Erməni mediası Nikol Paşinyanın koronavirusa yoluxduğu barədə verdiyi son iki ifadəsini müqayisə edərək, onu yalan danışmaqda ittiham edib.
Qeyd edilir ki, Paşinyan öz ifadələrinin içində itib batıb və bilmədən öz yalanlarını ortaya qoyub. İyunun 1-də doğum günündə Paşinyan özünün və ailəsinin koronavirus infeksiyasına yoluxduğunu açıqladı. Baş nazir daha sonra cəbhə bölgəsinə getmək istədiyini söylədi, buna görə testlər keçirildi və bütün ailə üzvlərinin yoluxduğu məlum oldu. Üstəlik, ailədə özü ilk yoluxmuş insan oldu. 8 iyunda Paşinyan sağaldığını və tam işə qayıtdığını bildirdi.
Erməni mediasının qənaətincə, bu, çox şübhəlidir, çünki koronavirus infeksiyasının gedişatı ən azı 14 gündür, baxmayaraq ki, bəzi hallarda bu, 21 günə qədər davam edə bilər. Bəs həqiqətən nə baş verib? “1. Nikol Paşinyan, Anna Akopyan və övladları, əgər həqiqətən yoluxmuşdularsa, bu, iyunun 1-dən əvvəl baş verdi, ancaq İrəvanda deyil, Şuşada.
2. Əgər düz başa düşürüksə, Paşinyan onların ailəsində ilk dəfə yoluxmuş olduğunu söylədi. Yəni bütün ailə üzvləri eyni anda yoluxurlar və eyni zamanda çox şübhəli bir sürətlə sağalırlar və bu, Paşinyanın koronavirus xəstəliyinin nağıl ola biləcəyini göstərir. Bunun səbəbini söyləmək çətindir, ancaq Paşinyanın ailəsi heç bir dəlil təqdim edə bilmir”.
“Qraparak” qəzeti Paşinyanın rezidensiyasında əlavə qüvvələr yerləşdirərək yaşayış yerinin təhlükəsizliyini gücləndirdiyini yazır: “Paşinyan bir şeydən o qədər narahatdır ki, hətta özünün və ailəsinin təhlükəsizliyini möhkəmləndirməyə çalışır. Bəlkə narahatlıq üçün əsl səbəblər var və Paşinyan çevriliş hazırlandığını və ya hakimiyyətdən uzaqlaşdırılacağını hiss edib. O, hakimiyyəti qorumaq üçün hər şeyi etməyə hazırdır və Paşinyanın “möcüzəvi şəkildə sağalması”, praktiki olaraq, MTX rəhbəri Eduard Martirosyanın və polis rəisi Arman Sarkisyanın getməsi ilə üst-üstə düşüb”.
Görünən odur ki, virusa yoluxmaq yalanı Baş naziri biabır edib. Bununla bağlı ifşaedici faktların ortaya çıxması onu göstərir ki, Paşinyan və ailəsi, əslində, virusa yoluxmayıb. Onun bu şounu yaratmaqda müəyyən məqsədləri olub.
“Çünki yalan və populizm artıq əndazədən çıxıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu. Onun fikrincə, N.Paşinyan özünün koronavirusa tutulduğunu qeyd etməklə, həm özünü, həm də Ermənistan ictimaiyyətini ucuz tutdu: “Ermənistan vətəndaşları bu iki il ərzində artıq Paşinyanın populist və yalan danışdığının fərqindədirlər. Onun həqiqət dediyi sözlər bir çox halda ermənilərdə yalan kimi qəbul edilir. Azərbaycan ədəbiyyatında “Yalançı çoban” nağılını Paşinyana misal göstərmək olar. Adam koronavirusa tutulsa da, xalq onun yalan danışdığını zənn edir. Hesab edirəm ki, Paşinyanda da virusun simptomları ola bilər. Ancaq bu şəxs görüşlər keçirir və işinin başındadır. Ötən gün eks-prezident Levon Ter-Petrosyanla görüş keçirib. Belə olan təqdirdə Paşinyanın dedikləri cəmiyyət tərəfindən real qəbul edilmir. Onun iki il hakimiyyətdə olmasına baxmayaraq, apardığı siyasət ölkədə heç bir inkişafa gətirib çıxarmayıb. Yalnız populist bəyanatlarla manipulyasiya edib. Hesab edirəm ki, koronavirusdan sonra Paşinyan əleyhinə güclü etirazların baş qaldırması istisna deyil. Çünki yalan və populizm artıq əndazədən çıxıb. Bu isə onun üçün baha başa gələcək”.
Vidadi ORDAHALLI