Rusiya ilə Ermənistan arasında ziddiyyətlərin dərinləşməsi danılmaz faktdır. Artıq bu yalnız siyasi analizlərdə, yazılan məqalələrdə ifadə olunmur. İki ölkə arasında baş verən bəzi hadisələr Paşinyanın Rusiyaya yanalma siyasətinin tam fiaskoya uğradığını şərtləndirir.
Paşinyan əvvəl Moskvada qələbənin 75-ci ildönümünə həsr olunan hərbi paradda iştiraka söz versə də, son anda bundan imtina edib. Onun imtinasını əsaslandıran elə bir ciddi səbəb göstərilməyib. Ekspertlər bunu məhz Paşinyanın Rusiya ilə münasibətlərindən doğan addım kimi qiymətləndirir.
Rusiya ilə münasibətlərin gərginliyini göstərən başqa faktlar da mövcuddur. Ermənistanın bütün cəhdlərinə rəğmən, bu ölkənin Rusiyadan aldığı qazın qiymətində hələ də hansısa güzəşt edilməyib və bunun yaxın perspektivdə edilməsinə inam da yoxdur. Buna görə Nikol Paşinyan iqtidarı ciddi tənqid hədəfinə çevrilib. Xüsusən də Rusiyanın Gürcüstana satdığı qazın qiymətini aşağı salması bu prosesi daha da qızışdırıb. Ermənistanın müxalif yönümlü təşkilatları bildirirlər ki, Rusiya özünə dost olmayan Gürcüstan üçün qazın qiymətini aşağı salır, amma strateji müttəfiqi Ermənistana münasibətdə qiyməti qaldırır. Bütün bunlar Ermənistanın baş naziri Nikol Paşinyanın yarıtmaz siyasəti ilə izah olunur. Xatırladaq ki, qaz məsələsi sonuncu dəfə Ali Avrasiya İqtisadi İttifaqının iclasında müzakirə predmeti olub. Burada Nikol Paşinyan qurumun ümumi enerji bazarının yaradılması və qaz qiymətlərinə vahid tariflə satılmasını təklif edib. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin bildirib ki, vahid tarif yalnız vahid büdcə və vergi sisteminin olduğu bazarda tətbiq edilə bilər. Bütün bunlar göstərir ki, Ermənistanın xarici siyasətini Rusiya qəbul etmir.
Rusiya Ermənistanın daha bir xahişini yerə salıb. Buna görə də erməni mediası yenidən Rusiyanı hədəfə alıb. Ermənistanın “Metsamor” AES-in modernləşdirilməsi üçün Rusiya kreditinin bir hissəsindən imtina etməsi ilə bağlı məsələyə toxunan yerli mətbuat yazır ki, Ermənistanın suverenliyinə zidd tələblər olduqda, İrəvan Rusiyaya “yox” deməyi bacarmalıdır. Görünən budur ki, Rusiya Ermənistandakı “məxməri inqilab”dan sonra İrəvanla münasibətləri suverenlik əsasında qurmağa başlayan oyun qaydalarını qəbul etmir. Kreml Ermənistana öz təhlükəsizliyinə təhdid kimi baxır.
Göründüyü kimi, erməni mediasında anti-Rusiya isterikası yenidən qabarır. Ermənistana növbəti zərbə isə Rusiyadakı antifaşistlərdən gəlib. Artıq görünür ki, Ermənistandan kənarda da bu ölkədə faşizmin çiçəklənməsindən duyulan narazılıq artır. Məsələn, Rusiyanın Vladimir şəhərində “Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri şəhər meriyasına müraciət edərək, İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin Vladimir həbsxanasının qəbiristanlığındakı boş məzarının yığışdırılmasını istəyib. Təşəbbüsün üzvləri bildirib ki, Njdenin boş məzarı son illərdə erməni diasporunun nümayəndələri tərəfindən ildə bir neçə dəfə anım məqsədilə ziyarət olunur. Qeyd olunub ki, Njdenin boş məzarı faşizmin qəhrəmanlaşdırılması baxımından istifadə olunur. Bir daha qeyd edək ki, Njde İkinci Dünya müharibəsinin sonunda SSRİ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş və faşistlərlə əməkdaşlığını etiraf etmişdi. Törətdiyi cinayətlərə görə Vladimir şəhər həbsxanasına göndərilən Njde ölümündən sonra həbsxana ərazisində dəfn edilmişdi. 1980-ci illərdə bir qrup şəxs onun qalıqlarını Ermənistana apardı. Amma Vladimir həbsxanasının qəbiristanlığında boş məzarı hələ də durur. Bu isə artıq etirazlar yaradır. “Stopfaşizm” üzvləri xatırladıb ki, 2019-cu ildə Rusiyanın Armavir şəhərində erməni kilsəsinin ərazisində Njdenin xatirə lövhəsi yerli deputat tərəfindən qara rəngə boyanmış, daha sonra ictimai etirazlar nəticəsində lövhə sökülmüşdü. Qeyd edək ki, abidə ilə bağlı proseslər Azərbaycanın bu məsələni qabartmasından sonra aktuallaşdı. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırlatmışdı.
Bütün bu hadisələr göstərir ki, özlərini Rusiyanın strateji müttəfiqi sayan Ermənistanı Moskva bacardığı qədər küncə sıxmaqda maraqlıdır. Hiss edilir ki, artıq Paşinyan Moskvanın təzyiqlərinə tab gətirə bilmir. Bu özünü Rusiyanın dəstəklədiyi siyasətçilərlə bağlı son məhkəmə qərarlarında da göstərdi. Eks-prezident Robert Köçəryan azad edildi, parlamentdəki fraksiya rəhbəri Tsarukyanın həbsinə məhkəmə qərar verməkdən imtina etdi. Bu mənzərə Ermənistan üçün yaxşı nəsə vəd etmir.
Məhəmmədəli QƏRİBLİ