Bir neçə gündür ki, sosial medianın Azərbaycan seqmentində Bakının Yasamal rayonu ərazisində polisin karantin qaydalarını pozan vətəndaşlara qarşı apardığı əməliyyatla bağlı müzakirələr gedir. Həmin əməliyyatı təqdir edənlərlə yanaşı, ona tənqidi yanaşanlar da var.
Tənqidi yanaşanların arqumentləri bütün əməliyyatla deyil, əməliyyatın həyata keçirilməsində yol verilən bəzi polis nöqsanları ilə bağlıdır. Belə nöqsanların olduğunu DİN-in özü də rəsmi açıqlamalarında etiraf edir, hətta bununla bağlı müəyyən cəza tədbirlərinin görüldüyü də bildirilir. Ancaq bəzi sapı özümüzdən olan baltalar bu sitasiyadan istifadə edib, dövlətə qarşı müxalif olduqlarını ortaya qoyurlar. Bəli, düz eşitdiniz, hakimiyyətə qarşı yox, məhz dövlətə qarşı. Hətta adını “demokrat” qoyan Bəxtiyar Hacıyev kimi bəzi adamlar Xocalı faciəsini Yasamaldakı polis əməliyyatı ilə eyniləşdirən təbliğat aparır. Onun bu hərəkəti isə birmənalı qarılanmayıb. Bəzi tanınmış şəxslər sosial şəbəkə vasitəsilə Bəxtiyara layiq olduğu yeri göstərirlər. Həmin məlumatlarda bildirilir ki, çirkin təbliğata başlayan şəxs keçən il Varsavada erməni şəbəkəsinin keçirdiyi Azərbaycan əleyhinə tədbirdə spiker olub:“Həmin tədbirin təşkilatçısı Qarabağ müharibəsi zamanı Xankəndidə terorçulara tibbi yardım göstərən təşkilat olub. Təşkilatın həmtəsisçisi illərlə qondarma rejim "Arsaxa" göstəriyi fəaliyyətə görə keçən il Xankəndidə qondarma hakimiyyətdən "Arsaxın dostu" adını da alıb”.
Aydındır ki, bu təbliğatda məqsəd, sadəcə Azərbaycanda ictimai şüurun Xocalı kimi ağrılı-həssas nöqtəsinə basmaqla faciədən siyasi alət olaraq istifadə etmək deyil. Bu həm də ermənilərin Xocalıya görə məsuliyyətdən yaxa qurtarmaq üçün illərdir istifadə etdiyi "Xocalı qətliamını Azərbaycan polisi törədib" iddiasının daxildə səsləndirilməsidir.
Bəxtiyarın apardığı təbliğata etiraz edənlərdən biri də millət vəkili Etibar Əliyevdir. O, yazısında bildirir ki, gənc “demokrat” Azərbaycan polisinin Yasamalda etdiyi hərəkəti dövlətə qarşı çevirir, bununla da Paşinyanın “əlinə oynayır”: “Ermənilərin bizə qarşı irəli sürdüyü murdar “arqumentlərə” dəstək verir. Özü də açıq-açığına...
Statuslarının birində görün o nə yazır: “...Görürsünüzmü, necə uzaqlara gedir? Vardenisli Bəxtiyar həmyerlisi İcevanlı Nikola “arqument” verir. Ardınca da Yasamalda baş verən insidentlə Xocalını bərabərləşdirir və göstərir ki, erməni qatilləri ilə Azərbaycan polisi arasında fərq yoxdur. Bu tip adamlar ölkəni ifşa etmək üçün pusquda durublar. Paşinyan isə bunlardan donos gözləyir...”
Bəxtiyar Hacıyevə sərt etiraz bildirənlərdən biri də millət vəkili Fazil Mustafadır. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, buna sadə baxmaq lazım deyil: “Bu, xarici kəşfiyyatın tezisidir. Polis bütün dünyada zorakılıq edir. Götürək ki, Azərbaycanda da belə bir hadisə baş verib. Azərbaycan polisi müqəddəs deyil ki. Bu, xüsusi quradırılmış təxribat planıdır. İnsanların çoxu da bu küyə düşüb. Hansısa qanunsuzluğa görə etirazın formaları var. Kütləvi şəkildə polisə etimadsızılığın göstərilməsi dövlətin təməlini laxlatmağa yönəlib. Polis kənara çəkilsə nə olacaq? İstəyirik ki, xəstəlik baş alıb getsin? Görün hardan başlayıb, hara gəliblər? Nədir, ölüm-itim olub? Kimisə öldürsəydilər nə olardı? Azərbaycan körpəsini öldürən erməni cəlladları ilə Azərbaycan polisini müqayisə etmək hansı anlama gələ bilər? Deməli, ssenari tam başqadır. Belələri birbaşa Paşinyana “pas” ötürür. Bəxtiyar Hacıyev Vikipediyada özü barədə ingilis dilində məlumat verib, yazır ki, Ermənistanın Vardenis rayonundandır. Oranın adı bəyəm Basarkeçər deyil? Bu adam niyə erməninin dediyi dildə o təqdimatı edir? Onda sənin Paşinyanla fərqin nə olur? Mən bu adamı müdafiə edənlərin vətən hissinə də şübhə ilə yanaşıram. Vaxtilə Rəşid Əliyev adlı bir azərbaycanlı atom mütəxəsisini İran saxlamışdı. Mən onun azad olunamsı üçün müraciətə imza atmağa adam tapa bilmirdim. Təəssüf ki, alimini müdafiə etməyən adamlar bir şəxsin üzərindən ölkənin bütün dayaqlarının sarsıdılmasına dəstək olurlar. Bu, hakimiyyət uğrunda mübarizə deyil, bu, Azərbaycanı çökdürmək uğrunda mübarizədir. Geri çəkilsək, heç də yaxşı olmayacaq. Bu Vətəni biz qorumalıyıq. Həssas məqamdır, belə araqarışdıranlara imkan verməməliyik”.
Məhəmmədəli QƏRİBLİ