Erməni mediası yazır ki, Ermənistanda Paşinyanı dəstəkləyən kütləvi informasiya vasitələrinə Rusiya və İran əleyhinə materiallar dərc etmək tapşırılıb. Guya yeganə çıxış yolu ABŞ-la yaxınlaşmaqdır.
Bununla bağlı ölkə mətbuatı bəzi məqamlara toxunub: “Görünən budur ki, Ermənistan hakimiyyəti Birləşmiş Ştatlardan konkret tapşırıqlar alır. Onların əsas istəyi İrəvanın Moskva, Tehran və Pekinlə münasibətlərini korlamaqdır”.
Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyan bildirib ki, hökumətyönlü təbliğatçılar və Nikolun mətbuatı Ermənistandakı daxili siyasi vəziyyətdən yararlanaraq anti-Rusiya hisslərinin yayılmasına yeni təkan verib: “KİV yazır ki, Ermənistanın bütün bəlalarında Rusiya, yəni Putin günahkardır. Ancaq Nikol nahaq yerə özünü aldadır. Tramp heç vaxt onu qəbul etməz. Bu gün Ermənistanın təhlükəsizliyi təhlükə altındadır”.
Həqiqətən də son dövrlər erməni mətbuatında anti-Rusiya ritorikası artıb. Bəzən Rusiya Prezidenti Vladimir Putinə qarşı çox sərt yazılar yazılır. Son vaxtlar erməni mediasında İrana qarşı da tənqidlər yayılmaqdadır. Hansı ki, erməni mətbuatında nadir hallarda İran tənqid edilirdi. Bütövlükdə, Paşinyan hakimiyyətinin apardığı bu siyasət Ermənistanı hara aparır?
“Guya bütün bunları nəzərə alan ABŞ Ermənistana siyasi və iqtisadi yardımları artıracaq”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Paşinyan onu gözləyən fəlakətdən qorunmaq üçün bu cür addımlar atır: “Yəni Qərbin dəstəyini təmin etməkdən ötrü bu qədər canfəşanlıq göstərilir. Zatən, Paşinyana yaxın olan media orqanları silsilə şəklində Rusiyanı tənqid edirlər. Prinsip etibarilə bu yeni deyil. Hətta bir sıra hallarda tənqidin dozası daha da artırılır. Bununla Paşinyan özünü Qərbə göstərir ki, ona daha çox yardım etsinlər. Ancaq ötən iki ildə Qərb gərəkən dəstəyi Ermənistana göstərməyib. Xüsusən də maliyyə yardımı ilə bağlı gözləntilər reallaşmayıb. Hansı ki, bu, Ermənistanın ən yaralı yeridir. Son günlər Rusiyaya qarşı aparılan təbliğat kampaniyası həm də ölkədəki gərgin siyasi proseslərlə bağlıdır. Paşinyan hesab edir ki, baş verənlərin arxasında Rusiya dayanır. Bu üzdən, Prezident Putin əsas tənqid hədəfidir. İrana qarşı tənqidlər isə sırf Qərbin xoşuna gəlmək məqsədi daşıyır. Eyni vaxtda İsraildə səfirliyin açılması məsələsinin gündəmə gəlməsi buna xidmət edir. Guya bütün bunları nəzərə alan ABŞ Ermənistana siyasi və iqtisadi yardımları artıracaq. Ancaq Paşinyan yanılır. Belə siyasət onu uçuruma aparır. Çünki Ermənistan elə bir geosiyasi məkanda yerləşir ki, bu cür siyasət çox pis nəticələrə gətirib çıxara bilər”.
Vidadi ORDAHALLI