Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfər ediblər. Prezident və birinci xanım səfər çərçivəsində “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun və Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin, Gəncə Dövlət Dram Teatrının yeni binasının və Gəncə İdman Sarayının tikintisi ilə tanış olublar.
Gəncə şəhərinin M.A.Abbaszadə küçəsində Gəncəçay çayı üzərindəki körpü də bərpadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində də iştirak ediblər.
Sonra Prezident İlham Əliyevə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri təqdim olunub.
Həmin gün dövlət başçısı Gəncə şəhərində infrastrukturun inkişaf etdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalayıb. Belə ki, Prezident İlham Əliyev Gəncədə yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat, Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə 13,8 milyon (on üç milyon səkkiz yüz min) manat, Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə 5,0 (beş) milyon manat, Gəncə şəhərində İdman Sarayının tikintisi üçün 3,0 (üç) milyon manat ayrılması ilə bağlı müvafiq sərəncamlar imzalayıb.
Maliyyə Nazirliyinə bu sərəncamlarda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn digər məsələləri həll etmək tapşırılır.