Azərbaycan sülhsevərlik reytinqində mövqeyini xeyli yaxşılaşdırıb. Belə ki, Azərbaycan 2020-ci il üçün "Qlobal sülhsevərlik indeksi"ndə (Global Peace Index) 163 ölkə arasında 120-ci yeri tutaraq, mövqeyini 12 bənd yüksəldib. Bir sıra aparıcı ölkələrdən Azərbaycan öndədir. Məsələn, Azərbaycanın ardınca 121-ci yerdə ABŞ qərarlaşıb. Rusiya 154-cü yeri, Ukrayna 148-ci yeri tutub.
Məruzə iyunun 10-da İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən dərc edilib. Azərbaycanın mövqeyi 12 bənd yüksəlib. Əsas problem Qarabağ münaqişəsi olaraq qalır.
14 ölkə ən sülhsevər ölkə kimi ("çox yüksək qiymət") tanınıb. Siyahıya İslandiya liderlik edir. Onun ardınca Yeni Zelandiya, Portuqaliya, Avstriya, Danimarka, Kanada, Sinqapur, Çexiya, Yaponiya, İsveçrə, Sloveniya, İrlandiya, Avstraliya və Finlandiya gəlir. Almaniya 2019-cu illə müqayisədə göstəricilərini bir qədər yaxşılaşdırıb (22-ci yerdən 16-cı yerə).
İqtisadiyyat və Sülh İnstitutunun təsisçisi Stiv Killelea bildirib ki, ümumilikdə, planetdə sülhsevərlik səviyyəsi ötən 12 ildə ikinci dəfə azalıb. Reytinq tərtib edilərkən üç müxtəlif kateqoriyada, o cümlədən, "cəmiyyətdə təhlükəsizlik", "davam edən münaqişələr" və "hərbiləşmə" kateqoriyasında 23 indikator nəzərə alınır. Birinci kateqoriyada, xüsusən, qətllərin səviyyəsinə, məhbusların sayına, polislərin sayına və cinayətkarlığın dərk edilməsinə diqqət yetirilir. Sonuncu meyar üzrə hərbi qulluqçuların sayı, ÜDM-ə nisbətdə silah xərcləri və silah ixracı dəyərləndirilib. Analitiklər dünyanın 160-dan çox ölkəsində vəziyyəti qiymətləndirirlər.
Bütövlükdə, Azərbaycanın qlobal sülhsevərlik indeksində mövqeyini 12 pillə yaxşılaşdırmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Ölkədə həyata keçirilən islahatlar bir sıra sahələri əhatə edir və artıq öz nəticəsini də verir”
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin fikrincə, sözügedən hesabatda Azərbaycanın mövqelərinin daha da yaxşılaşması ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsi deməkdir: “Sözügedən hesabat onu ortaya qoyur ki, bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli hesabatları reallığı əks etdirmir. Hansı ki, həmin təşkilatların hesabatlarında ölkəmizlə bağlı qərəzli fikirlərin yer alması artıq ənənə halını alıb. Bu, xüsusən də insan haqları və söz azadlığından danışan bəzi təşkilatlara aiddir. Həmin qurumların Azərbaycanla bağlı mövqeləri bəllidir. Ancaq dünyada başqa ciddi qurumlar var. İqtisadi və digər məsələlərlə bağlı araşdırma aparan qurumlar var ki, bu təşkilatların hesabatları reallığı əks etdirir. Belə təşkilatlardan biri də İqtisadiyyat və Sülh İnstitutudur. IEP-nin hesabatı gerçək vəziyyəti ortaya qoyur. Reallıq ondan ibarətdir ki, Azərbaycanda həyata keçirilən islahatlar bir sıra sahələri əhatə edir və artıq öz nəticəsini də verir. Bu yöndə ölkədə davamlı fəaliyyət var. Bütün bunlar kiməsə görə yox, Azərbaycanın inkişafına görə edilir. Baxın, Azərbaycan qlobal sülhsevərlik indeksi üzrə 163 ölkə arasında 120-ci yerdədir. ABŞ, Rusiya kimi ölkələrdən öndədir. Baxmayaraq ki, Azərbaycan müharibə vəziyyətindədir. Növbəti hesabatlarda Azərbaycan mövqelərini daha da yaxşılaşdıracaq. O baxımdan məlum hesabat Azərbaycanın beynəlxalq imicini daha da yüksəldəcək. Ölkədəki stabilliyə inam daha da artacaq. Çünki bu, ölkənin gerçək inkişaf dinamikasını ortaya qoyur və o üzdən, alqışlanası haldır”.
Vidadi ORDAHALLI