ABŞ Azərbaycanı hərbi təlimlər keçirərkən onların miqyası və təyinatı haqqında daha ətraflı məlumat verməklə daha şəffaf olmağa çağırır.
Bu barədə Dövlət Departamentinin silahlara nəzarət sahəsində sazişlərə və öhdəliklərə riayət olunması haqqında Konqresə təqdim etdiyi məruzədə deyilir.
Dövlət Departamentinin məruzəsində bildirilir ki, Vaşinqton ötən ilin payızında “genişmiqyaslı təlimlərdə şəffaflıq olmaması” ilə bağlı narahatlığını Bakı ilə bölüşüb:
“Vyana sənədinin 9/12 saylı qərarına uyğun olaraq, iştirakçı dövlətlər hər il ən azı bir böyük hərbi təlim haqqında məlumat verməlidirlər. Azərbaycan təlimlər keçirir, amma ən azı ildə bir böyük hərbi təlim haqqında məlumat vermir”, deyə məruzədə bildirilir.
Öz növbəsində, Azərbaycan hökuməti ATƏT-in Təhlükəsizlik sahəsində Əməkdaşlıq Forumunda bildirib ki, Müdafiə Nazirliyinin veb-saytındakı elanlar Vyana sənədinin çərçivələrini aşan heyət və silahlar haqqında bütün məlumatları ehtiva edir və heç nə gizlədilməyib.
Azərbaycan Müdafiə Nazirliyinin saytında və Azərbaycan KİV-ində yer alan məlumata görə, ölkədə 2019-cu il martın 11-dən 15-nə qədər genişmiqyaslı təlimlər keçirilib. Bu təlimlərdə 10 000 nəfərə yaxın heyət, 500-ə qədər tank, zirehli texnika və digər nəqliyyat vasitələri, 300-ə qədər raket-artilleriya sistemi və 20 hərbi təyyarə iştirak edib.
Bundan başqa, 2019-cu il sentyabrın 16-dan 20-nə qədər Azərbaycanda 10 000 nəfərə yaxın heyətin, 100-dən çox tank və zirehli maşının, 120 raket-artilleriya sisteminin və 20 hərbi təyyarə və dronun iştirakı ilə növbəti genişmiqyaslı təlimlər keçirilib.
Müdafiə Nazirliyinin saytında və yerli mətbuatda, həmçinin, 2019-cu il iyunun 7-dən 11-nə qədər Naxçıvanda Türkiyə Silahlı Qüvvələri ilə birgə 5000 hərbi qulluqçunun, 200 tank və digər zirehli texnikanın, 180-nə qədər minaatan və raket artilleriya sisteminin və 21 hərbi təyyarə və helikopterin iştirakı ilə “Sarsılmaz qardaşlıq - 2019” təlimlərinin keçirildiyi barədə məlumat verilib.
Belə olan halda ABŞ Departamentinin bu iradını nə dərəcədə əsaslı saymaq olar?
Hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkələrin silahlı qüvvələri irimiqyaslı hərbi təlimlər keçən zaman, beynəlxalq etik normalara uyğun olaraq, həmin ölkədə fəaliyyət göstərən diplomatik missiyaları və BMT-nin ölkədə fəaliyyət göstərən nümayəndəliyini məlumatlandırır:“Azərbaycan ordusu da hər dəfə irimiqyaslı hərbi təlimlər keçən zaman adıçəkilən istiqamətlər üzrə məlumatları təqdim edir. Bu məlumatlandırma ilə bağlı bizim üzərimizə vacib öhdəlik qoyulmur. Bu, əsasən etik normalarla bağlıdır. Nəinki Azərbaycan, istənilən ölkə öz ərazisində hərbi təlimlər keçən zaman bu barədə məlumat verməyə də bilər. Bu məntiqlə yanaşılsa, onda gərək biz hətta xırda miqyasda olan təlimlərimiz barədə də hamıya məlumat verək. Belə yanaşmanı doğru saymıram. Araşdırsanız görərsiniz ki, bizim ordunun keçirdiyi bütün irimiqyaslı təlimlərlə bağlı ölkə mediasında da kifayət qədər məlumatlar dərc edilib. Təbiidir ki, onların hamısının istinad mənbəyi Müdafiə Nazirliyidir. Həmin qurum bunu gizli həyata keçirsəydi, heç bu barədə məlumat verməyi zəruri saymazdı. Görürsünüz ki, bu məsələni hər dəfə ermənilər xüsusi olaraq şişirdir. Hazırda da bu məlumat onların KİV-i tərəfindən aktiv paylaşılır. Bu, soyuq müharibənin tərkib hissəsidir. ABŞ-ın tələbləri hərbi məxfiliyin qorunmasına ziddir. Çünki Azərbaycan ordusunun haqqı çatır ki, hərbi təlimlərə cəlb etdiyi şəxsi heyət və texnika ilə bağlı müfəssəl məlumat verməsin. Bu bizim hüquqmuza aid olan məsələdir. Bir faktı da nəzərə almaq lazımdır ki, burada söhbət müharibə şəraitində olan, torpaqlarının 20 faizi işağala məruz qalmış dövlətin ordusundan gedir. Yaxşı olardı, ABŞ Departamenti belə sərt tələbləri Ermənistan qarşısında qoysun ki, onlar işğal edilmiş ərazilərimizdən geri çəkilsinlər. Bir daha deyirəm ki, Azərbaycan ordusunun bununla bağlı heç bir qurum və ya ölkə qarşısında öhdəliyi yoxdur”.
Sonda bu nəticəyə gəlinir ki, Azərbaycan hərbi təlimlərlə bağlı öz üzərinə düşən bütün etik öhdəliklə riayət edir. Doğrudan da, Departamentin bu məsələni xüsusi diqqətdə saxlaması təəccüblüdür. Yaxşı olardı ki, belə konkret iradlar özgə ərazilərini işğal edən Ermənistan ordusuna bildirilsin. Azərbaycanın öz ərazisində istənilən növ hərbi təlim keçməyə mənəvi və hüquqi haqqı çatır.
Məhəmmədəli QƏRİBLİ