Koronavirus pandemiyasının yaratdığı çətinliklıər səbəbindən taxtı daha çox laxlamağa başlayan Nikol Paşinyan iqtidarına qarşı “Qarabağ klanı” yenidən aktiv fəaliyyətə keçir. Əslində, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın 4 milyon dollar girov qarşılığında azad edildikdən sonra Paşinyana qarşı aktiv fəaliyyətə keçəcəyi və siyasi qüvvələri bu xüsusda bir araya gətirəcəyi gözlənilən idi. Köçəryan hələ həbsdə olarkən bunun anonsunu vermişdi.
Ermənistanın “Qraparak” nəşri də yazır ki, Köçəryan bir tərəfdən müalicə alır, digər tərəfdən isə qızğın görüşlər keçirir. Belə ki, o əvvəlcə silahdaşları, komanda yoldaşları ilə görüşüb və Ermənistanda yaranmış vəziyyəti müzakirə edib. Qəzet daha sonra yazır:“Komanda bu yaxınlarda aydın fəaliyyətlər planını müzakirə edəcək. Ermənistanın siyasi həyatında necə iştirak edəcəklərinə qərar verməlidirlər. Köçəryan həmçinin siyasi görüşlər keçirib və bir sıra müxalif xadimlərlə, keçmiş rəsmilərlə telefon danışıqları aparıb. Xüsusən, Robert Köçəryan-Serj Sarkisyan görüşü baş tutub”. Məlumata görə, sabiq prezidentlər ölkədəki mövcud vəziyyət və müxalifətin birliyi məsələsini müzakirə ediblər. Bundan başqa, Köçəryan müxalifət liderləri və vaxtilə yüksək vəzifələrdə çalışmış sabiq məmurlarla da telefon danışığı aparıb. Onların digər qüvvələrlə birlikdə Paşinyana qarşı aktiv fəaliyyətə keçməsi gözlənilir. Qəzet yazır ki, Köçəryan Rusiyadan dəstək alır, Paşinyandan çoxsaylı narazı qüvvələr isə onun ətrafında birləşir. Xüsusən də milyarder Qaqik Tsarukyanın tərəfdarlarının da prosesdə sabiq prezidentə aktiv dəstək verməsi onun şanslarını artırır və maliyyə problemlərini həll etməyə imkan verir:“Bu gün Konstitusiyada Paşinyanın göstəriş və sərəncamları ilə pozmadığı bir müddəa tapmaq çətindir. Müasir dünyada ölkəsindəki məhkəmələri mühasirəyə alan, hökmləri zorla dəyişdirən, kobud qanun pozuntuları ilə kadr siyasəti aparan, bir çox inqilabdan əvvəl oliqarxlarla oğurluq əlaqələri quran və onları “vicdanlı iş adamları” adlandıran yeganə liderdir. Hətta bu gün o, “ödəmək” istəməyən varlı insanları cəzalandırmağa, vəzifəsindən istifadə edərək ailənin qohumları vasitəsilə korrupsiya işləri həyata keçirməyə, milyardlarla dollarlıq vergidən yayınmağa çalışır. Paşinyanın sayəsində Ermənistan təkcə Qərbin deyil, həm də Ermənistanın müxtəlif millətlərarası iqtisadi və hərbi quruluşlarda iştirak etdiyi ölkələrin belə əlaqə qurmaq istəmədiyi ölkələr sırasında peyda olub. Təsəvvür edin ki, hələ bu sadalananlar vəziyyəti tam əhatə etmir. Paşinyan hökumətini xronoloji olaraq, koronavirus qabağı və koronavirus sonrası olmaqla iki dövrə bölmək olar. Bu kəskin parçalanmaya baxmayaraq, Paşinyan təkəbbürlü yalanları ilə hər iki sahədə fərqlənir. Onun yalanları iqtisadiyyatdan (iqtisadi inqilab, investisiya, iş yerləri) tutmuş səhiyyə, sosial və təhsilə (yüksək keyfiyyətli səhiyyə, sosial problemlərin yüngülləşdirilməsi, yeni təhsil proqramlarının tətbiqi və sair) qədər, demək olar ki, bütün sahələrə aid olub. Koronavirusdan sonrakı dövrdə Paşinyan epidemiya ilə mübarizəni iflasa uğratdı. Müvafiq xidmətlərin sədaqətinə cavab olaraq, yüz milyardlarla dollar pulu küləyə sovurdu, koronavirusla mübarizə üçün xarici yardımları toza çevirdi. Hakimiyyətdə olduğu 2 il ərzində Paşinyan hər gün, yeri gəldi-gəlmədi, insanların 80 faizinin etimadından danışıb və bütün addımlarını qondarma “reallıq”la əsaslandırıb. Paşinyanın artıq bu etimada sahib olmadığı tanınmış təşkilatların keçirdiyi sorğular, eləcə də sosial şəbəkələrdə populyar müzakirələrin aparılması ilə sübut olunur. Paşinyan hökuməti və onun “ləpirçiləri” hazırda yalnız 5-7 faiz etimada sahibdir, faktiki olaraq qanunsuz bir hökumətə çevrilib və artıq nəinki ölkə daxilində, həm də xarici siyasətdə hər hansı bir problemi həll etmək iqtidarında deyil. Bunu dərk edən Paşinyan bol vədlər verdiyi ictimaiyyəti göz qamaşdıran məxməri inqilabın artıq axan sularına atmağa çalışaraq, siyasi repressiyalara əl atır. Köhnə populyarlığı bu şəkildə geri qaytarmağı düşünürsə, şübhəsiz ki, yanılır. Artıq o, qatara gecikib, bunun 5 və ya 15 dəqiqə olmağının fərqi yoxdur. Bu yolla Paşinyan, ən yaxşı halda, dünya tərəfindən çox görüldüyü və həm ortaq səylərlə, həm də ölkə vətəndaşlarının vahid tələbi ilə azad olduğu diktatorlardan birinə çevrilə bilər. Diktatorları qovmağın yolları və vasitələri, əlbəttə ki, fərqlidir. Mədəni yollar var, məsələn, yerli və beynəlxalq məhkəmələr üsulu var, yaxud da o qədər də gigiyenik olmayan üsullar var, məsələn Səddam Hüseyn, Qəddafi, Mübarək və sair. İndi yaranmış durumda Paşinyan əleyhdarlarının cəmiyyəti sürətlə öz ətrafında birləşdirməsi baş nazirin taleyinin yaxşı olmayacağını göstərir. Bu prosesdə Robert Köçəryan ikinci dəfə Paşinyanı devirib hakimiyyətə gələ bilər. Vaxtilə o bunu Levon Ter-Petrosyana qarşı etmişdi”. Erməni politoloq Robert Qevondyan qeyd edib ki, burada Moskvanın dəstəyi də yaddan çıxmamalıdır. Onun sözlərinə görə, Rusiyanın Ermənistanda maraqları var və o, siyasi sahənin ümumi landşaftını nəzərə alaraq bu maraqları təqib edir:“Rusiya KİV-ində Nikol Paşinyanın əleyhinə məqalələr, rus politoloqların Ermənistanda baş verən daxili siyasi proseslərə açıq şəkildə antihökumət reaksiyaları fonunda “Çiçəklənən Ermənistan” partiyasının deputatları ilə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin görüşü vəziyyəti daha da kəskinləşdirib. Həmçinin əsaslı iddia var ki, “Çiçəklənən Ermənistan” Partiyası bir çox tellərlə Rusiyaya bağlıdır. Belarus prezidenti və Tsarukyanın ünsiyyətləri də dostluq ünsiyyətləridir. Böyük ehtimalla, “Çiçəklənən Ermənistan” partiyasının Rusiyanın bəzi dairələri ilə müəyyən münasibətləri var. Rusiyanın müxtəlif ekspertlərinin, KİV-lərinin anti-Paşinyan mövqeyi də yenilik deyil”. Digər bir erməni politoloq Armen Vardanyan isə qeyd edib ki, Rusiya öz qolları ilə Nikol Paşinyana təzyiq göstərməyə çalışacaq. Bu durumda Azərbaycanın işğal altındakı rejiminin Robert Köçəryana loyal münasibəti də Ermənistan baş nazirinə qarşı burada fəaliyyətin genişlənməsini istisna etmir.
Nahid SALAYEV