Ermənistanda baş verənlərə Rusiya mediası da geniş yer ayırmaqdadır. "Nezavisimaya qazeta” yazır ki, Ermənistan bir tərəfdən koronavirus pandemiyasının, digər tərəfdən də Baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı həyata keçirdiyi zorakılıqların əlində qalıb. Etiraz aksiyaları zamanı 100-dən çox şəxs həbs edilib.
Baş verənləri qəzetə şərh edən politoloq Andranik Tevanyan ölkədəki mövcud siyasi vəziyyətin miqyaslı şəkildə mülkiyyətin və kapitalın bölgüsü ilə əlaqəli olduğunu bildirib: “2018-ci ildə oliqarx rejimini devirən qüvvə hakimiyyətə gəldi. Onların problemi varlanmaq idi və buna da iri kapital mane olurdu. Əgər Baş nazir Nikol Paşinyan onların öhdəsindən gələ bilərsə, növbədə kiçik və orta biznes olacaq. Yoxsullar daha da pis yaşamağa başlayacaqlar və yalnız Paşinyanın populist çıxışları ilə yemlənəcəklər. Paşinyan dövlət pulu ilə komanda yoldaşlarını satın alır, mükafatlar paylayır, Çarukyana hücum isə özəl sektorun ələ keçirilməsidir. Hakimiyyət iddia edir ki, Ermənistanda mülkiyyət, xüsusən də iri kapital qanunsuz yolla əldə edilib. Korrupsiyaya qarşı mübarizə adı altında mülkiyyətin yenidən bölgüsü aparılır. Kapital əldə etmək üçün Baş nazir ictimai təlatümlərə gedir. Bütün bunlar isə ərazilərin, hətta dövlətçiliyin məhvinə gətirib çıxara bilər”.
Göründüyü kimi, məsələnin kökündə kapitalın və az-çox gəlirli olan bütün sahələrin ələ keçirilməsi dayanır. Paşinyan, bu minvalla, öz hakimiyyətini möhkəmləndirmək istəyir.
“...Paşinyanın istefaya gedəcəyi istisna deyil”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, ölkədə proseslərin gərginləşməsi əsasən kapital bölgüsü ilə bağlıdır: “Ermənistanda siyasi böhran yaşanır. Sözügedən böhran hakim klanla müxalif klan arasında münasibətlərə öz təsirini göstərir. Paşinyanın hakimiyyətə gələn zaman verdiyi vədlər özünü doğrultmadı. Vəd verirdi ki, ölkəni qısa zamanda iqtisadi və sosial böhrandan çıxaracaq. Korrupsiyaya qarşı mübarizə aparacağı ilə bağlı vədlər özünü doğrultmayıb. Bu günlərdə onun Kanadada dəyəri 3 milyon dollar olan mülk alması ortaya çıxdı. Bu, ictimaiyyətdə böyük rezonansa səbəb oldu. Bu, onu göstərir ki, Paşinyan hakimiyyətə gələndən sonra, sadəcə olaraq, hakimiyyətin verdiyi imkanlardan istifadə edərək erməni xalqının deyil, özünün, ətrafının, yaxınlarının mövcud problemlərinin həlli ilə bağlı daha çox düşünür. Bu istiqamətdə də addımlar atır. Başqa bir tərəfdən, Paşinyan onun hakimiyyətə gəlməsində maraqlı olan, buna görə maliyyə dəstəyi verən qüvvələrin də müəyyən mənada etimadını doğrultmalı idi. Bu mənada onun Rusiya ilə bağlı güc nazirlərinin 3-nün birdən istefasını qəbul etməsi, separatçı qurumda öz adamını hakimiyyətə gətirməsi onu göstərir ki, Paşinyanın təmsil olunduğu klanla “Qarabağ klanı” arasında Ermənistanda mülkiyyət və kapitalın yenidən bölüşdürülməsi uğrunda kəskin mübarizə gedir. Sözügedən mübarizə, faktiki olaraq, özünün daha kəskin və fərqli mərhələsinə daxil olur. Hesab edirəm ki, bu mübarizənin kəskinləşəcəyi təqdirdə Paşinyanın istefaya gedəcəyi istisna deyil. Təsadüfi deyil ki, onun istefası ilə bağlı parlamentdə fikirlər səsləndirilir. Çarukyanla bağlı gedən proseslər göstərir ki, Paşinyan ona qarşı olan qüvvələri maksimum tez neytrallaşdırmaq istəyir. Ancaq proseslərin gedişi göstərir ki, qarşıdakı dönəm Paşinyan üçün çox çətin olacaq”.
Vidadi ORDAHALLI