ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı 2019-cu il üzrə hesabatında Azərbaycan hökumətinin ölkənin quru və dəniz sərhədlərində və Cənubi Qafqaz daxilində insanların, pulların və materialların hərəkəti üzrə terror cəhdlərinin qarşısını almaq, aşkar və məğlub etmək üçün fəal iş apardığı qeyd edilir. Hesabatda bildirilir:"Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terror aktlarının qarşısını almaq üçün əməliyyatlar keçirib, terrorda şübhəli bilinən şəxsləri həbs edib və cinayət məsuliyyətinə cəlb edib. 2019-cu ildə Azərbaycanda heç bir terror aktı qeydə alınmayıb".
Qeyd edilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkədə terror aktlarını aşkar etmək, saxlamaq və qarşısını almaq üçün adekvat bacarıq nümayiş etdirib:"Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri bir-biri ilə və regional və beynəlxalq tərəfdaşlarla terrorizmlə bağlı məsələlər üzrə məlumat mübadiləsi aparırlar. 2019-cu ildə Azərbaycan "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrasını davam etdirib".
ABŞ Dövlət Departamenti bildirir ki, Azərbaycan Avropa Şurasında, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda üzvlüyünü davam etdirib:
"Azərbaycan NATO-nun antiterror təşəbbüslərini alyansın "Sülh Naminə Tərəfdaşlıq" ölkələrindən biri kimi dəstəkləyir. Azərbaycan 120 sülhməramlı hərbçisi ilə NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında iştirak edib və Əfqanıstan milli ordusunun Məqsədli Fonduna töhfə verib".
Göründüyü kimi, ABŞ Dövlət Departamenti Azərbaycanın həm öz ölkəsi daxilində, həm də ümumən Cənubi Qafqazda terrorla mübarizəyə verdiyi töhfədən bəhs edib. Bu obyektiv qiymət və Azərbaycanın əlaqədar qurumlarının uğurları nəyin hesabınadır?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın bu qiyməti reallıqdan doğan mənzərəni əks etdirir:“Azərbaycan doğrudan da bu sahədə aktivlik nümayiş etdirir. Bizim ölkənin yerləşdiyi məkan terrorizmin fəaliyyəti və əlaqələndirilməsi üçün əlverişli sayıla bilər. Bu səbəbdən də həmlələr çox olur, ancaq Azərbaycan hüquq-mühafizə və təhlükəsizlik qurumlarının ayıq-sayıqlığı onların fəaliyyəti üçün münbit zəmin yaratmır.
ABŞ Dövlət Departamenti bundan əvvəlki hesabatlarında da Azərbaycanın terrorla mübarizə sahəsində ABŞ-la möhkəm tərəfdaşlıq əlaqələrini qoruyub saxladığını vurğulayıb. Burada dəfələrlə Qafqaz regionu vasitəsilə insan, pul və digər materialları qanunsuz keçirmək istəyən terror təşkilatlarının qarşısı alınıb. Ölkəmizdə terrorla mübarizə məsələlərinə ciddi diqqət var. Buraya terrorla əlaqəsi olan şəxslərin təqibi, qanunsuz silah və sursatın müsadirəsi, eləcə də ölkə xaricindəki münaqişələrdə iştirak edib oradan geri qayıdan yaraqlıların həbs olunaraq mühakimə edilməsi daxildir.
Azərbaycanda terrorla mübarizə sahəsindəki qanunvericiliyə düzəlişlər edilib və muzdlu kimi xarici ölkələrdə döyüşlərdə iştirak edən şəxslərin məsuliyyəti qanunda əksini tapıb. Azərbaycan terrorizmlə bağlı informasiya mübadiləsi məsələlərinə də böyük önəm verir. Bundan əvvəlki hesabatlarda ABŞ İraq və Suriyaya xaricdən gələn terrorçuların keçməsi, həmçinin buradakı ekstremist qrupların qanunsuz maliyyələşdirilməsi ilə bağlı məlumat mübadiləsinin həyata keçirilməsində Azərbaycanın səylərini təqdir edirdi.
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı ardıcıl addımlar atmaqda davam edir. Terrorla mübarizə sahəsində Azərbaycan, ATƏT və NATO da daxil olmaqla, regional və beynəlxalq səviyyədə əməkdaşlıq səylərini davam etdirərək, terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edir. Azərbaycan, həmçinin, ABŞ-ın da iştirak etdiyi terrorizmlə mübarizə koalisiyasında fəal təmsil olunur. Ölkəmizin sülhməramlılardan ibarət kontingenti İraq, Əfqanıstan kimi qaynar nöqtələrdə xidmət aparıb”.
Bütün bunlardan belə nəticəyə gəlinir ki, Azərbaycan həqiqətən terrorizmlə mübarizədə dünya üçün örnək sayılacaq mövqe sərgiləyir. Amma bir faktı da qeyd edək ki, bizim özümüz də erməni terrorundan əziyyət çəkən ölkəyik. Yaxşı olardı ki, dünyanın nüfuzlu ölkələri və təşkilatları eyni həmrəyliyi bizə münasibətdə də nümayiş etdirsinlər.
Məhəmmədəli QƏRİBLİ