Ermənistanda mövcud hakimiyyətə müxalif qüvvələrin arasında baş verənlər bu ölkədə diktatura rejiminin rəqiblərini artıq güc yolu ilə sıradan çıxarmaqda maraqlı olduğunu göstərir. “Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentdəki “Tsarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Hagik Tsarukyanın ətrafında baş verənlər də bunun real təsdiqidir.
Xatırladaq ki, artıq Ermənistan parlamentində Tsarukyanın deputat toxunulmazlığı ləğv edilib. Baş prokurorluq tərəfindən onun həbsinə icazə verilməsi üçün qanunverici orqan qarşısında qaldırılan vəsatət də təmin olunub. Bu fonda Tsarukyanın tezliklə həbsə atılması gözlənir. Onun məhz Nikol Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Yəni budəfəki təqiblərin Paşinyanın birbaşa göstərişi ilə həyata keçirildiyi heç kimə sirr deyil. Ümumiyyətlə, populist çıxışları ilə tanınan Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi hər kəsə məlumdur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları hətta “asfalta uzatmaqla” hədələyir. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Ölkədə faktiki olaraq siyasi repressiyalar həyata keçirilir. Indi ekspertlər bildirir ki, Ermənistanda totalitar inqilabi diktatura qurulub. Amma Tsarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi də diqqətdən yayınmır. Məsələn, ABŞ Dövlət Departamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri hələ də məsələyə laqeyd yanaşırlar. Bəzi ekspertlər hesab edir ki, Paşinyanla bağlı bu mövqenin sərgilənməsində onun amerikalı iş adamı Corc Soros tərəfindən dəstəklənməsi də müəyyən rol oynayır.
Bu durumda Paşinyan siyasi rəqiblərini güc yolu ilə sıradan çıxarmaqda davam edir. Belə vəziyyətdə onun rəqibləri bir araya gəlib Rusiyanın yardımı ilə Paşinyanı durdurmağa çalışır. Ermənistanın “Daşnaksütyun” Partiyasında bir sıra siyasi qüvvələrin bir araya gəlməsi də bunu təsdiq edir. Söhbət “Çiçəklənən Ermənistan”, “Daşnaktsütyun”, “Vətən”, “Milli Gündəm” və “Vahid Ermənistan” partiyalarından gedir. “Qarabağ klanı” da onlara dəstəkverməyə hazır olduğunu bildirir.
Barəsində bəhs edilən görüşün baş tutması Ermənistanda müxalifətin birləşməsi prosesi haqqında danışmağa əsas verir. “1in.am” nəşrində erməni siyasi analitik Aram Amatuni məsələ ilə bağlı yazır:“Məsələ burasındadır ki, müxalif qüvvənin ilk göstəricisi sosial dəstəyin reallığı olmalıdır. Bu baxımdan “Çiçəklənən Ermənistan” Partiyası və “Daşnaktsütyun” daha çox dəstəyə malikdir. Onların sosial dəstəyi nədir, hakim çoxluqla müqayisədə neçə faiz təşkil edir, bu, məsələnin digər tərəfidir. Amma əsas məsələ burasındadır ki, müxaliflər Ermənistanda əsasən Rusiya Xarici İşlər Nazirliyinin himayəsi altında bir araya gəlir. İndi də bu himayə altında fəaliyyət göstərən sistemlə əlaqəli istənilən “dəfinə” yalnız Vladimir Putinin yeni dövrü və iqtidar məsələsi ətrafında baş verə biləcək Rusiya hökumətində “dəfinələrin” yenidən bölüşdürülməsi ilə birbaşa əlaqəli ola bilər. Bu mənada, orada, yəni Rusiyada kölgə oyunu Ermənistanda əks olunan kifayət qədər kəskin mübarizə fonunda gedir”.
Burada xatırlatmaq yerinə düşər ki, Tsarukyan sabiq prezident Robert Köçəryanın adamıdır. Köçəryan isə Rusiya prezidenti Vladimir Putinin dostudur. Bu zəncirin halqalarını davam etdirsək, “Çiçəklənən Ermənistan”ın yiyəsinin yönünün şimala olduğu qənaətinə gələ bilərik. Bu isə Paşinyanın Rusiyanın daha bir adamını həbsə göndərməyə qərar verdiyini göstərir. Yəni Paşinyan Kremlin adamlarına qarşı mübarizəni davam etdirir. Elə bu da Kremlin xoşuna gəlmir. Digər tərəfdən xatırladaq ki, hələ ötən ilin yayında payızda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcəyi barədə məlumat yayılmışdı. Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilatlar və cəmiyyətlərin daxil olacağı gözlənirdi. Bu məlumat yayılmazdan bir müddət əvvəl Robert Köçəryan verdiyi müsahibədə hakimiyyət məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. Görünür, Robert Köçəryanın nəzərdə tutduğu müxalifət payızda deyil, Tsarukyan ətrafında baş verənlərdən sonra indi birləşir. Rusiya da bu qüvvələrə dəstək verir. Birləşmiş müxalifətin liderinin isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” Partiyasının sədri Artur Vanetsyanın olması gözlənilir. O bildirir ki, ölkədə fəlakət baş verdiyindən, vəziyyət gündən-günə ağırlaşdığından Paşinyan istefaya getməlidir. Bu durumda müxalifətin əsas istəyi ölkədə yeni parlament seçkilərinə nail olmaqdır. Məsələ burasındadır ki, müxalif deputatların perspektivdə parlamentin işində iştirakdan imtina etməsi qanunverici orqanın işini iflic edər. Ermənistan qanunlarına əsasən, müxalifət parlamentdə təmsil olunmasa, növbədənkənar seçkilər keçirilməlidir. Bu halda hakimiyyətin taleyi yenə küçələrdə həll olunacaq. Amma indi Paşinyan küçələrdən daha əvvəlki dəstəyi ala bilmir. Bu isə onun devrilmə ehtimalını artırır.
Nahid SALAYEV