Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “OPEC+” razılaşmasında iştirak etməyən neft istehsal edən ölkələri neft hasilatının azaldılması prosesinə qoşulmağa çağırıb. Belə ki, Pərviz Şahbazov “OPEC+” ölkələrinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa qatılıb.
Konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib. Energetika naziri müzakirələr zamanı “OPEC+” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib: ““OPEC+” tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC+”dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”.
O da məlumdur ki, koronavirus pandemiyası neft bazarını alt-üst edib. Neftin dünya bazar qiyməti kəskin şəkildə ucuzlaşıb. Belə vəziyyətdə bazarın stabilləşməsi üçün yalnız “OPEC+” ölkələrinin deyil, neft hasil edən bütün ölkələrin yekdil mövqe nümayiş etdirməsinə ehtiyac var. O baxımdan belə bir təşəbbüsün qaldırılması yaxşı təklifdir. Ancaq “OPEC+”dan kənar ölkələr buna gedərmi? Kim onları buna məcbur edə bilər? Burada söhbət ABŞ, Norveç, Argentina, Kolumbiya, İndoneziya, Misir, Çaddan gedir. Sözügedən ölkələr “OPEC+”dan kənar neft istehsalçılarıdır.
“Gərək həmin dövlətlərin özü bunda maraqlı olsunlar”
Məsələyə münasibt bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, “OPEC+”dan kənar neft istehsalçıların;n buna gedəcəyini demək çox çətindir: “Çünki vəziyyət çox mürəkkəbdir. Düzdür, neftin ucuzlaşması həmin ölkələrin də ziyanınadır. Çünki onlar da bundan itirirlər. Ancaq məsələ ondadır ki, bir sıra ziddiyyətlər ortaq mövqedən çıxış etməyə imkan vermir. Böhranın fundamental səbəblərindən biri bütün tərəflərin ortaq məxrəcə gələ bilməməsi ilə bağlıdır. Bəzən OPEC-in hansısa qərarları qiymətlərə təsir edə bilmir. Koronavirus pandemiyası bütün məsələləri bir-birinə qatdı. Elə bir vəziyyət yarandı ki, proseslər idarəolunmaz dəhlizə daxil olub. Problem ondadır ki, bu gün neftin qiymətini tənzimləmək üçün bir sıra alətlər işləmir. Birjalar koronavirusun təsiri altında qalıb. Belə vəziyyətdə hasilat azaldılsa belə, bunun bazara təsiri olmaya bilər. Ona görə də indiki vəziyyətdə bununla bağlı proqnoz vermək çox çətindir. Proqnozun üstələdiyi istiqamət ondan ibarətdir ki, hazırda OPEC-in və “OPEC+”un qərarları neftin qiymətinə təsir edə bilmir. Hesab edirəm ki, bütün tərəflər razılığa gəlsə, o zaman neftin qiyməti sabitləşə bilər. Bununla yanaşı, koronavirusla bağlı vəziyyət düzəlsə, o zaman neftin qiyməti sabitləşər. Ona görə də başlıca amillərdən biri budur. Belədə Azərbaycan tərəfi çox yaxşı ideya irəli sürüb. Çünki bütün neft ölkələri hasilatı azaltmalıdırlar. Ancaq hansısa formatda iştirak etməyən ölkələri buna məcbur etmək çətin məsələdir. Gərək həmin dövlətlərin özü bunda maraqlı olsunlar”.
Vidadi ORDAHALLI