Erməni mediası yazır ki, Ermənistan Prezidenti Armen Sarkisyan həm özünü, həm də gələcək prezidentləri Konstitusiyaya düzəlişləri imzalamaq hüququndan məhrum edən sənəd imzalayıb. Bununla da hazırkı hakim çoxluq Konstitusiyaya dəyişiklik etmək üçün məhdudiyyətsiz gücə sahib olacaq. Bundan sonra Konstitusiya düzəlişlərini imzalamaq üçün Konstitusiya məhkəməsinə və ya Prezidentə müraciət etməyə ehtiyac qalmır, bu səlahiyyət parlamentin sədrinə verilir.
Prezident A.Sarkisyanın bu addımı erməni mətbuatında sərt şəkildə tənqid olunmaqdadır. Eyni zamanda, bu addıma görə onun istefası tələb edilir.
Bu arada “Çiçəklənən Ermənistan” parlament fraksiyasının deputatı Naira Zohrabyan bildirib ki, prezidentliyinin bütün dövründə A. Sarkisyan özünü legioner kimi apardı, Ermənistan və erməni xalqı ilə bağlılığı yalnız pasportunda milliyyətinin göstərilməsi ilə məhdudlaşır: “Armen Sarkisyanın köntöy və isterik rəhbərlik tərzindən fərqli olduğunu sübut etməsi üçün ən azı bir neçə qızıl fürsəti olub. Lakin Sarkisyan hər dəfə bu şansını qaçırıb. O, bütün pis yolların ən acınacaqlısını seçdi, alçaldıcı işə qol qoydu. Prezidenti Konstitusiya dəyişikliklərini imzalamaq hüququndan məhrum edən qanun layihəsini imzalamağa məcbur etdilər, yəni özünü səlahiyyətlərindən məhrum etmək layihəsi. Prezident Sarkisyan özünün məhv edilməsi ilə bağlı protokol imzaladı. Emənistan Respublikasında artıq Prezident yoxdur, nəinki de-fakto, həm də artıq de-yure. Mən onu dərhal istefa verməyə və Britaniya astronomiya cəmiyyətinin üzvü kimi nüfuzunu qorumağa çağırıram. İctimai xadim, yaxşı təhsilli A.Sarkisyan özünü məhv etdi. Onun haqqında daha heç nə deməyəcəm. Qızıl qayda var - ölülər haqqında ya yaxşı, ya da heç bir şey”.
Göründüyü kimi, A. Sarkisyanın bu addımı çox pis qarşılanmaqla yanaşı, onun reputasiyasının da üstündən xətt çəkdi. O bu addımı atmaqla özünü cəmiyyətin gözündən saldı.
“Sarkisyan vətəndaşlar arasında ona olan inam və etimadı tamamilə itirəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Paşinyan bununla Ermənistanın demokratik olmaycağını sübut etmiş oldu: “Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə öz sərhədsiz hakimiyyətini möhkəmlətmək üçün məhz Prezidentin səlahiyyətlərini əlindən almaq planı həyata keçirir. O düşünür ki, inqilabi yolla hakimiyyətə gəldiyi üçün, Prezidentdən də artıq yüksək vəzifədədir. Hesab edirəm ki, Konstitusiya dəyişikliklərinin imzalanması ilə bağlı Prezidentə güclü təzyiq var. Yoxsa, ağlı başında olan buna getməz. Eyni zamanda, hüququn ali olduğu ölkələrdə belə bir prosedur olmur. Göründüyü kimi, Ermənistanda Paşinyan öz diktatura sistemini qurmaq üçün Prezident postunu zəiflədir və formal xarakterli institut səviyyəsinə salır. Halbuki, Prezident dövlətin başçısıdır və Baş nazir də onunla hesablaşmalıdır. Ancaq Ermənistan Prezidenti Baş nazirlə hesablaşır və öz səlahiyyətlərindən əl çəkir. Bu, Ermənistanda siyasi böhrana yol açacaq. Sarkisyan vətəndaşlar arasında ona olan inam və etimadı tamamilə itirəcək. Paşinyanın həyata keçirdiyi bu Konstitusiya islahatları ilə yalnız öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Bununla da Ermənistanın demokratik olmayacağını sübut etmiş oldu”.
Vidadi ORDAHALLI