Mayın 13-də rüşvət alarkən həbs edilən jurnalist Əfqan Sadıqovun adını “siyasi məhbus” siyahısına salıblar. Onun həbsi ilə bağlı nümayiş olunan operativ çəkilişlərdən göründü ki, Əfqan Sadıqov Sumqayıtın icra başçısı Zakir Fərəcovu şantaj edərək 10 min manat pulu alarkən yaxalanıb.
Binəqədi Rayon Məhkəməsi onunla bağlı dörd aylıq həbs qətimkan tədbiri seçib və apelyasiya məhkəməsi jurnalistin şikayətini təmin etməyib. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov və “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov vəzifəli şəxslərdən tələb etdikləri 10 min manatı alarkən cinayət başında yaxalanıblar. Maraqlıdır ki, ilkin anda belə bütün görüntülərdə cinayəti sübuta yetirilən bu şəxsi bəzi dairələr “siyasi məhbus” kimi qələmə verməyə çalışır. “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq” “Azel” TV saytının təsisçisi Əfqan Sadıqovun adının siyahıya salındığını deyib. Bildirilir ki, siyahı AŞPA-nın 2012-ci il tarixli 1900 saylı qətnaməsində müəyyən edilmiş meyarlara əsasən tərtib edilib. Tərtibçilər Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənovdur.
Əfqan Sadıqovun adının belə bir siyahıya salınmasına media cameəsinin münasibəti necədir?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Leyla Yunus tipində adamlar Azərbaycandakı hər cür ünsürün arxasınca düşüb, ölkəmizi, dövlətimizi gözdən salmaq üçün fürsət gözləyirlər:“Ona görə də, jurnalist fəaliyyətinə görə deyil, konkret cinayət faktı ilə tutulan bu adamı da siyahıya salıb, “siyasi məhbus” kimi qələmə verməyə çalışırlar. Biz istintaqın nəticəsini gözləyirdik. Lakin ilkin məlumatları televiziya kanallarından seyr etdik. Konkret məbləğdə vəsaitin alındığı nümayiş edildi. Əfqan Sadığov həmin pulu icra hakimiyyətindən şantaj vasitəsilə alırdı. Dözümlü yanaşıb, istintaqın bitməsini gözləmək fikrindəydik. Lakin Leyla Yunus tipindəki adamlar heç nəyi gözləmək istəmir. Onlar artıq öz qərarlarını veriblər. Həmin adamı “siyasi məhbus” elan ediblər. Təbiidir ki, məqsədləri belə adamların adı üzərindən böyük məbləğdə qrantlar almaqdır. Çox biabırçı və ayıb olacaq bir vəziyyətdir. Hüquq müdafiəsi olan kəslər əslində istintaqın nəticəsini gözləməliydilər. Yəqin ki, istinataqın əlində bizə məlum olmayan daha ciddi faktlar da var. Yoxsa istinaq onu həbs etməzdi. Televiziyada göstərilənlər bəlkə də həmin faktların hamısı deyil. Mütləq nəticəni gözləyib qərar verilməliydi. Bunlar isə hər yoldan ötəni siyasi məhbus siyahısına salmağa hazırdırlar. Bu da onların əsl mahiyyətini üzə çıxarır”.
Azərbaycan hakimiyyəti bəyan edib ki, ölkədə heç kimi siyasi mənsubiyyətinə görə həbs etmirlər. Bu baxımdan da “siyasi məhbus” anlayışı hakimiyyət tərəfindən qəbul olunmur. Əfqan Sadıqov nümunəsindən görünür ki, Leyala Yunus və onun kimilər istənilən adamın adını həmin siyahıya salıb alverlərini etməyə qadirdirlər.
Məhəmmədəli QƏRİBLİ