Rusiya və Türkiyənin geosiyasi müstəvidə bir-birinə daha çox yaxınlaşmaq niyyəti özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Tərəflərin Suriya və liviya kimi bölgələrdə mövqeyi bəzən ziddiyyət doğursa da, məsələlər qarşılıqlı anlaşma şəklində həllini tapır.
Bunlar fonunda vaxtaşırı səslənən məqamlardan biri də tərəflərin Cənubi Qafqaz kimi mühüm bir geosiyasi məkanda daha sıx əməkdaşlığa start verə biləcəyidir. Hadisələrin belə mümkün ssenarisindən isə, həmişəki kimi, xüsusi narahatlıq duyan tərəflərdən biri Ermənistandır. Burada hesab edilir ki, Moskva və Ankaranın Qafqazda mümkün yaxınlaşması İrəvan üçün böyük zərbə olacaq. Xüsusən də İsveçin “Nordic Research Monitoring Network” qeyri-kommersiya təşkilatının “Nordic Monitor” portalı tərəfindən gündəmə gətirilən iddilardan sonra Ermənistanın narahatlığı daha da artıb. Sözügedən portal tərəfindən isə Türkiyənin Ermənistan və Yunanıstana hərbi müdaxilə planı hazırladığına dair iddialar irəli sürülüb. İddiaya görə, belə bir planın olması faktı 15 iyul dövlət çevrilişinə cəhd işi üzrə həyata keçirilən məhkəmə prosesinin materiallarında təsadüfən ortaya çıxıb. Portalın iddiasında qeyd olunur ki, Ermənistana hərbi müdaxilə planı 2000-ci ilin 15 avqust, Yunanıstana hərbi müdaxilə planı isə 2014-cü ilin 13 iyun tarixinə aiddir:“Yunanıstana hərbi müdaxilə planının kod adı səlcuq əmiri Çaka bəyin şərəfinə “Çak-vur”, Ermənistana hərbi müdaxilə planının kod adı isə 1920-ci illərdə Türkiyə Cümhuriyyətinin qurulması uğrunda müharibədə iştirak edən general Altay Fəxrəddinin şərəfinə “Altay” adlandırılır”. Bu informasiyalar yenidən Ermənistanda dəhşətli narahatlığa səbəb olub. Türkiyənin Suriya və Liviyadakı hərbi əməliyyatlarına, son olaraq da İraqın şimalında PKK terrorçularına qarşı keçirilən “Pəncə-Qartal” əməliyyatına diqqət çəkən Ermənistan mediası məxfi qrifli “Altay” əməliyyatı haqqında iddianı tirajlayıb. Erməni şərhçi Aram Amatuni yazır ki, Türkiyənin Ermənistana hərbi müdaxilə planı təəccüblü deyil: “Belə əməliyyat planları ehtiyat variant kimi daim türk ordusunun gündəmində olub. Son günlər Ermənistanın daxili siyasətində yaşanan kataklizimlər belə əməliyyatlar üçün yeni imkanlar yaradır. Türkiyə PKK terror qruplaşmasına qarşı antiterror əməliyyatı çərçivəsində İraqda hərbi əməliyyata başlayıb. Təsadüfi deyil ki, Türkiyənin yeni hərbi əməliyyatı fonunda Ermənistan sosial şəbəkələrində Türkiyə Baş Qərargahında Ermənistana qarşı hücum planının hazırlanaraq müzakirə olunduğu barədə informasiya kifayət qədər geniş yayılmaqdadır. Əslində, İsveç QHT-nin himayəsində olan “Nordic Monitor” saytı daha əvvəl də bu barədə məlumat yayıb. Yəni Türkiyədən gələn bu məlumat yeni deyil, bir neçə ay əvvəl də yayımlanmışdı. Buna qədər Rusiya amilinə görə Ermənistan arxayın ola bilərdi. Amma indi Rusiyanın mövqeyi dəyişir. Düzdür, Rusiya ilə Türkiyənin indi açıq-aşkar problemləri var, Moskva və Ankara Liviya ilə bağlı razılığa gələ bilmir, əslində isə Suriya ilə bağlı razılığa gələ bilmirlər. Hətta Rusiya-Türkiyə strateji ittifaqının rus ekspertləri də ittifaqın öz imkanlarını tükəndirməsindən danışırlar. Bu o deməkdir ki, həm Türkiyə, həm də Rusiya olduqca aqressiv ola bilər. Üstəlik, təkcə bir-birilə deyil, hazırda dominant tandem olan geosiyasi aktorlar Çin və ABŞ-ın da təsiri altında olma problemləri var. Bu arada Gürcüstanın xüsusi xidmət orqanları, verilən məlumata görə, Gürcüstanda Putinə qarşı açıq-aydın sərt ifadələrdən sonra şöhrət qazanan bir gürcü jurnalistinə sui-qəsd etmək niyyətində olan Rusiya vətəndaşını həbs ediblər. Gürcüstanın xüsusi xidmət orqanları Rusiya vətəndaşı vasitəsilə problemin həll edilməsi məsələsini Çeçenistan prezidenti Kadırovun həyata keçirməsindən şübhələnirlər. Kadırovun özü bu məlumatı təkzib edib. Ancaq problem, geniş mənada, Gürcüstan xüsusi xidmətinin əslində Türkiyə və Rusiya istiqamətindəki iki fəaliyyətidir. Bu fonda, cari həftə ərzində Ermənistanda baş verən daxili siyasi hadisələr və hökumətin bununla bağlı hərəkətləri olduqca diqqət çəkici ola bilər”. Amatuni yazır ki, Ermənistandan narazı qalan Rusiya Türkiyə vasitəsilə İrəvanın sıxışdırılmasına göz yuma bilər.
Elə Rusiyanın “Kommersant” nəşri də yazır ki, Kreml İrəvandan getdikcə daha çox narazı qalır: “Respublikanın ikinci prezidenti Robert Köçəryanın həbsi, üçüncü prezident Serj Sarkisyana qarşı qaldırılan cinayət işləri, hüquq-mühafizə orqanlarına, bələdiyyəyə siyasi nəzarət, icra hakimiyyəti ilə məhkəmə hakimiyyəti arasındakı qarşıdurma var. Bütün bu hadisələri bir şey birləşdirir. Bütün bunların ardınca “Çiçəklənən Ermənistan” partiyasının sədrinin həbsinə hazırlıq da Rusiyaya bağlı insanların sıradan çıxarılmasına yönəlik daha bir addım sayılır. Moskva isə bunları sakit seyr edə bilməz. Hakimiyyət dəyişikliyindən sonrakı hökumət onun nəzarətindən kənarda qalan digər güc və təsir mərkəzləri ilə birlikdə hökm sürmək istəmir. Strateji baxımdan bu çətin bir yoldur. Bugünkü vəziyyət dəyişsə, baş nazirin əleyhdarlarının açıq cinayət işləri ilə ona eyni şəkildə əvəzini ödəmə niyyətləri istisna edilmir. Paşinyana qarşı olanların Rusiyaya bağlılığı burada diqqətdən yayınmamalıdır”.
Məhz belə vəziyyətdə Rusiyanın Ermənistana kənardan edilən təzyiqlərlə bağlı neytral bir mövqedə qalma ehtimalı artır. Çünki bununla Paşinyan iqtidarına həm də bir dərs verilir. Elə erməniləri də məhz bu vəziyyətdə Türkiyənin Qafqazda daha aktiv fəaliyyətə keçə biləcəyi narahat edir. Çünki bu halda Ermənistanın regionda mövqeyi daha zəif hala gələcək.
Nahid SALAYEV