Cənubi Qafqazda pandemiyanın ən çox yayıldığı Ermənistandır. Bu ölkədə koronavirusla mübarizə sahəsində heç bir əsaslı tədbir görülmür, aparılan “mübarizə tədbirləri” isə kosmetik xarakter daşıyır və “şou” şəklində həyata keçirilir. Paşinyan hökumətinin üzvləri isə mübarizə tədbirləri görmək əvəzinə, küçələrdə “şou” göstərməklə məşğul olur, öz üzərlərinə düşən vəzifəni İrəvan küçələrində əhaliyə maska paylamaqla bitmiş hesab edirlər.
Erməni mediasının yaydığı məlumata görə, Ermənistan hökumətinin üzvləri İrəvan küçələrində yoldan keçənlərə maskalar paylayır. Əhaliyə yox, məhz yoldan keçənlərə.
Bildirilənə görə, Ermənistanın Baş naziri Aparatının rəhbəri Eduard Agajanyan, Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyan, Ermənistan Respublikası İqtisadiyyat nazirinin müavini Varos Simonyan, Yüksək texnologiyalar sənayesi naziri Hakob Arşakyan, Ermənistan Respublikası Maliyyə nazirinin müavini Armen Hayrapetyan, Səhiyyə naziri Arsen Torosyan və digər rəsmi şəxslər vətəndaşlara tibbi maskalar paylayır, maskalı vətəndaşlara geyindikləri üçün təşəkkür edirlər.
Əslində, bu bir görüntüdür və Ermənistan hökuməti virusa yoluxan əhalini müalicə etmək əvəzinə, özlərini göstərməklə məşğuldur, guya ki, bunlar iş görürlər. Halbuki, maska paylamaq onların deyil, könüllülərin işidir. Necə ki, bu proses Azərbaycanda gedir, müxtəlif dövlət və ictimai qurumları təmsil edən gənclər paytaxt Bakıda və bölgələrdə əhaliyə maksa paylayır, polis də bu istiqamətdə işlər görür. Yeri gəlmişkən, bəzi insanlar Ermənistan hökumətinin üzvlərinin küçələrdə maska paylamaq kimi mənasız, görüntü xarakteri daşıyan bu işin Azərbaycanda da tətbiq edilməli olduğunu, “bizdə niyə belə deyil” deyirlər.
“Ölkəmizdə müxtəlif qurumları təmsil edən könüllülər əhaliyə maska paylayırlar, Ermənistanda isə...”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, ümumiyyətlə, bu yanaşmanın və müqayisənin özü düzgün deyil. “Birincisi, pandemiya ilə mübarizə məsələsində Azərbaycanla Ermənistanın müqayisə edilməsinin özü doğru ola bilməz. Çünki pandemiyanın ilk təsirləri dünyada hiss ediləndə Azərbaycan dövləti, Prezident İlham Əliyev respublika ərazisində qabaqlayıcı tədbirlər görülməsi ilə bağlı göstərişlər verdi və dövlətin müvafiq qurumları tam olaraq virusla mübarizəyə səfərbər olundular. Bu gün, həmçinin, Azərbaycanda maska zavodları, fabriklər fəaliyyət göstərir, apteklərdə maskanın qiyməti hər bir vətəndaşın büdcəsinə uyğun səviyyədədir. Bir sözlə, Azərbaycanda bu istiqamətdə kifayət qədər iş görülüb. Ermənistanda isə indiyə qədər hökumət pandemiyaya və onun fəsadlarına barmaqarası baxıb, pandemiya ilə mübarizə tədbirləri həyata keçirməyib. Bu gün Ermənistan hökuməti üzvlərinin, ölkənin Baş nazirinin aparat rəhbərinin, eləcə də nazirlərin əhalinin virusdan mühafizə, müdafiə olunması istiqamətində köklü işlər görmək əvəzinə, küçədən keçənlərə maska paylaması doğrudan da gülünc və gülməlidir. Bu mənasız işdir. Belə görürəm ki, bu ölkənin ictimai qurumları, gəncləri hökumətin pandemiya ilə bağlı yarıtmaz fəaliyyətinə etiraz edərək könüllülük işinə maraq göstərmirlər, könüllülər əvəzinə, küçəyə Baş nazirin aparat rəhbəri və nazirlər çıxıb maska paylayırlar. Bu, erməniləri maska taxmağa təşviq etmək baxımından keçirilən bir aksiya olsa da, mənasız bir addımdır. Paşinyan az qala maskanı ağzından çıxarmır və videoformatda keçirilən görüşlərdə də kompyuter qarşısında ağzı maskalı oturur. Gərək onda bütün Ermənistan əhalisi Baş nazirdən nümunə götürüb maska taxaydı. Burada söhbət maska taxmaqdan getmir. Ermənistan əhalisi maska taxsa belə, xeyri yoxdur, çünki ölkədə hər on-on beş adamdan biri virusa yoluxub və virusa yoluxanlar da müalicə olunmur, onlara heç bir nəzarət həyata keçirilmir. Ermənistan hökuməti təmsilçilərinin pərakəndə, plansız şəkildə koronavirus pandemiyasına yanaşması nəinki bölgəni, eləcə də bütün dünyanı risq altında qoyur. Ermənistan hökuməti öz məsuliyyətsiz davranışlarından nəticə çıxarmaq əvəzinə, təmsilçilərini küçələrə maska paylamaq üçün göndərir. Bu “şou” ilə bu ölkənin hökuməti yeni pullar qoparmaq üçün humanist donuna girib. Amma bu mümkünsüzdür. Azərbaycana gəlincə, bilirsiniz ki, bizim ölkədə maska ilə bağlı heç bir problem yaşanmır. Apteklərdə əsasən yerli istehsal olan maskalar əhalinin cibinə uyğun qiymətə satılır. Bundan başqa da ölkəmizdə mövcud olan könüllülər hərəkatı bu prosesdə yaxından iştirak edir, onlar yollarda, parklarda, meydanlarda, eləcə də ictimai nəqliyyatda əhaliyə maska paylayırlar. Bir sözlə, Azərbaycanda hökumət pandemiya ilə mübarizə sahəsində öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir, lazımi tədbirlər görür, əhalinin virusa yoluxmaması üçün mübarizə tədbirlərini gücləndirir, eyni zamanda da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində proqram xarakterli ardıcıl addımlar atır. Ermənistan hökuməti isə özünün əsas vəzifəsinin icrasını maska paylamaqda görür. Ölkəmizdə müxtəlif qurumları təmsil edən könüllülər əhaliyə maska paylayırlar, Ermənistanda isə hökumət təmsilçiləri bu işi görür. Ermənistan hökumətinin bundan başqa əlindən başqa heç nə gəlmir” - deyə F.Hacıbəyli qeyd etdi.
İradə SARIYEVA