Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə bildirib ki, bütün dünya virusdan əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurub. Ölkə başçısı çıxışında rəhbər və imkanlı şəxslərin məsuliyyət məsələsinə də toxunub.
Prezident bildirib ki, idarələrdə idarə rəhbərləri görəndə ki, işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir:"Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər? O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq-mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".
Dövlət başçısı bildirib ki, inkişaf etmiş ölkələrdə vəziyyət böhran həddinə çatıb:"İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu mümkün deyil. Ona görə mənim bu sözlərim, hesab edirəm, hər kəs üçün əsas olmalıdır, həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün".
Göründüyü kimi, ölkə başçısı çıxışında vəzifəli və imkanlı şəxslərin də məsuliyyət payının hansı dərəcədə olmasına və onlara nəzarətin vacibliyinə toxunub. Bu təbəqəyə yönələn iradların aradan qaldırılması hansı nəticələri verə bilər?
Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı qərarlar verilərkən indiyədək əldə edilən statistika ciddi təhlil edilməli, bütün məqamlar nəzərə alınmalıdır:” Ölkə başçısı bu xüsusda olduqca vacib detallara toxundu. Xüsusilə də ictimai nəzarətin olmasının zəruriliyini diqqətə çatdırdı. Razıyam ki, bu isiqamətdə qurum rəhbərləri və imkanlı adamların da üzərinə ciddi məsuliyyət düşür. Azərbaycanda əhali üçün koronavirusdan qorunmaq məqsədilə detallı davranış qaydaları da hazırlanmalıdır, ilk baxışdan xırda görünən məsələlər nəticələrə ciddi təsir edə bilər. Son 3 gün ərzində Azərbaycanda COVİD-19 virusuna yoluxanların sayı iki minə yaxınlaşıb. Yoluxmaların sayında müşahidə olunan intensiv artım onu göstərir ki, biz hardasa səhv edirik. Deməli, ciddi uyğunsuzluqlarımız mövcuddur.
Beynəlxalq idarəetmə standartlarının fəlsəfəsinə görə, uyğunsuzluqların aradan qaldırılması prosesi həyata keçirilərkən həmin uyğunsuzluğun özünə deyil, onun səbəbinə, kök nədəninə diqqət yetirmək lazımdır. Onu da deyim ki, səhvlərimizi dilə gətirməkdən çəkinməməli, onları gizlətməyə çalışmamalıyıq. Çünki harda həyat var, insan var, fəaliyyət var, orda nöqsanların olması normal haldır və bu olmalıdır. Lakin bizim öhdəmizə düşən aşkarlanan uyğunsuzluqları gizlətmək deyil, vaxtında müəyyən edib, aradan qaldırmaqdır.
Sanitariya və gigiyena sahəsində beynəlxalq standartların tələblərindən və beynəlxalq praktikalardan istifadə etməli, gündəlik həyatımızı buna uyğunlaşdırmalıyıq. Yaşadığımız, işlədiyimiz, bütün istifadə etdiyimiz məkanları steril mühitə çevirməliyik. Sahə həkimlərinin fəaliyyətini stimullaşdırmalı, onların qapı-qapı düşüb müalicə zərurəti olan vətəndaşlarımızın müəyyən edilməsində bizə yardımçı olmasını təmin etməliyik. Ajortaj yaratmamaq naminə, verdiyimiz qərarları ciddi təhlillər apardıqdan sonra ictimaiyyətə bəyan etməliyik. İnsanların özümüzə inamını təmin etməliyik. Məsələn, 2 günlük sərt karantin rejimləri tətbiq edərək verdiyimiz bir qərarla 1000 kvm-lik dükana 1500 nəfəri toplaya bildik. İnsanların, böyük ehtimalla, içlərində xəstəlik daşıyıcıları olan insanların ölkəmizin digər bölgələrinə axın etməyinə şərait yaratdıq. Daha öncə bu situasiya ilə üz-üzə qalmadığımıza baxmayaraq, artıq əlimizdə 4 ayı əhatə edən statistika mövcuddur. Bu statistikaya nəzər yetirərək, harda səhv etdiyimizi anlaya bilərik. Bəli, bir çox rəhbər şəxslər və iş adamları tövsiyələrə əməl etmir. Çox adam yalnız öz qazancını düşünür. Yeri gəlsə, iri ticarət mərkəzləri öz müştərilərinə pulsuz maska da paylamalıdır. Əgər əhali bir marketə axın edirsə, niyə orada yalnız qazanc düşünülməlidir? Bəs sosial məsuliyyət? Hər bir imkanlı şəxs, iş adamı bilməlidir ki, bu artıq sadə məsələ deyil. Ölkə başçısının ifadə etdyi kimi, təhlükəsizlik məsələsidir. Hamılıqla diqqətli olub hökumətin müəyyən etdiyi qaydalara riayət etsək, irəliləyiş olar”.
Belə nəticəyə gəlinir ki, belə vəziyyətdə kimlərsə sosial vəziyyətindən, imkanlı olmağından istifadə edib qaydaları pozmaqla yalnız inzibati xətaya yol vermiş olmur, eyni zamanda dövlətimizin təhlükəsizliyinə zərər vermiş olur. Bunun üçün də hamılıqla məsuliyyətli olmamız gərəkdir.
Məhəmmədəli QƏRİBLİ