10/07/2020 04:18
728 x 90

Ermənistan əhalinin rəsmi sayı ilə də dünya fikrini manipulyasiya edir - cəmi 2 milyon...

Azər Həsrət: “Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün Ermənistanın 2 milyon civarında əhalisi qalıb”

img

“...Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə, əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır. İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara – özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır. Ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır”.

Bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı deyib.

Heç şübhəsiz ki, Ermənistan əhalinin real sayını gizlətməklə, əslində, ölkədəki demoqrafik fəlakəti ört-basdır etmək istəyir. Bu ölkənin rəsmi statistikasına görə, guya ölkə əhalisinin sayı 3 milyondur, əslində isə bu, yalandan başqa bir şey deyil.

  • “İnsanların bu ölkənin perspektivinə inamsızlığı ona gətirib çıxardı ki, ağlı başında olan və bir bilet pulu tapan hər kəs Ermənistanı tərk etdi”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda demoqrafik problem çox ciddidir və hökumət əhali sayı ilə bağlı yalan məlumatlar yayır. A.Həsrət vurğuladı ki, ümumiyyətlə, Ermənistanın əhali sayı ilə bağlı problem çoxdan gündəmdədir. “Bilirsiniz ki, SSRİ dağıldıqda Ermənistanda əhalinin sayı 3 milyon civarında idi.

Bu ölkənin rəsmi 2,7 milyon əhalisi vardı. Azərbaycanın isə 7 milyon əhalisi vardı. Sonrakı proseslər ona gətirib çıxardı ki, Ermənistan normal insanların yaşaya bilməyəcəyi bir ölkəyə çevrildi. Yəni kasıblıq, ölkənin daim təzyiq altında olması özəlliklə də sərhədlərinin qapalılığı, insanların bu ölkənin perspektivinə inamsızlığı ona gətirib çıxardı ki, ağlı başında olan və bir bilet pulu tapan hər kəs Ermənistanı tərk etdi. Bu gün Ermənistan SSRİ dağıldıqdan sonra olan əhalisinin sayını qoruyub saxlaya bilməyib. Yəni bu ölkədə əhali sayı get-gedə azalır. Üstəlik də nəzərə almalıyıq ki, Ermənistan əhalisinə “Dağlıq Qarabağ erməniləri” də əlavə olunub. Əslində, bununla əhali sayında bir qədər artım olmalı idi. Lakin bu da baş verməyib. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün Ermənistanın 2 milyon civarında əhalisi qalıb. Düzdür, BMT-nin və digər təşkilatların rəsmi sənədlərində Ermənistan əhalisinin sayı 3 milyon göstərilir. Lakin Ermənistanda elə yaşayış məntəqələri var ki, rəsmi olaraq orada qeydiyyatda olan əhalinin, demək olar, əksəriyyəti Rusiyada və başqa ölkələrdə yaşayır və illərlə bu ölkəyə gəlmir. Hətta mən beynəlxalq təşkilatların birinin keçirdiyi tədbirdə ermənilərdən belə bir əhvalat eşitmişdim, qadınlar danışırdılar ki, Ermənistanda elə bir kənd var, qadınlar həmin kənddə sərbəst şəkildə gedib lüt çayda çimirlər. Mən də buna təəccüblənmişdim.  Soruşdum ki, bu necə mümkün olur, bir problem olmurmu? Cavab verdilər ki, kənddə kişi yoxdur, ona görə də problem olmur, bütün kişilər işləmək üçün xaricə gediblər. Təsəvvür edin ki, elə kəndlər var, orada, ümumiyyətlə, kişi qalmayıb. Qalanlar isə qadınlar, uşaqlar və yaşlılardır. Yəni əli iş tuta biləcək hər kəs kəndi tərk edib gedib. Bütün bunlar əlbəttə ki, Ermənistanın işğalçılıq siyasətilə bağlı məsələdir. Ermənistanı bu günə qədər idarə edənlər o ölkəni, o xalqı bədbəxtliklərə sürükləyiblər, Dağlıq Qarabağı və ətraf rayonları işğal etməklə, Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı əsassız ərazi iddiaları irəli sürməklə öz xalqını, sadəcə olaraq, belə cahil iddiaların girovuna çeviriblər”.

A.Həsrət qeyd etdi ki, bu ölkədən bircə bilet pulu tapıb ölkəni tərk etməsi məsələsini biz deyil, ermənilər özləri etiraf edirlər. A.Həsrətin sözlərinə görə, onlar deyirlər ki, Ermənistanda yaşayan hər bir erməninin ilkin arzusu ölkədən getmək üçün birtərəfli bilet pulunu qazanmaqdır. “Yəni geri qayıtmamaq şərtilə bu bileti alırlar. Bu gün Ermənistanda yaşayan ermənilər bu pulu toplayıb Ermənistandan getmək üçün fürsət axtarırlar. Təbii ki, bu da həmin ölkənin bərbad durumda olmasının bir sübutudur. Müqayisədə Azərbaycan əhalisinin sayı 10 milyonu keçib və üstəlik də Azərbaycanda elə yerlər var, onun əhalisinin xaricə getmək meylləri belə müşahidə olunmur. Mənim şəxsən doğulub boya-başa çatdığım Xaçmazın Dədəli kəndində 13 oğlan bir sinifdə 1986-cı ildə orta məktəbi bitirmişik. Bu 13 nəfərdən cəmi bir nəfər Ukraynadadır, qalan hamısı kənddədir. Mən də həm kənddə, həm də Bakıda oluram. Amma geridə qalan 11 nəfərin hamısı ailə qurub kənddə yaşayır, evi-eşiyi, təsərrüfatı var. Niyə? Çünki adamlar buranı tərk etmək istəmirlər. Ona görə ki, burada yaşayış imkanları yüksəkdir. Azərbaycanla Ermənistanın müqayisəsi bundan ibarətdir” - deyə A.Həsrət vurğuladı.

Cənab Prezidentin Ermənistandakı əhali böhranı, demoqrafik problemlə bağlı fikirlərinə şərh verən siyasi şərhçi A.Həsrətin real rəqəmlər əsasında apardığı təhlillər, əslində, beynəlxalq qurumlara bir mesajdır və bu ölkənin bu məsələdə də dünya fikrini manipulyasiya etdiyi açıq şəkildə özünü göstərir.

İradə SARIYEVA

Son xəbərlər