər həm də hərbi, taktiki və strateji baxımdan Azərbaycan üçün mühüm önəm daşıyır. Çünki Şuşa çox strateji əhəmiyyətli bir məkanda yerləşir. Şuşa şəhərinin şimal hissəsi istisna olunmaqla, cənub, qərb və şərq tərəfdən qayalarla mühafizə olunur. Burada dəniz səviyyəsindən ən aşağı hündürlük 1300, ən yuxarı hündürlük isə 1600 metr təşkil edir. Şuşadan Xankəndiyə ölkə başçısının dediyi kimi, bir nəfəs qədər yaxınlıq var. Eyni zamanda, Laçının taleyinin həll olunmasında Şuşanın azad edilməsinin çox böyük əhəmiyyəti var. Bir sözlə, Şuşanın azad edilməsi ermənilər üçün sonun başlanğıcıdır. Çünki ora elə bir strateji əhəmiyyətli məntəqədir ki, artıq Xankəndini, Əsgəranı, Ağdamı və digər əraziləri azad etmək çətin olmayacaq. Ermənistan ordusunda böyük ruh düşkünlüyü yaranıb və bunun daha da genişlənməsi qaçılmazdır. Digər tərəfdən, artıq Ermənistan ordusunun maddi-texniki bazası, hərbi infrastrukturu məhv edilib. Şuşanın azad edilməsi işğal altında olan digər ərazilərin xilas edilməsini sürətləndirəcək”.
Hərbi ekspertin fikrincə, bundan sonra ermənilərin Qarabağda duruş gətirəcəyi real deyil.
Vidadi ORDAHALLI