Ermənistanın terrorçu mahiyyətinin ifşa edilməsi, faşizm ənənələrinin bu ölkədə yaşadılmasına dair Azərbaycan tərəfindən son dövrlərdə ortaya qoyulan çoxsaylı faktlara indi dünya ictimaiyyəti tərəfindən də xüsusi diqqət yetirilir. Dünya mətbuatında erməni faşizminə dair yer alan çoxsaylı materiallar, müxtəlif siyasətçilər tərəfindən verilən açıqlamalar da qeyd edilənlərin real təsdiqi sayıla bilər. İndi iş o yerə çatıb ki, hətta Ermənistanın özündə belə faşizmin mövcudluğuna dair etiraflar artır.
Məsələn, “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan qeyd edir ki, Nikol Paşinyanın fəaliyyəti bugünkü Ermənistanda klassik faşist sistemlərinin formalaşdığını birbaşa formada təsdiqləyir:“Baş nazir iddia edir ki, 2018-ci ildə çox yüksək etimad səsi almaqla hakimiyyət üçün siyasi təqiblər həyata keçirməkdə məna görmür. Çox zəif tezisdir. “Çiçəklənən Ermənistan” partiyası və Qaqik Tsarukyana qarşı olan hadisələr göstərir ki, bizə qarşı siyasi repressiyalar həyata keçirilməsinin əsas səbəbi hakimiyyətin “daxili” qorxularıdır, başqa heç bir səbəb yoxdur. Hakimiyyət faşizmə xas qaydada hərəkət edir, insanları siyasi terror və repressiyalarla qorxudur”.
Qeyd edilən bu etiraflar faşizm və terror barədə Azərbaycanın dediklərinin Ermənistanda da təsdiqidir. Yeri gəlmişkən qeyd edək ki, erməni terroru ilə bağlı daha bir ifşaedici fakt Avropa İttifaqına üzv dövlətlərin və “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında baş tutan sammitində Prezident İlham Əliyev tərəfindən yenidən diqqət mərkəzinə gətirildi. Burada Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin çıxışından sonra iddia etdi ki, guya Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirməsinə dair qərar verib. Sonra isə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun burada əfv edilməsindən narazılıq edib. Amma cavabı da dərhal elə oradaca Prezident İlham Əliyev tərəfindən verilib:“Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.
Burada bir məqamı qeyd edək ki, Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək, bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Paşinyanın iddia etdiyi xüsusda Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi. Digər tərəfdən, Paşinyan aldığı cavabla erməni terrorunu bir daha gündəmə gətirdi. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində əsas məqsədinin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Bu məqamın beynəlxalq səviyyəli tədbirdə Azərbaycan prezidenti tərəfindən yenidən gündəmə gətirilməsi Ermənistanı növbəti dəfə mat vəziyyətinə saldı.
Digər tərəfdən, Ermənistanda baş verənlər burada terrorçuluq və faşizmin tüğyan etməsinə dair Azərbaycanın dediklərinin real təsdiqidir. Məsələn, bu yaxınlarda, Paşinyan müxalif partiyaları virus daşıyan basillə müqayisə etdi. Xatırladaq ki, bir vaxtlar Hitler də rəqiblərini virus daşıyıcı basillərlə müqayisə etmişdi. Əvvəlcə yəhudiləri, sonra kommunistləri və sosial-demokratları, həmçinin digər əleyhdarlarını basil adlandırdı. Nasist Hitlerin totalitar düşüncəsi özündən başqa heç bir siyasi subyekti tanımayan bugünkü Paşinyanın düşüncəsinə çox bənzəyir. İstənilən əleyhdarlarının hər birini MTX və cinayət işlərinin açılması ilə təhdid edir. Bu göstərir ki, Ermənistanda hakimiyyətin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Digər tərəfdən, faşizmin Ermənistanda əsas yaradıcılarından olar Njde, məlum olduğu kimi, erməni xalqının ali irqə mənsub olması ideyasını irəli sürürdü və bu ideya nasizm ideyaları ilə uzlaşır. Onun 1930-cu ildə hazırladığı “tsexakronizm” konsepsiyası irqçilik nəzəriyyəsindən çıxış edir. Oxşar ideologiya müasir Ermənistanda da kök atıb və bu, ərazi genişləndirmə siyasəti, türklərə, azərbaycanlılara qarşı fobiya, erməni xalqının ali irqə mənsub olması və 3 dənizin ortasında “Böyük Ermənistan” ideyalarının bir hissəsidir. Paşinyan bunlara sadiq qalmaqla Ermənistanda faşizmin təşəkkülünə yeni təkan verir.
Tahir TAĞIYEV