Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib ki, bu vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq:“Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu”.
Dövlət başçısı qeyd edib ki, əsas yük dövlətin üzərindədir:“Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz”.
Azərbaycan Prezidenti vurğulayıb ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz:“Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”.
Göründüyü kimi, ölkə başçısı bu xəstəliklə mübarizə üçün sadə düstur təkilf edib. Bildirib ki, həmrəylik, birlik, ardınca yüksək məsuliyyətə riayət etməklə pandemiyaya qalib gələ bilərik. Ölkə başçısının bu təklifindən hansı nəticələri çıxara bilərik?
Koronovirusla bağlı bir sıra araşdırmalar və sorğular keçirən “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinin bu istiqamətdə siaysətini həyata keçirən hökumət çox ağıllı yanaşma həyata keçirir: “Söhbət epidemioloji vəziyyətlə bağlı zəruri tədbirlərin ardıcıl şəkildə görülməsindən gedir. Harda ki epidemoloji vəziyyət ağırlaşır, orda lazımi tədbirlər görülür, digər yerlərdə isə insanların hərəkəti və fəaliyyətinə şərait yaradılır. Bu amil Azərbaycanın iqtisadiyyatını da tənəzzüldən xilas edir. Əks halda biz iqtisadiyyatı çətin vəziyyətə sala bilərik. Cənab Prezident bu istiqamətdə həm ölkəyə rəhbərlik edir, həm də cəmiyyətə nümunə nümayiş etdirir. Prezidentin addımlarında həm də böyük maarifləndirmə var. Özü tibbi maskadan istifadə edir, iştirak etdiyi tədbirlərdə sosial məsafəyə riayət olunur. Ölkə rəhbərliyi bütün siyasətləri həyata keçirəndə cəmiyyətin həmrəyliyini nəzərə alır. Bu baxımdan da ölkə başçısının irəli sürdüyü bu model çox təqdirəlayiqdir. Biz həmrəy olmağı tez bacarırıq. Amma bununla yanaşı, həm də qanunlara riayət etməyə, məsuliyyətli olmağa da çalışmalıyıq. Bu bəladan xilas olma yolu həm də məsuliyyətli olmaqdan keçir. Ölkə başçısı öz çıxışlarında dəfələrlə deyib ki, dövlət əlindən gələni edir, amma bu, pandemiya ilə mübarizədə kifayət sayılmır. Ümid edirəm ki, cəmiyyətimiz bu məsləhətlərdən lazımi nəticəni çıxaracaq. Bundan başqa yolumuz da yoxdur”.
Doğrudan da, bu nəticəyə gəlinir ki, pandemiya ilə mübarizə yalnız administrativ metodların tətbiqi ilə yekunlaşmır. Bunun üçün vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması gərəkdir. Hesab edirik ki, bu tövsiyələrə riayət edilsə, biz tezliklə bu virusa qalib gələ bilərik.
Məhəmmədəli QƏRİBLİ