12/07/2020 04:23
728 x 90

Azərbaycanın koronavirusla mübarizədə yardım etdiyi ölkələrin sayı iki dəfə çoxaldı – məsələ beynəlxalq maliyyə qurumuna da çatdı…

Azər Badamov: “Azərbaycan beynəlxalq səviyyədə dəstəkdə hər zaman ön sıralardadır”

img

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Prezident qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstəriləcək: “Bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik.

Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər”.

Qeyd edək ki, Azərbaycan dəfələrlə xarici ölkələrə yardım edib. Pandemiya ilə əlaqədar olaraq Azərbaycan növbəti dəfə beynəlxalq həmrəyliyə dəstək verir.

  • “Azərbaycan özü 30-a yaxın ölkəyə həm maddi, həm də tibbi ləvazimatlarla yardım göndərib”

Millət vəkili Azər Badamov bildirdi ki, ölkə başçısının da qeyd etdiyi kimi, bu gün dünyada pandemiyanın təsirləri nəticəsində maliyyə vəziyyəti pisləşmiş 150 ölkə beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət edib və Azərbaycan bu ölkələrin arasında deyil: "Azərbaycan özü 30-a yaxın ölkəyə həm maddi, həm də tibbi ləvazimatlarla yardım göndərib. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım göstərib ki, bu da dünyada pandemiyadan əziyyət çəkən və pandemiyaya qarşı mübarizə aparmaqda maliyyə cəhətdən əziyyət çəkən ölkələrə yardım göstərilməsinə imkan verəcək. Yəni Azərbaycan beynəlxalq səviyyədə dəstəkdə hər zaman ön sıralardadır. Beynəlxalq qurumlar da Azərbaycanın bu təşəbbüslərini yüksək dəyərləndirirlər. Bu gün Azərbaycanın xarici borcu ümumdaxili məhsulun cəmi 17 faizinin üstündədir. Beynəlxalq maliyyə qurumları da bizim kimi stabil və dayanıqlı iqtisadiyyatı olan ölkələrdə layihələr həyata keçirilməsində maraqlıdırlar. Cənab Prezidentlə videogörüşdə müzakirə olunan mövzular, Azərbaycanda həyata keçiriləcək yeni layihələrin maliyyələşməsində və həyata keçirilməsində Asiya İnkişaf Bankının yaxından iştirak edəcəyini bildirməsi ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir".

Günel CƏLİLOVA

Son xəbərlər