Bu gün müasir tələblərə cavab verən silah istehsalçıları sırasında xüsusi yer tutanlardan biri də Azərbaycanla daim strateji əməkdaşlığa can atan İsraildir. Bu ölkənin illik silah ixracının həcmi artıq illik 10 milyard dolları keçir. Stokholm Beynəlxalq Sülh Araşdırması İnstitutunun açıqlamalarından isə belə bəlli olur ki, İsrailin silah satdığıı əsas ölkələrdən biri də Azərbaycandır.
Burada bir məqamı da qeyd edək ki, İsrail müəyyən silahları yalnız Azərbaycana ixrac edir. Bu səbəbdən elə müasir silahlar var ki, onlar yalnız İsrail və Azərbaycan ordularında mövcuddur. İşğalçı Ermənistan isə vaxtaşırı İsrailin Azərbaycana silah satışına öz etirazını bildirsə də, bunun Dağlıq Qarabağ münaqişəsinə təsir etdiyini bəyan etsə də, İrəvanın dediklərinə məhəl qoyan yoxdur. Əksinə, Azərbaycan İsraildən yeni hərbi texnikaların idxalını davam etdirir. Məsələn, bu il Azərbaycan İsrailin “Plasan” şirkətindən “SandCat” zirehli avtomobilinin “StormRider” adlı yeni modifikasiyasını alıb. Yeni maşın üzərində bir ədəd 12.7 millimetrlik NSVT pulemyotu və bir ədəd avtomatik qumbaraatan qurğusu yerləşdirilmiş döyüş modulu ilə silahlandırılıb. “SandCat” zirehli maşın xəttinin yeni nümunəsi olan “StormRider” 10 nəfər daşıyır. Müstəqil asqı sisteminə sahib olan zirehli maşının minaya qarşı qoruması ən yüksək səviyyədədir. Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun silahlanmasına “SandCat”ın müxtəlif variantları daxildir.
Qarşıdakı dövr ərzinədə də Azərbaycan İsraildən müxtəlif hərbi texnikanın idxalını planlaşdırır. Elə bu günlərdə “The Jerusalem Post” qəzeti qeyd edilən məsələyə toxunaraq, Azərbaycanı İsrail üçün hərbi müstəvidə də mühüm tərəfdaş adlandırıb. Qəzet bu səbəbdən bəzi silah nümunələrinin İsrail tərəfdən yalnız Azərbaycana satıldığını bildirir: “Məsələn, İsrailin “Israel Aerospace Industries” konserni bərk yanacaqla işləyən birpilləli LORA operativ-taktiki raket kompleksinin sınaqlarının uğurla başa çatması barədə rəsmi məlumat verib. Azərbaycan isə İsrailin həmin raket komplekslərini göndərdiyi ilk və yeganə ölkədir. Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu hələ iki il bundan əvvəl LORA ilə təchiz olunub. Azərbaycan İsrailin bu raketləri göndərdiyi ilk və yeganə ölkədirsə, deməli, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq etimadın və daimi dialoqun ən yüksək səviyyəsinə dəlalət edir. Bu tərəfdaşlıq əvvəllər energetika sahəsinə yönəlmişdi, indi isə tərəfdaşlıq iqtisadiyyatın digər sektorlarına da, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrinə də şaxələndirilib. İsrailin müdafiə şirkətləri Azərbaycan hərbi sənayesinin qurulmasında fəal iştirak edib və bu iştirak davam edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. LORA operativ-taktiki raket kompleksi mövzusuna qayıdaraq qeyd etmək lazımdır ki, bu raket 2004-cü ilin mart ayında Aralıq dənizində uğurla sınaqdan keçirilib və İsrail müdafiə ordusunda müvəffəqiyyətlə istifadə edilir. LORA raketinin yeni sınaqları bir qədər yeni modifikasiyanın sınaqlarıdır. Bundan əlavə, hər hansı ölkənin Azərbaycana göndərdiyi hər bir silah Azərbaycan Silahlı Qüvvələrində zəruri sınaq və test yoxlamalarından keçirilir. Bütün bunlara baxmayaraq, Ermənistan İsraillə hansısa etimada əsaslanan münasibətlər qurmaq ümidindədir. Amma bunlar ümiddən o tərəfə keçməyib. Xatırladaq ki, İsrail hərbi-sənaye kompleksi yetərincə ciddi qurumdur və İsrail Müdafiə Nazirliyinin tam nəzarəti altında fəaliyyət göstərən çox ciddi peşəkarlar komandasıdır. Bugünkü Azərbaycan ordusu isə Cənubi Qafqazda ən qüdrətli ordu, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Müasir müharibədə kimin döyüş əməliyyatlarını təmin etmək üçün daha müasir yüksək texnoloji vasitələri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin aprel əməliyyatı zamanı erməni işğalçılara qarşı İsrailin pilotsuz zərbə qurğularının səmərəli tətbiq edilməsini xatırlamaq kifayətdir. Bu barədə çox danışmaq olar. İsrail müstəqil Azərbaycanı tanımış ilk ölkələrdən biri olub. Avrasiyada heç bir ölkə İsraillə Azərbaycan qədər sıx dostluq münasibətlərinə malik deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin mərkəzi hesab edilən güclü müstəqil dövlətdir. Azərbaycan fəal çoxvektorlu müstəqil xarici siyasət yürüdür. Gözlənən geosiyasi maneələrə və labirintlərə baxmayaraq, İsrail və Azərbaycan möhkəm və sarsılmaz tərəfdaşlıq qurmağa nail olub”.
Həqiqətən də Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Ölkəmizdə silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Qeyd edək ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 15 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə Azərbaycan və İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. “Orbiter-2” aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib. Azərbaycan İsraildən aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını da alıb. Eyni zamanda “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. İsraildən aldığımız “Barak-8” zenith-raket kompleksinin atış mənzili 90 kliometr, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur. Ordumuz İsrailin “Elbit Systems” şirkəti ilə birgə modernizə edilmiş və aktiv müdafiə sistemi ilə təchiz edilmiş T-72SİM1 tankına sahibdir. Tankın üzərində qurulmuş lazer aşkarlayıcı lazerlə idarə olunan tank əleyhinə raketləri 360 dərəcə ətrafda 600 metr məsafədən aşkarlamağa imkan verir. Bundan sonra avtomatik şəkildə işə düşən sursat 100 metr məsafədən təhdidi məhv edir. Barəsində yuxarıda bəhs edilən LORA raketləri isə germetik atıcı-nəqlyyat konteynerlərində yerləşdirilir və səhra şəraitində 7 il müddətinə qədər saxlanıla bilir. Bu raketlər , GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi tərəfindən bütün uçuş trayektoriyası üzrə idarə edilir. GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilir, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilir. Yüksək dəqiqlik raketi "Navstar" kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku hesabına 10 metrə qədər hədəfdən yayınma ehtimalı əldə edilir ki, bu da LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirir. Raketlər həm yerüstü, həm də dəniz bazasından buraxıla bilər. Buraxılış nəqliyyat atıcı konteynerlərinin şaquli vəziyyətində həyata keçirilir. Raket hədəfə aşağı sürətlə enməni atəş məsafəsinin artırılması üçün istifadə edir. Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər. Azərbaycanın aldığı müasir "Polonez","Smerç", "Lynx", 9K79-1 "Toçka" və digər sistemlərlə birlikdə LORA raketləri ordumuzun zərbə imkanlarını daha da artırır. Ölkəmiz İsraildən digər çoxsaylı müasir silahlar da alıb. Hazırda İsraillə hərbi əməkdaşlağımız daha da genişlənir. Yayılan məlumatlara görə, növbəti mərhələdə Azərbaycan İsraildən “Dəmir gümbəz” komplekslərinin alınmasını nəzərdə tutub. Bu komplekslər Azərbaycanın hava hücumundan müdafiəsini və raket hücumlarına qarşı müdafiəsini daha gücləndirmiş olacaq. Yuxarıda qeyd edildiyi kimi, Ermənistan İsrailin Azərbaycana silah satışına mane olmaq istəsə də, bunun üçün ABŞ-da erməni lobbisi hərəkətə gətirilsə də İrəvan heç bir nəticəyə nail olmayıb. Əksinə, İsrail və Azərbaycan arasında hərbi əməkdaşlıq getdikcə dərinləşir. Təbii ki, bu fonda İsraildən alınan silahlar, Qarabağ münaqişəsi hərbi müstəvidə həll ediləcəyə təqdirdə, 2016-cı ilin aprelində olduğu kimi yenə Ermənistana böyük şok yaşadacaq. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi isə davam etdirilir. Bu da o deməkdir ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdiyi kimi, müdafiə qüdrəti artan Azərbaycan ordusunun qarşısında erməni tərəfinin duruş gətirməsi sadəcə mümkünsüzdür.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.