Ermənistanda koronavirusla yarıtmaz mübarizəyə növbəti sübut - yoluxanlar 25 minə çatır - “qırmızı zona”...

Ermənistanda koronavirusa yoluxanların sayının sürətlə artması bu ölkənin region və bölgə üçün “qara bəlaya” çevrildiyini şəksiz ortaya qoyur. Bu ölkədə son sutka ərzində virusa yoluxanların statistikasına baxsaq görərik ki, Ermənistanda sutka ərzində daha 736 nəfər koronavirusa yoluxub.
Erməni KİV-nin yaydığı məlumata görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 24 min 645 olub. Sutka ərzində daha 6 nəfərin ölümü ilə epidemiya qurbanlarının sayı 426 nəfərə yüksəlib.
Qeyd edək ki, martın 16-dan iyulun 13-dək Ermənistanda fövqəladə vəziyyət elan olunub.
Gördüyünüz kimi, bu ölkədə virusa yoluxanların sayı rəsmən 25 minə yaxınlaşır. Ekspetlər qeyd edirlər ki, Ermənistan hökumətinin yarıtmaz fəaliyyəti nəticəsində bu ölkədə fəlakət yaşanır. 2 milyona yaxın əhalisi olan bir ölkədə virusa yoluxanların sayının 25 minə yaxınlaşması beynəlxalq təşkilatları, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatını hərəkətə keçməyə vadar etməlidir.
Ermənistanın “qırmızı zona” elan edilməsinin tam zamanı olduğunu deyən ekspetlər hesab edirlər ki, bu ölkə bu günlərdə xüsusi təhlükəli ölkə kimi elan olunmasa, fəlakət daha geniş miqyas alacaq.
- “Amma təəssüf ki, hələ də Ermənistan “qırmızı zona” elan edilməyib”
“Novoye vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, gecikmədən ÜST bu barədə qərar verməlidir. Ermənistanın son vəziyyətlə bağlı real nəticəni gizlətdiyini və bununla da ÜST-in diqqətini yayındırmağa çalışdığını deyən Ş.Ağayev vurğuladı ki, bu ölkənin vəziyyəti bütün region, qonşu dövlətlər və dünya üçün yeni təhlükələr, fəlakətlər vəd edir. “Ermənistanda virusa yoluxanların sayının 25 minə yaxınlaşması ÜST-in bu ölkə ilə bağlı qərar verməsinə, bu ölkənin “qırmızı zona” elan etməsinə əsas verir. Amma təəssüf ki, hələ də Ermənistan “qırmızı zona” elan edilməyib. Fakt budur ki, Ermənistanda virusa yoluxanların sayı sürətlə artır və hökumət bu hala qarşı heç bir mübarizə tədbiri aparmır. Burada başlıca məqam bu ölkənin iqtisadi və siyasi cəhətdən iflic vəziyyətdə olmasıdır. Bu ölkənin “qırmızı zona”ya salınması məqamı tam yetişib. Hesab etmirəm ki, bu ölkəni “qırmızı zona”ya daxil edəcəklər. Çünki Ermənistana dünya dövlətlərində, Avropa və Qərb dövlətlərində xüsusi bir simpatiya var. Bu ölkə nə edirsə etsin, hansı qanunsuzluğa yol verirsə versin, ona qarşı heç bir təpki göstərilmir, heç bir cəza tədbiri görülmür, sanksiya qəbul olunmur. Ermənistan bir ölkə kimi cəzasızlığını hiss edir və istədiyi fəaliyyəti göstərir. Bu ölkə dünya qanunlarını tanımadığı, beynəlxalq qanunları pozduğu halda onu cəzalandırmırlar. Bunun bariz nümunəsi odur ki, 30 ildir Azərbaycan torpaqlarını işğalda saxlamasına baxmayaraq, Ermənistanı işğalçı dövlət kimi tanımırlar. Bütün dünya da bunu bilir, amma Ermənistanı işğalçı dövlət kimi tanımırlar. Bütün dövlətlər bizə deyirlər ki, ərazi bütövlüyünüzü tanıyırıq, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bunu tanıyırsınızsa, bəs onda nə üçün işğalçı dövlətə qarşı sanksiya tətbiq etmirsiniz? Böyük dövlətlərə, Rusiya kimi dövlətə sanksiya tətbiq edilir, amma bir ovucluq Ermənistana yox. Çin kimi böyük dövlətə qarşı sanksiyalar hazırlanır. Eləcə də qardaş Türkiyəyə. Amma Ermənistana qarşı heç kim heç nə etmir. Sanki hər kəs Ermənistanı əlində bir alət, çomaq kimi saxlayaraq ondan istifadə edir. Faşist Njdeyə abidə qoyur, faşizmi, nasizmi təbliğ edir, heç kəs bir söz demir, onu cəzalandırmır. Azərbaycanlılara qarşı soyqırımlar törədib, amma bunun cəzasını hələ də almayıb. Təbii, Ermənistanın “qırmızı zona” elan edilərək cəzalandırılacağını gözləmirəm”.
Ş.Ağayev qeyd etdi ki, müxtəlif dövlətlərin əlində alətə çevrilən Ermənistanın cəzalandırılması vacib olduğu halda, əksinə, ona pul yardımı edirlər. “Ermənistan kimi bir terrorçu, faşist dövlət də bu yardımlardan, ianələrdən bəhrələnir və qanunları pozmaqda davam edir. Ona görə də hesab edirəm ki, Ermənistan başqa dövlətlərin əlində başqa dövlətlərə qarşı bir alət, bir vasitə olduğu üçün, onun “qırmızı zona”ya salınması baş verməyəcək” - deyə Ş.Ağayev vurğuladı.
Ekspertin də fikrindən açıq göründü ki, daim özünü cəzasızlıq şəraitində hiss edən Ermənistan xarici havadarlarının dəstəyilə “qırmızı zona”dan “can qurtara” bilər. Amma, bütün hallarda, reallıqda bu ölkənin təhlükəli ölkə elan edilməsinə ciddi zərurət var.
İradə SARIYEVA