Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra çıxışında bildirib ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır:
“İqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. Bir neçə başqa sektor artıq uzun müddətdir ki, fəaliyyətsizdir. Dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürübdür. Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır. Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. Heç bir sosial layihə ixtisar edilməyib. Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır”.
Bu əslində Azərbaycanın bu ilin sonunadək sosial siyasətinin əsas strategiyasıdır. Yəni, vəziyyət nə qədər mürəkkəb olsa da insanların sosial rifahının təmin edilməsi ön plandadır. Bütövlükdə bu strategiyanın əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Bir sıra qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülür”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, hökumət əlindən gələni edir ki, pandemiya əhalinin sosial durumuna ciddi mənfi təsir göstərməsin: “Prezident İlham Əliyev daim bu məsələni ciddi nəzarətdə saxlayır. Bununla bağlı onlayen rejimdə müvafiq qurumlara göstərişlərini verir. İstər özəl, istərsə də dövlət sektorunda çalışanlara yardım edilir. Bütün istiqamətlərdə proqramlar qəbul olunub, komissiyalar, işçi qruplar yaradılıb. Mərhələli şəkildə bu proses gedir və müəyyən yardımlar da edilir. Bütün çətinliklərə baxmayaraq ölkə rəhbərliyi daimi formatda bu işləri nəzarətdə saxlayır. Hökumət bu istiqamətdə nə mümkündürsə onu edir ki, insanların sosial vəziyyəti, yaşayış səviyyəsi mənfi təsirə məruz qalmasın. Bir sıra qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülür. Görünən odur ki, ili sonuna qədər bu strategiya dəyişməyəcək”.
Bütün bunlar Azərbaycanda hökumətin əhalinin sosial vəziyyətinə nə qədər xüsusi önəm verməsinin əyani göstəricisidir.
Vidadi ORDAHALLI