Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi çoxdan deyilir. Bunu nəinki Ermənistanın daxilindəki siyasi qüvvələr, hətta beynəlxalq analitiklər də zaman-zaman şərh ediblər.
Ona görə də Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, qanunsuz mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Bu qüvvələr nəhayət küçədən gələn Paşinyanın baş nazir olmasına da nail oldular. Bundan sonra Ermənistan daxili siyasətində parçalanmalar baş verdi. Hakimiyyət, faktiki olaraq, Qarabağ klanı və anti-Sorosçu müxalifətçilər arasında var-gəl etməkdədir. Baxmayaraq, Paşinyan özü süni davranışları ilə vəziyyətin belə olmadığını, əksinə, hər şeyin onun ürəyincə olduğunu göstərməyə çalışır. Onu Sorosun əlaltısı olmaqda ittiham edənləri isə ən sərt şəkildə cəzalandırır. Son həbslərin də anti-Soros cameəsində baş verdiyini iddia edənlər az deyil. Belə qənaətə gəlinir ki, Paşinyan əsasən Rusiyaya meylli olan, anti-Soros ovqatlı siyasiləri sıradan çıxarır. Ermənistandakı bu təzahürləri necə dəyərləndirmək olar?
Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda baş verən hadisələrə sırf Soros kontekstindən yanaşmaq olmaz: “Siyasi səhnədən diktator üsullarla uzaqlaşdırılan “Çiçəklənən Ermənistan” fraksiyasının sədri hakimiyyətinin ilkin dönəmlərində Paşinyanın özünə də sərf edirdi. Çünki onun üzərindən Rusiya ilə oynaya bilirdi. Köçəryan və Serj Sarkisyan kimi Rusiyaya meylli olan dərin əlaqələrə malik siyasətçilərin rolunu o, biznesmen Qaqik Tsarukyana verməklə siyasi balansı təmin etmək istəyirdi. Ancaq sonra gördü ki, Qaqik onu parlamentdə açıq şəkildə söyür, lağa qoyur. Paşinyanın bu həddə gəlib çıxmasının özü də təəccüb doğurur. Hiss olunur ki, o, ölkəyə nəzarət edə bilmir. Yalnız Qarabağ kartı ilə manipulyasiya etməklə özünü daxili auditoriya qarşısında qoruya bilir. Fikir verin, hər dəfə vəziyyət pisləşəndə o, Qarabağa səfər edir. Bir az xal yığıb, geri dönür. Qaqikin həbsi elə bir ciddi təlatümə səbəb olmayacaq. Cünki onun cəmiyyətdə dərin nüfuzu yoxdur. Yekun rəy budur ki, Paşinyanın repressiya apardığı şəxslər Rusiyaya meylli adamlardır. Burada sırf Soros faktoru rol oynamır. Ümumi anlamda bu düstür alınır. Çünki Rusiyaya meylli olmaq elə anti-Soros olmaq deməkdir. Amma Ermənistanda Sorosla bağlı maraqlı proseslər yaşanır. “Sorosun uşaqları” deyilən zümrə heç vaxt hakimiyyətdə bu qədər təmsil olunmayıb. “Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryan bildirib ki, milli suveren dövlətləri məhv edən Amerika və avantürist Soros Ermənistanda öz geniş şəbəkəsini qurub, faktiki olaraq Ermənistan hakimiyyətini ələ keçirib. Bu faktdır. Amma gəlin görək, həmin şəbəkənin özü hazırda Paşinyanı qəbul edirmi? İndi onlar yavaş-yavaş Paşinyanın arxasından çəkilir və prosesi özləri yönəltmək istəyirlər. Faktiki olaraq, Paşinyan onlar tərəfindən də küncə sıxılmış vəziyyətdədir”.
Məhəmmədəli QƏRİBLİ