Ermənistanın işğalçı siyasətinin ifşa edilməsində Azərbaycanın atdığı addımalr bu gün öz effektiv nəticələrini verməkdə, düşmənin daha böyük fiasko ilə üzləşməsinə gətirib çıxarmaqdadır. Bu hal Avropa İttifaqı timsalında özünü yenidən qabarıq şəkildə büruzə verdi. Avropa bir daha açıq mətnlə Ermənistanın işğalçı olduğunu bildirərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdi.
Bütün bunlara əsas səbəb isə zəbt edilmiş ərazilərdə Ermənistanın daha bir yol çəkmək niyyətidir. Məsələ burasındadır ki, Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü avtomagistralın çəkilişinə hazırlıq gedir. Bununla bağlı məsələ hələ ötən il gündəmə gətirilib. Bu yaxınlarda isə Dağlıq Qarabağdakı qondarma rejimin yeni “prezidenti” Araik Arutyunyan Azərbaycanın Arazboyu ərazilərini Ermənistanın Gorus rayonu ilə birləşdirmək üçün yeni avtomagistralın çəkilməsinə hazırlıq getdiyini deyib. Bundan əvvəl Ermənistanı Qarabağla Gorus-Laçın-Şuşa-Xankəndi və Vardenis-Kəlbəcər-Ağdərə magistralları birləşdirirdi. İkinci yolu Ermənistan bir neçə il əvvəl istifadəyə verib. Üçüncü və artıq Arazboyu Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını Ermənistanla birləşdirən yolun çəkilməsində düşmən ölkənin məqsədi isə həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək, münbit kənd təsərrüfatı torpaqlarını istismar etməkdir. Rəsmi Bakı bütün bunları Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə böyük əngəl kimi qiymətləndirir. Bu fonda Azərbaycan düşmənin bədxah niyyətlərinə qarşı fəal diplomatik iş də aparır. Avropa Parlamentində son proseslər Azərbaycanın atdığı addımların öz məntiqi nəticəsini verdiyini göstərir. Belə ki, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və qurumun Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb. Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Burada qeyd edilir:"Keçən il Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək. Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu etimad sülh və barışıq üçün mühit yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq". Birgə bəyanatda deyilənlərdən çox açıq görünür ki, Avropa Ermənistanın bu bəd niyyətinə qarşıdır. Çünki qəbul edilmiş birgə sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur. Qeyd edək ki, bu bəyanatın qəbul olunması, ekspertlərin fikrincə, Nikol Paşinyanın və ümumilikdə Ermənistanın ağır məğlubiyyətidir.
Burada onu da xüsusi qeyd etmək lazım gəlir ki, Avropa Parlamenti, Avropa İttifaqı səviyyəsində Azərbaycan son illərdə Ermənistana kifayət qədər sarsıdıcı zərbələr vurmağı bacarıb. Elə ötən ay Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra “Şərq Tərəfdaşlığı” siyasəti ilə bağlı yekun qərarı da Ermənistanda növbəti məğlubiyyət olaraq qəbul edildi. Xatırladaq ki, həmin qərarda Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının strateji əhəmiyyətini və ümumi rifah, demokratiya və sabitlik üçün ümumi məkan qurmağa sadiqliyini təsdiq edərək, 2020-ci ildən sonrakı dövr üçün “Şərq Tərəfdaşlığı” ölkələrinə münasibətdə siyasətə dair nəticələri təsdiqləyib. Qurum qərarda “Şərq Tərəfdaşlığı”nın bu günə qədər əldə etdiyi mühüm uğurları alqışlayır və proqrama qoşulan ölkələri islahatları davam etdirməyə, bu istiqamətdə səyləri artırmağa təşviq edən vasitə kimi stimul və şərtlərə əsaslanan yanaşmasını təsdiqləyir. Digər məqamlarla yanaşı, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də yekun qərarda münaqişələrin nizamlanması məsələsinə dair bəndlərdir. Qərarda “Şərq Tərəfdaşlığı” ideyasının həm siyasi-hüquqi aspektləri, həm də “Şərq Tərəfdaşlığı” çərçivəsində fəaliyyətin əsasını təşkil edən prinsiplər əks edilib. Burada “Şərq Tərəfdaşlığı” çərçivəsində fəaliyyətlərin əsasını müəyyənləşdirən ümumi qarşılıqlı öhdəliklər təsvir olunub. Ən əhəmiyyətli digər məqam əməkdaşlıq prinsipləridir. Bu prinsiplərə görə, “Şərq Tərəfdaşlığı” ölkələrində ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara riayət edilməsi ön plana çəkilir. Bunlar həm də Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” arasında əməkdaşlıqda ümumi öhdəliklər kimi qəbul olunur. Belə olan halda, Avropa İttifaqı Şurası tərəfindən qəbul edilən sənəddə ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinin qeyd edilməsi, bu prinsiplərin həm Avropa İttifaqı, həm də “Şərq Tərəfdaşlığı” ölkələri üçün ümumi və ortaq öhdəliklər olaraq müəyyən edilməsi olduqca vacib haldır. Eyni zaman Azərbyacnın milli maraqlarına da tamamilə uyğundur. Çünki Avropa İttifaqı bununla bir daha Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini təsdiqləmiş olur. Beləliklə, Avropa İttifaqı Şurası yekun qərarında Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan prinsipləri yenidən vurğulayır. Maraqlıdır ki, bundan öncəki sənədlərindən fərqli olaraq, Avropa İttifaqı Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ortaq öhdəlik” kimi qiymətləndirir və Avropa İttifaqı üçün strateji xarakter daşıyan “fundamental dəyərlər”lə bir siyahıda qeyd edir. Xatırladaq ki, Azərbaycan həmişə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə dəstəklənməsinin birmənalı şəkildə ifadə olunmasını tələb edib. Bakı dəfələrlə bildirib ki, bu tələb hər zaman qüvvədə olacaq. Eləcə də bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunmasının bir prinsip olaraq qəbul edilməsi və bunun da sənədlərdə öz əksini tapması Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq edərkən irəli sürdüyü ən vacib şərtdir. O da məlumdur ki, Şura “Şərq Tərəfdaşlığı” regionunun bəzi ölkələrində beynəlxalq hüquq pozuntularının davam etməsindən dərin narahatlığını ifadə edərək, münaqişələrin qarşısının alınması, etimadın yaradılması və razılaşdırılmış danışıq formatları və prosesləri çərçivəsində münaqişələrin danışıqlar vasitəsilə sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib. Azərbaycan bunu alqışlasa da, qərar işğalçı Ermənistanın mövqeyinə ziddir. Çünki hər zaman Ermənistan ərazi bütövlüyü məsələsini aqressiya ilə qarşılayır və işğalçı siyasətini davam etdirməyə çalışır. Lakin indiki halda sözügedən Şuranın qərarında ərazi bütövlüyü məsələsinin təsbit olunması Ermənistanın işğalçı mövqeyinə ciddi zərbə vurur. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti ciddi uğuru, Ermənistanın isə diplomatik cəbhədə daha bir məğlubiyyəti oldu. Indi bunun ardınca Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat Azərbaycanın daha bir zəfəri sayılır. Beləliklə, Azərbaycanın hücum diplomatiyası növbəti dəfə işğalçı Ermənistana ciddi zərbə vurdu. Burada bir daha xatırlatmaq lazım gəlir ki, Azərbaycanın siyasi rəhbərliyi və xüsusən də Avropa İttifaqı institutlarında təmsil olunan nümayəndə heyətinin üzvləri daimi olaraq tribunalardan ittifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyin ortaya qoyulması və problemin çözümündə daha fəal rol oynamağa çağırırlar. Azərbaycan tərəfinin apardığı işin əhəmiyyətindən asılı olaraq Avropada Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının aradan qaldırılması və humanitar problemlərinin həll olunması istiqamətində bəyanatlar, konkret sənədlər, müraciətləri qəbul olunur. Avropa Ittifaqından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətinin gözləntilərinın doğrulması da qurumun özünün regionda maraqlarının reallaşması baxımından böyük önəm kəsb edir. Bunlar fonunda da Azərbaycanın Ermənistan üzərində yeni mühüm diplomatik qələbələrə imza atması özünü qabarıq şəkildə göstərir. Belə vəziyyət Ermənistanın işğalçı siyasətinə də ciddi zərbə sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.