Azərbaycan ordusunun mayın 18-dən 22-nə qədər davam edən irimiqyaslı əməliyyat-taktiki təlimləri ssenarisinə və təşkilinə görə ABŞ ordusunun təlimləri ilə müqayisə olunub. Belə müqayisəni hərbi tematika üzrə ixtisaslaşmış “We Are The Mighty” bloqunda Miguel Ortiz aparıb.
Müəllif Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadla xatırladır ki, təlimlərdə 10 min nəfərə yaxın şəxsi heyət, 120 tank və zirehli texnika, 200 raket kompleksi, aviasiya vasitələri və pilotsuz uçan aparatlar iştirak edib.
Təlimlərin ssenarisinə əsasən, müxtəlif qoşun birləşmələrinin döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və həyata keçirilməsi, habelə kiçik və iri zərbə qruplaşmalarının imkanları sınaqdan keçirilib. Müəllif qeyd edir ki, Azərbaycan ordusunun hərbi təlimləri Birləşmiş Ştatlar ordusunun Kaliforniyadakı Fort-İrvin milli təlim mərkəzində və Los-Angelesdəki Fort-Polk poliqonunda planlaşdırılan təlimləri ilə müqayisə oluna bilər. Bölmələr həmin poliqonlardan hərbi əməliyyatların planlaşdırılması, taktika, hücuma hazırlığın yoxlanması üçün istifadə edirlər.
Lakin həmin poliqonlarda mart ayına planlaşdırılan təlimlər COVİD-19 qlobal pandemiyasına görə təxirə salınıb. Təlimlərdə iştirak etməli olan bölmələr pandemiya ilə mübarizə aparmaq üçün Vaşinqton qubernatorunun sərəncamına göndərilib.
Müəllif ABŞ-la Azərbaycan arasında münasibətlər, o cümlədən hərbi sahədə əməkdaşlıq barədə bəhs edir. Eyni zamanda qeyd olunur ki, ABŞ-dakı erməni diasporu Azərbaycan ordusunun təlimlərindən ciddi narahat olub və mayın 20-də Konqresin Nümayəndələr Palatasının ermənipərəst üzvü Frenk Pallone dövlət katibi Maykl Pompeo və müdafiə naziri Mark Esperə məktub yazaraq bu təlimlərə reaksiya verməyə çağırıb. Habelə, ABŞ-ın Azərbayana 100 milyon dollarlıq hərbi yardım ayırmasından narahatlıq bildiriblər.
Azərbaycan ordusunun son hərbi təlimlərinə verilən yüksək qiymət nəyin əlaməti sayıla bilər?
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqil ölkədir, hərbi doktrinasını özü müəyyən edir:“Müstəqil ölkə kimi, biz nə Ermənistandan, nə də onların havadarlarından icazə istəməliyik. Təlimlərin bir məqsədi var: bütün qoşun növlərinin birgə fəaliyyətini döyüş zamanı düzgün koordinasiya etmək. Həmin təlimlərdə yeni silahların sınaq atışları da həyata keçirilə bilər. Biz bu təlimləri gizli keçirmirik. Təlimlər başlamadan öncə bu barədə ölkəmizdə olan səfirliklərin nümayəndələrinə, hərbi attaşelərinə məlumat verilir. Bizim dövlət rəhbərliyi Ermənistana qarşı müharibə etməklə bağlı bəyanat verməyib. Ancaq biz bəyan edirik ki, işğal altında olan torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə hazırıq. İşğalın arxasında Ermənistan durduğundan, onlar bu mövzuda narahatlıq keçirirlər. Ancaq bilsinlər ki, Azərbaycanın öz ərazilərini istənilən vaxt işğaldan azad etmək hüququ var. Biz bununla bağlı Ali Baş Komandanın əmrini gözləyirik”.
Ekspertin sözlərinə görə, son təlimlərin xüsusi özəlliyi həm də bununla bağlıdır ki, gecə təlimləri ilə də bağlı ordunun imkanları nümayiş edilib:“Gecə təlimləri, əsasən düşmənə məhdud görünmə şəraitində gözlənilməz zərbənin vurulması və ona psixoloji təsirin yüksəldilməsi məqsədi daşıyır. Açıq görünüş olan gündüzdən fərqli olaraq, gecə vaxtı düşmənin obyektlərini görmək, hiss etmək, aşkarlamaq və təyin etmək üçün böyük miqdarda texniki vasitə və avadanlıqlar tələb olunur. Bunların da istifadəsi gündüzə nisbətdə daha çox vaxt və diqqət tələb edir. Dünya praktikasında bu kimi əməliyyatlar məhz qarşı tərəfin gözləmədiyi, yaxud daha ağır psixoloji çətinlik yaratdığı döyüş taktikasıdır. Burada düşmənin atəş nöqtələrinin, komanda mərkəzlərinin, silah və texnika anbar və saxlanclarının, aerodrom və infrastrukturların məhdud görünmə şəraitində təyin edilərək dəqiq atəşlə sıradan çıxarılması nəzərdə tutulur. Belə genişmiqyaslı təlimlərin dünyanın aparıcı ölkələri ilə müqayisə olunması təbiidir. Çünki belə arsenala yalnız güclü ordular malik ola bilər”.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan ordusunun təlimlərində işğal olunmuş ərazilərin azad olunması istiqamətində əməliyyatların və hazırlıqların aparılması kimi məsələlər bir nömrəlidir:“Bu da təbii haldır. Çünki Ermənistan ordusu tərəfindən Azərbaycanın 20 faizə yaxın ərazisi işğal edilib. Bu ərazilərin işğaldan azad edilməsi ilə bağlı təlimlərin keçirilməsi təbiidir. Ermənistan tərəfinin fikirləri beynəlxalq ictimaiyyət və təşkilatlarda Azərbaycan haqqında yanlış imic yaratmaq məqsədi daşıyır. Bunlar isə həqiqətə uyğun olmayan fikirlərdir”.
Məhəmmədəli QƏRİBLİ