“Çiçəklənən Ermənistan” partiyasının sədri, “Tsarukyan” deputat fraksiyasının lideri, milyonçu Qaqik Tsarukyanın deputat toxunulmazlığının iyunun 16-da Ermənistan parlamenti tərəfindən ləğv edilməsi həmin ölkədəki siyasi prosesləri daha da qızışdırıb.
Onun tərəfdarları bildirir ki, seçki cinayətində, seçiciləri pulla ələ almaqda günahlandırılan Q. Tsarukyan sırf siyasi motivlərlə ölkənin təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edilib. Q. Tsarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir. İstər son vaxtlar Ermənistanda baş verən repressiyalar, istərsə də Q. Tsarukyanla bağlı hadisələr fonunda Paşinyanın 2018-ci ildən bəri formalaşan “demokrat” imici sürətlə dağılır və onun yerində diktator obrazı formalaşır. Faktiki olaraq şahidi oluruq ki, Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı durmadan artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar güclənib. N.Paşinyanın yeganə məqsədi hakimiyyətinin müddətini uzatmaqdır.
Paşinyanın diktor kimi tanınmağına səbəb olan hadisələr nədən ibarətdir?
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda hakimiyyət dəyişikliyinə gətirən 8 may məxməri inqilabından sonra ölkə iqtisadiyyatında tənəzzül nəinki dayanmayıb, hətta əksinə, daha da dərinləşməkdədir:“Bunu təkcə biz demirik. Yerli müstəqil iqtisadçı ekspertlər də söyləyir və həyəcan təbili çalırlar. Əsas səbəb də işğalçı ölkədə inqilab sonrası davam edən daxili qeyri-müəyyən vəziyyətdir. Bununla belə, inqilabçı baş nazir Nikol Paşinyan iqtisadi xarakterli populist açıqlamalar və vədlər verməkdə davam edir. Guya ki, Ermənistanda artıq iqtisadi yüksəliş başlayıb. Özünü “demokrat” adlandıran və demokratiya yolu ilə hakimiyyətə gəldiyini, hakimiyyətin mənbəyinin xalq olduğunu hər yerdə bəyan edən Ermənistan baş naziri Nikol Paşinyan bugünlərdə öz əməlləri və çıxışları ilə özünün əsl üzünü xalqa göstərməkdədir. “Məxməri” inqilab zamanı Paşinyan hər şeyin xalqın istədiyi kimi olacağını və bütün proseslərin demokratiya çərçivəsində gedəcəyini bəyan etməsinə baxmayaraq, özü verdiyi vədləri yerinə yetirməməklə kifayətlənməyib xalqın səsini boğmağa çalışır. Ölkə daxilində heç bir sahədə islahatlar apara bilməyən və xalqın diqqətini başqa yönə istiqamətləndirmək, keçmiş rejim üzərindən ölkədaxili gündəmi müəyyən etməyə çalışan Paşinyan bugünlərdə nəinki köhnə rejimin diktator əməllərindən fərqlənməyəcək, hətta irəli gedəcək addımlar atır.
Paşinyan hakimiyyətə gəldikdən sonra 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işinin açılması, bunun timsalında Robert Köçəryan barəsində həbs qərarının verilməsi onun ölkəni demokrat kimi deyil, əsl diktator kimi idarə edəcəyinə şübhə yeri qoymadı. Paşinyan hakimiyyətə gələn zaman yeni seçilən parlamenti də qanunsuz vasitələrlə özünü buraxmağa vadar etdi. Sonra onun sözünü eşitməyəm məhkəmə hakimlərinə qarşı eyni pressinqi tətbiq etdi. Artıq vəziyyət o həddə çatıb ki, ona müxalif olan partiya sədrlərini belə diktator metodlarından istifadə etməklə siyasi səhnədən kənarlaşdırır. Təbiidir ki, bütün bu addımlar Paşinyanı diktator kimi qəbul etməyə əsas verir”.
Məhəmmədəli QƏRİBLİ