IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda panel keçirilib. APA-nın məlumatına görə, panelin moderatoru Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov olub.
S.Seyidov deyib ki, dünyanın bu ağır dövründə, problemlərin genişləndiyi bir vaxtda problemlərə yeni yanaşma vacibdir: "Ksenofobiya, islamofobiya, antisemitizm, insan oğurluğu indi reallığa çevrilib. Biz nə edə bilərik? Məsələyə qlobal nöqteyi-nəzərdən yanaşmalıyıq".
Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, Roma İmperiyası ilk qloballaşmış cəmiyyət olub, müxtəlif dinlər, xalqlar birgə yaşayıb: "Dinlər, xalqlar müxtəlif olsa da, onları birləşdirən qədim Roma qanunları idi. Demokratiya bu istiqamətdə ikinci əsas prinsipdir. Başqa sözlə, demokratiya pis variantlar arasında nisbətən yaxşı olan seçimdir. Parlamentdə qəbul olunan qanunların tətbiqi, dövlətlər arasında imzalanan sazişlərin həyata keçirilməsi vacibdir. Parlamentlər mədəniyyətlərarası əlaqələrin qurulmasında iştirak edir. Məsələn, Çexiya parlamentinin Azərbaycan parlamenti ilə əlaqəsi var. Mədəniyyətlərdə bizi birləşdirən dəyərləri axtarmalıyıq. Biz bir-birimizdən çoxlu şeylər öyrənə bilərik. Qloballaşma nəticəsində udan və uduzan olmamalıdır. Yerli mədəniyyət meqamədəniyyətlə zənginləşməlidir. Qloballaşmanın ağlabatan şəkildə tənzimlənməsinə böyük ehtiyac var. Beynəlxalq münasibətlərdə azadlıqlar hamıya eyni səviyyədə şamil olunmalıdır. Ancaq mən hansısa ənənələrin başqa cəmiyyətlərə qəbul etdirilməsinin tərəfdarı deyiləm. Körpüləri yandırmaqdan onları tikmək daha yaxşıdır. Biz məsuliyyət və qarşılıqlı ehtiramla mədəniyyətlərarası dialoqu yarada bilərik".
Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Caved Abbasi deyib ki, Şərqlə Qərb arasında təfriqələrin gərginləşməsi, cəmiyyətlər daxilində qarşıdurmaların artması parlamentlərarası münasibətlərə də təsir göstərir: "Müxtəlif mədəniyyətlər və xalqlar arasında birlik, vəhdət hissinin yaradılması çox vacibdir. Müxtəlif ölkələrin parlamentlərinin üzvləri ilk növbədə öz aralarında münasibətlər qurmaqla mədəniyyətlərarası dialoqa töhfə verə bilər. Azadlığın, tolerantlığın, mədəniyyətlər və dinlərarası dialoqun təmin olunmasına çalışmalıyıq".
Böyük Britaniya Lordlar Palatasının üzvü Zahidə Pərvin Mənsur Böyük Britaniyanın Azərbaycandakı əsas sərmayədarlardan biri olduğunu xatırladıb: "Biz mədəniyyətlər arasında körpüləri tikirik. Parlamentlər bu körpülərin inşasında əsas rol oynamalıdır. Dialoqlar problemi həll etməsə də, eskalasiyanın, zorakı hərəkətlərin qarşısını ala bilər. Mən Azərbaycan prezidenti İlham Əliyevə Forumun açılışında çıxışına görə təşəkkür edirəm. Prezident İlham Əliyev sanki bizim fikirlərimizi oxuyub".
ABŞ-da Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer vurğulayıb ki, harada baş verməyindən asılı olmayaraq, ədalətsizlik hər kəsin narazılığına səbəb olmalıdır: "Təəssüf ki, ABŞ-da islamofobiya baş alıb gedir, məscidlərə hücumlar artır. Bundan ən çox narahat olanlar Konqresin yəhudi nümayəndələridir. Yəhudi konqresmenlər ABŞ-dakı müsəlmanların qayğısını çəkir. Çünki bilirik ki, ABŞ müsəlmanlarının missiyası biz yəhudilərin missiyasıdır. ABŞ prezidenti müsəlman miqrantlara qarşı qadağa qoymaq istəyir. İlk növbədə buna qarşı çıxanlar yəhudi konqresmenlərdir. Konqresdə 45 konqresmen var. Azərbaycan müsəlman dünyasında bir modeldir, dinlər və etiqadlararası münasibətlərin gözəl nümunəsidir. Mən bunu ABŞ-da təbliğ edən bir insanam. Azərbaycan bu sahədə nümunəvi bir ölkədir. Biz amerikalılar üçün Azərbaycan sivilizasiyasını kəşf etməyə çalışırıq. Azərbaycan, Prezident İlham Əliyev, xalqınız tolerantlıq, dözümlülük baxımından dünya üçün bir nümunəyə çevrilib".
Panel müzakirələrlə davam edib.
"Ermənistan Dağlıq Qarabağ münaqişəsini xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə çalışır"
"Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir". "Trend"in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" adlı panel sessiyasında çıxışı zamanı deyib.
Z.Əsgərov bildirib ki, dünyada dövlətlər arasında ixtilafların aradan qaldırılmasının ən səmərəli vasitələrindən biri mədəniyyətlərarası dialoq vasitəsilə sivilizasiyaların bir-birinə yaxınlaşmasıdır:
"Parlament diplomatiyası bu istiqamətdə mühüm rol oynaya bilər. Azərbaycan Milli Məclisi mədəniyyətlərarası dialoqun inkişafı üçün bütün imkanlardan istifadə edir. Milli Məclis 80 ölkənin parlamentləri ilə münasibətlər qurub, Azərbaycanın multikuturalizm ənənələrini dünyada təqdim etmək üçün lazım olan işləri görür. Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir. Azərbaycanda mədəniyyətlərarası dialoq və multikulturalizm dövlət səviyyəsinə qaldırılıb. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dost və mehriban şəraitdə yaşayır. Eyni zamanda təəssüflə qeyd edilməlidir ki, Azərbaycan ərazilərinin 20 faizini 25 ildən artıqdır işğal altında saxlayan Ermənistan bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə çalışır. Ancaq Ermənistanın bütün bu cəhdləri həmişə olduğu kimi boşa çıxacaq".
Cibuti Milli Assambleyasının sədri Bakıda keçirilən foruma necə baxdı...
"Bakıda keçirilən forum mədəniyyətlərarası dialoqa nail olmaq üçün bizə geniş imkanlar verir". Bunu Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" adlı panel sessiyasında çıxışı zaman deyib.
M.Ə.Huməd bildirib ki, mədəniyyətlərarası dialoq çox vacib mövzudur: "Biz öz rolumuzu dərk etməliyik. Müxtəlif müstəvilərdə əminamanlığın bərpa olunması bizim fəaliyyətimizdən asılıdır. Bu baxımdan forum böyük əhəmiyyətə malikdir. Mədəniyyətlərarası dialoqun yaranmasında parlamentlərin rolu əvəzolunmazdır. Biz ən mütərəqqi təcrübələrdən istifadə etməliyik ki, mədəniyyətlərarası dialoqa nail olaq. Bu baxımdan Bakıda keçirilən bu forum bizə geniş imkanlar verir".
Ümumdünya Turizm Təşkilatı Bakı Forumunu qlobal problemlərin həllinin axtarışında mühüm vasitə kimi gördü
"İstənilən münaqişəli situasiya və anlaşılmazlıqların həllində ən yaxşı vasitə danışıqlar və müzakirələrdir". Bunu isə BMT-nin Ümumdünya Turizm Təşkilatının turizm üzrə baş katibinin müşaviri, Orta Şərq üzrə regional direktor Amr Abdel Qaffar Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.
Müşavir deyib ki, mədəniyyətlər arasında möhkəm münasibətlərin qurulmasında ən effektli vasitə turizmdir.
O qeyd edib: "Turizm dostluq üçün yaxşı əsas verir: bir-birilərinin ölkələrinə səfər edir və həmin ölkələrin mədəniyyəti, mətbəxi ilə tanış olurlar. Bununla da insanlar arasında dostluq münasibətləri yaranır".
Ekstremizmin qarşısının alınmasında qeyri-bərabərliklə mübarizə mühüm rol oynayır
"Ekstremizmin qarşısının alınmasında qeyri-bərabərliklə mübarizə mühüm rol oynayır". Bu sözlər isə BMT-nin İctimai informasiya departamentinin rəhbəri Mahir Nasirə aiddir. Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı o deyib ki, ekstremizm cəmiyyətə zərbə vurmaq üçün bu gün müxtəlif vasitələrə əl atır və internet belə vasitələrdən biridir.
O deyib: "Müxtəlif informasiyalarla onlar sosial cəhətdən zəif təbəqə nümayəndələrini cəlb edirlər. Ona görə təhsilə çox böyük diqqət ayrılmalıdır. Dünyada 1,8 milyard gənc yaşayır. Biz onlara yaxın olmalıyıq. Biz onların rifahı üçün çalışmalıyıq".
Bolqarıstan vitse-prezidenti forumda ekstremizmin din və sərhəd tanımadığını bəyan etdi
"Ekstremizm din və sərhəd tanımır" - deyən Bolqarıstanın vitse-prezidenti İliana Yotova bugünkü gündə terrorçuluğun mürəkkəb formaya çevrildiyini bildirib: "Dini və ideoloji mübarizə bu gün təhlükəyə çevrilib. Biz buna son qoymalıyıq. Radikallıq indi xalqların mədəni irsinə də təhlükə törədir".
Vitse-prezident qeyd edib ki, səbəblərini müəyyən etmədən ekstremizmlə effektiv mübarizə aparmaq mümkün deyil: "Bunun üçün biz real siyasi iradə nümayiş etdirməliyik".
O əlavə edib ki, bu məsələdə əsas rolu gənclik oynayır: "Məni bizim gənclərimiz çox narahat edir. Biz təkcə onların müdafiəsi ilə məhdudlaşmamalıyıq, onlara qulaq asmaq, fikirlərini dinləmək lazımdır. Biz uşaqlarımıza təhsil verməliyik. Onları erkən yaşlardan maarifləndirməli, gənclərdə ailəyə, doğma ölkəyə məhəbbət, eləcə də başqalarına, başqa mədəniyyətlərə və ölkələrə hörmət aşılamaq lazımdır".
Avstriya Xalq Partiyasından Bakı Forumuna qiymət...
"Bu gün dünyada belə forumların keçirilməsi çox əhəmiyyətlidir və bir çox vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır". Bunu isə Avstriya Xalq Partiyasının Şəhər Şurasının üzvü Tomas Rajakoviçs deyib.
O qeyd edib ki, Forumda dünyanın çoxlu sayda ölkəsindən, beynəlxalq təşkilatlardan nümayəndələr, nüfuzlu ictimai-siyasi xadimlər iştirak edir, geniş fikir və təcrübə mübadiləsi aparırlar: "Mədəniyyətlərarası dialoq olan yerdə həmişə sülh, əminamanlıq olur. Bu baxımdan Bakıda keçirilən bu Forumu yüksək qiymətləndirirəm və belə bir imkan yaratdığına görə Azərbaycana təşəkkür edirəm".
Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq Bakını çox bəyəndiyini də bildirib: "Birinci dəfədir Azərbaycana gəlirəm. Bakını belə təsəvvür etmirdim, çox gözəl şəhərdir".
FAO Bakının pozitiv dünya proseslərində katalizator roluna önəm verdi...
"Bəşəriyyəti narahat edən qlobal problemlərin yeganə həll yolu dialoqdur" - deyən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktor kabinetinin direktoru Mario Lyubetkin daha sonra bildirib.
"Sivilizasiyalararası münaqişələr dialoqla həll edilməlidir, çünki hərbi metodlarla həll çıxış yolu deyil. Bu foruma müxtəlif ölkələrdən müxtəlif adamlar toplaşıb, hər kəsin məsələlərə öz yanaşması var. Hər bir forum iştirakçısı öz sahəsi üzrə mütəxəssisdir və problemin həlli il bağlı özlərinin ən yaxşı həll variantlarını təklif edə bilərlər".
O qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətinin fəal və dinamik üzvlərindən biridir.
M.Lyubetkin əlavə edib: "Siz forumlar, böyük tədbirlər təşkil edirsiniz və Bakı pozitiv dünya proseslərində katalizator rolunda çıxış edir".
Əməkdaşlıq olmadan terrorizmə qalib gəlmək mümkün deyil
"Əməkdaşlıq olmadan terrorizmə qalib gəlmək mümkün deyil". Bunu isə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib. Nazir bildirib: "Mənim ölkəm dəhşətli terrordan əziyyət çəkib. Əməkdaşlıq etmədən biz terrorizmə qalib gələ bilməyəcəyik".
Nazir qeyd edib ki, terrorizmə qarşı müharibə müxtəlif dinlərlə və mədəniyyətlərlə mübarizəyə çevrilməməlidir: "Bizi dünyada artan dini dözümsüzlük narahat edir. Azərbaycanda biz multikulturalizm və tolerantlıq məsələlərinə böyük əhəmiyyət veririk. Ötən il Azərbaycanda multikulturalizm ili, bu il İslam həmrəyliyi ili elan olunub. Multikulturalizm və tolerantlıq bizim qədim ənənələrimizdir. Bu dəyərlər bizi birləşdirir və cəmiyyətimizi daha da gücləndirir".
İSESCO: "Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir"
"Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir" - deyən İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri qeyd edib ki, dünyaya sülh lazımdır: "Amma əgər nifrət, ədalətsizlik, fobiya və müharibələr qalırsa, onu əldə etmək mümkün deyil. Hesab edirəm ki, bu hadisələrin yeganə səbəbi böyük dövlətlərin öz işini lazımi şəkildə yerinə yetirməmələridir. Onlar öz maraqları uğrunda mübarizə aparır və BMT-nin Təhlükəsizlik Şurasına öz işini görməyə imkan vermir. Bununla sülh və təhlükəsizliyin təmin olunmasına mane olurlar. Dağlıq Qarabağdakı münaqişə bu yanaşmanın bariz nümunəsidir".
Əl-Tüveycri qeyd edib: "Dünyada müxtəlif müharibələrin davam etdiyi bir vaxtda böyük dövlətlər qarşıdurmaları dayandırmalı və elə etməlidirlər ki, BMT Təhlükəsizlik Şurası öz işini yerinə yetirə bilsin".
Baş direktorun sözlərinə görə, bu problemlər haqqında ucadan danışmaq lazımdır: "Bu gün diplomatik frazalar söyləməyin deyil, konkret fəaliyyət göstərməyin vaxtıdır".
UNESCO-ya görə, Bakı Forumu Azərbaycanın qədim tarixini əks etdirir
4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın tarixini - ənənələr, mədəniyyət, mədəniyyətlərarası və dinlərarası dialoq tarixini əks etdirir. Bu sözləri Bakıda davam edən forum zamanı UNESCO-nun baş direktoru İrina Bokova deyib.
İ.Bokova Forumda iştrak etməyin onun üçün böyük şərəf olduğunu deyib və Azərbaycan Prezidenti İlham Əlievə mədəniyyətlərarası dialoqun inkişafı sahəsində uzun illər rəhbərlik etdiyinə görə minnətdarlığını bildirib: "Dünyanın bizim bölüşdüyümüz dəyərlərin möhkəmləndirilməsi üçün təhsilin, biliyin, mədəniyyətin, ünsiyyətin və elmin yumşaq gücünə ehtiyacı var".
Bakı Forumu UNESCO mandatına tam uyğun tədbirdir
"Miqrantların inteqrasiyası, zorakı ekstremizmin artmasına müqavimət, eləcə də internetdə gənclərin radikallaşması - bu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dialoqun və ümumbəşəri dəyərlərin təşviqi: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" mövzusunda keçirilən sessiyada müzakirə olunan mövzuların kiçik bir hissəsidir".
Bunu UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif deyib.
Onun sözlərinə görə, Bakı Forumu insanların şüurunda sülh fikirlərinin möhkələnməsinə yönəlmiş UNESCO mandatına tam uyğun olan bir tədbirdir: "Dünya çox mürəkkəb yer olub. Texnologiyalar sahəsində nəhəng innovasiyalara baxmayaraq, biz eyni zamanda artan gərginliklə üzləşirik. Bu isə dünyada qeyri-stabilliyin mövcud olması ilə bağlı yaranmış ünumi etimadsızlığın nəticəsidir".
AŞ baş katibinin müavini: "Bakı prosesi 2008-ci ildə bir arzu idi"
"Bakı prosesi 2008-ci ildə bir arzu olsa da, bu gün reallığa çevrilib". APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Dragoni deyib. O bildirib ki, Avropa Şurası üçün demokratik təhlükəsizlik mühüm bir məfhumdur: "Avropa ölkələri bir neçə amilə xüsusi diqqət yetirir. Müstəqil məhkəmələrin mövcudluğu vacibdir. İkincisi, ifadə azadlığı önəmlidir. Üçüncüsü, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Eyni zamanda, inklüziv cəmiyyət önəmlidir. Birgə yaşayış günümüzdə böyük bir problemə çevrilib. Artan ksenofobiya və islamofobiyanın fonunda parçalanma yaranır. Xof və ədavət mühiti də buna şərait yaradır. Münaqişələrdən qaçan insanlar da cəmiyyətlərdə parçalanmaya səbəb olur. Biz parçalanmış cəmiyyətləri necə bir araya gətirə bilərik? Reallıq odur ki, heç bir sürətli çözüm yolu yoxdur".
Qonaq qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər ayrı-seçkiliyə qarşı qanunlar qəbul etməli və qanunlar düzgün icra olunmalıdır: "Dövlət sosial hüquqların müdafiəsini də təmin etməlidir. Qəzəb və ksenofobiya getdikcə daha geniş təzahür edir. Bir çox ailələr keyfiyyətli təhsil, səhiyyə imkanlarından, layiqli yaşayışdan məhrum olur. Sosial hüquqlar ailədən, ailə üzvlərindən başlayır. Yaxşı idarə olunan mədəni müxtəliflik vacibdir".
AŞ baş katibinin müavini hesab edir ki, gənc insanların maarifləndirilməsi prioritet olmalıdır: "Biz mədəniyyətlərarası dialoq bacarıqlarının məktəblərdə erkən siniflərdə dərsliklərə daxil edilməsinin tərəfdarıyıq. Dövlət inklüzivlik məsələsini uğurla həyata keçirməlidir. Daha inklüziv cəmiyyətlərin formalaşmasına təkan verməliyik. Bu, BMT-nin 2030-cu il üçün məqsədlərində də əksini tapıb. Mən Forumun nəticələrinə böyük ümidlər bəsləyirəm".
Ekstremistlər müxtəlif vasitələrlə cəmiyyətin həyatına zərbə vurur
"Ekstremistlər bu gün müxtəlif vasitələrə əl ataraq cəmiyyətin həyatına zərbə vurur". APA-nın məlumatına görə, bunu BMT baş katibinin müavininin səlahiyyətlərini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasser IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dialoqun təşviqi və körpülərin qurulması: zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" adlı panel müzakirəsində deyib.
O bildirib ki, bu gün bütün dünya informasiyanı internet vasitəsilə alır və ötürür: "Bu gün terror təşkilatları da çirkin əməllərini yaymaq üçün ümumi proqram təminatlarından istifadə edirlər. İnternet də onlar üçün bir vasitədir. Onlar müxtəlif mesajlarla sosial cəhətdən aşağı təminatlı insanları cəlb edirlər. Təhsil, dialoq, icmalar arasında körpülərin salınması çox vacibdir. Dünyada 1 milyard 800 milyon gənc var. Onlara daha yaxın olmalıyıq. Gələcəyin açarı onların əlindədir. Biz onların rifahı üçün çalışmalıyıq".
BMT baş katibinin hüququn aliliyi və təhlükəsizlik institutları üzrə müavini Aleksandr Zuyev qeyd edib ki, təhsil və mədəniyyətin zorakı ekstremizmə qarşı mübarizədə böyük rolu var: "Antisemitizmin bütün formaları müasir dövrdə qəti şəkildə qəbuledilməz haldır. Zorakı ekstremizmi bəzən müxtəlif dini cərəyanlarla, bəzən islamla əlaqələndirirlər. Bu yanlışdır".
Daha sonra çıxış edən Bolqarıstanın vitse-prezidenti İlliana Malinova İotova bəyan edib ki, gənclərə yaxşı təhsilin verilməsi çox vacibdir: "Eyni zamanda, insanlar həyatını da yaşamağı bacarmalıdır. Uşaqlara aşılamaq lazımdır ki, ölkəmizi və ailəmizi sevməliyik, başqalarına da hörmət etməliyik. Uşaqlarla, gənclərlə işləmək, onları dinləmək lazımdır. Müasir dövrdə dini mübarizələr getdikcə təhlükəli hal alır. Biz bunların qarşısını almalı, radikalizmə həmrəyliklə cavab verməliyik".
NATO baş katibinin müavini Tacan İldem çıxışında zorakı ekstemizmlə bağlı müzakirələri artıq praktikada tətbiq etməyin vacib olduğunu bildirib: "İndiyə kimi Azərbaycan bir sıra müzakirələrə ev sahibliyi edib və biz onun irəli sürdüyü təşəbbüsləri dəstəkləyirik. Bizim təşkilat bunu yüksək qiymətləndirir. Çalışmalıyıq ki, dövlətlər və ölkələr arasında işbirliyinin qurulmasına nail olaq. Bu baxımdan da dəstəyə ehtiyacı olan ölkələrə kömək etməliyik".
BMT Ümumdünya Turizm Təşkilatının baş katibi: "Azərbaycan Prezidentindən mühüm mesajlar eşitdik"
"Biz bu gün Azərbaycan Prezidentindən mühüm mesajlar eşitdik". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai deyib.
BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi deyib ki, keçmişdə baş verənlər gələcəkdə təkrarlanır: "Qlobal liderlər olaraq biz vahid gəmidə düzgün istiqamətdə irəli getməliyik. Biz insanların azad şəkildə yer dəyişməsini təmin etməliyik. Bu gün bəzi yerlərdə dünya çətinliklərlə qarşılaşır. Dünya bir-birindən asılıdır və biz bir-birimizə daha böyük hörmətlə yanaşmalıyıq".
O qeyd edib ki, bu gün dünyada hər 10 işdən biri turizmlə bağlıdır: "Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq. Ancaq səlahiyyətimiz varsa, həm də məsuliyyət daşımalıyıq. 1 milyard 800 milyon insanın hərəkət etməsi milli iqtisadiyyatların inkişafı üçün imkan yaradır".
T. Rifai bildirib ki, gənclərin bacarıqları müxtəlif yerlərə getməklə, yer dəyişməklə arta bilər: "İnsanlar səyahət etdikcə, zənginləşir, bir-birini daha yaxşı tanıyır. Bu gün tolerantlıq və anlaşma çatışmır. İnsanlar birləşməli və stereotiplərə qarşı mübarizə aparmalıdırlar. Bu il bütün dünyada Turizm İli kimi qeyd olunacaq. Bu, səylərimizi birləşdirməyə şərait yaradır. Qlobal çağırışlar tərəfdaşlıq yolu ilə aradan qaldırıla bilər. İnsanlara, ətraf mühitə hörmətlə yanaşmalıyıq, bununla özümüzə hörmətimizi ifadə edirik. Azərbaycana həmişə gələcəyik, Azərbaycan gözəl bir yerdir, Odlar Yurdudur, gözəl insanlarınız var".
Ermənistanın Suriya ermənilərini işğal olunmuş ərazilərimizdə yerləşdirməsi forumun gündəliyinə çıxarıldı
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi" mövzusunda panel keçirilib. APA-nın məlumatına görə, panelin moderatoru UNESCO Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimed olub.
Avstriyanın Qraz şəhər meriyasında İnteqrasiya və dinlərarası dialoq şöbəsinin müdiri və mətbuat katibi Tomas Raçakoviç miqrantların inteqrasiyasının vacib olduğunu vurğulayıb.
İqtisadi Həmrəylik kafedrasının direktoru (Barselonanın Abat Oliba CEU Universiteti) Qarmen Parra Rodriguez Barselonada əhalinin 30 faizinin miqrant olduğunu bildirib.
Qlobal Miqrasiya Siyasəti Assosiasiyasının prezidenti Patrik Taran miqrasiyanın əsasən şəhərləri əhatə etdiyini deyib: "Miqrantlar Avropada işləyən əhalinin 15 faizini təşkil edir. Almaniyada orta göstəricidən yüksək, yəni işləyən əhalinin 20 faizini miqrantlar təşkil edir. 2020-ci ilə qədər təkcə universitetlərdə xüsusi peşələrə malik 85 milyon insan tələb olunacaq. Bu da miqrantlara ehtiyacı göstərir. Almaniya, İtaliya, Rusiyada işçi qüvvəsi azalır. Bu il ABŞ-da da işçi qüvvəsi azalmağa başlayıb. Çində 2050-ci ilə qədər 100 milyon işçi qüvvəsi azalacaq. Azərbaycanda da doğumun səviyyəsinin azalması gələcəkdə işçi qüvvəsinə ehtiyacı artıracaq. Ermənistan, Belarus kimi ölkələrdə doğum səviyyəsi neqativdir. Cənubi Afrika da tezliklə bu neqativ cərəyana qoşulacaq. Əvvəllər Meksikadan miqrasiya ABŞ-a olubsa, 2012-ci ildən miqrasiya ABŞ-dan Meksikaya istiqamətlənib. Vyanaya baxsaq, əhalinin 50 faizi ya xaricidir, ya da valideynlərindən biri xaricidir. Avropa ölkələrində 20 faizdən çox əhali ya xaricilər, ya da valideynlərindən biri əcnəbi olanlardır".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayının 60 milyona çatdığını, 20 il əvvəlki dövrlə müqayisədə 3 dəfə artdığını qeyd edib: "Miqarsiya proseslərini idarə etmək hakimiyyətlərin qarşısında duran vəzifədir. Azərbaycan əhalisinin sayı az olsa da, Avropa ilə eyni sayda qaçqın və məcburi köçkün problemi ilə üzləşib. 120 mindən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Bu insanların problemlərinin həlli üçün 6 milyard vəsait sərf edilib. Azərbaycan dövləti torpaqlar işğaldan azad edildikdən sonra məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı Böyük Qayıdış Proqramı hazırlayır. Bu baxımdan Cocuq Mərcanlı kəndinin bərpası və sakinlərin torpaqlarına qayıdışına hazırlaşmasını xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda etnik və dini zəmində heç vaxt qarşıdurma olmayıb. Təəssüf ki, bəzi ölkələr qaçqın və miqrantların qarşılanmasına mənfi münasibət bəsləyir. Bu ölkələrdən biri kimi Ermənistanı qeyd etmək olar. Ermənistan, xüsusən Suriyadan gəlmək istəyən etnik erməniləri qəbul etmək istəmir. Ermənistan Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə səy göstərir".
Macarıstanın dövlət katibi: "Mədəniyyətlərarası dialoq qlobal problemləri həll etməyə kömək edə bilər"
Bu gün dünyada çox hadisələr baş verir və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər qlobal problemlərin həlli üçün faydalı ola bilər. Trend-in məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirliyinin mədəniyyət və elm diplomatiyası üzrə dövlət katibi İştvan İydyaro deyib.
O bildirib: "Bu forum çox vacibdir, belə ki, dialoqsuz irəli getmək mümkün deyil. Ümid edirəm ki, forum bütün dünya insanlarını birləşdirməyə davam edəcək".
Onun sözlərinə görə, iki ölkə arasında dövlətlərarası münasibətlər yüksək səviyyədədir və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var.
O əlavə edib: "Biz bu məsələ üzərində işləyirik, turizm əlaqələrinin səviyyəsini artırırıq. Ötən il Azərbaycandan 5000 turist Macarıstana səfər edib".
"Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət" mövzusunda panel
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət" mövzusunda panel keçirilib. APA-nın xəbərinə görə, Petra Milli İnam Fondunun prezidenti, şahzadə Dana Firas bildirib ki, turizm insanlarla ünsiyyət yaradan bir sahədir.
Onun sözlərinə görə, turizm yeni ideyalar üçün geniş imkanlar yaradır: "Turizm yeni iş yerlərinin açılması deməkdir. Bundan savayı, turizm tarix və indiki dövr arasında əlaqə yaradır. Petranın (Petra İordaniya ərazisində yerləşir-red.) 10 min illik çörəkbişirmə texnologiyası var. Dünyanın hər bir guşəsindən Petraya gələn insanlar bizim əcdadlarımızın keçdiyi yola nəzər salırlar. İndiki iordaniyalılarının əcdadlarının həyat tərzi, ibadəti haqda məlumat alırlar. Belə desək Petra dünyanın beşiyidir".
Şri Lankanın turizmin inkişafı və xristian dini işləri üzrə nazir müavini Arundika Fernando deyib ki, ölkəsi 30 il ərzində müharibə şəraitində yaşayıb: "Şri Lankada artıq müharibə başa çatıb. Turizm əhalinin ümumi rifahının yaxşılaşdırılmasına xidmət edə biləcək bir sahədir. Şri Lankada dini turizmi inkişaf etdiririk. Şri Lankada Azərbaycanda olduğu kimi müxtəlif etnik qrupların, dini konfessiyaların nümayəndələri yaşayır. Bu amil Şri Lankanı cəlbedici məkana çevirir. Bizim turizmlə bağlı çox gözəl potensialımız var. Yaxın Şərq ölkələrindən Şri Lankaya turistlər gəlir. Şri Lanka ada dövlətidir. Biz həm də tariximizdən istifadə etməklə turizmi inkişaf etdirib, iqtisadiyyatımıza töhfə vermək istəyirik. Qeyd etməliyəm ki, Şri Lanka əhalisinin 70 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır".
Kamboca Krallığı Turizm Nazirliyi Beynəlxalq Əməkdaşlıq və ASEAN Departamentinin direktoru Thok Sokhom ölkəsində baş verən müharibənin acı nəticələri haqda danışıb. O vaxtilə Kambocaya dəstək göstərən Sovet İttifaqına minnətdarlığını ifadə edib: "Bəli, mən Sovet İttifaqına minnətdaram. Ona görə ki, vaxtilə mənim xalqımın nümayəndələri Bakıda təhsil alıb Kambocada infrastrukturun yaradılmasına töhfə veriblər. Bəzi məbədlərimizin 2000 ildən çox yaxşı var. Bizə qarşı sanksiyalar tətbiq olunurdu. Biz o məbədləri bərpa etmək üçün adlarını açıqlamaq istəmədiyim yerlərə müraciət etdik. Bizim müraciətlərimizə mənfi cavab verildi. Kamboca hazırda sabit bir ölkədir. Kambocanın ən böyük sərvəti onun insanlarıdır. Ölkəmizin çox hərarətli, üzü gülər insanları var".
Belçika Xarici İşlər Nazirliyinin Flandriya Departamentinin baş katibi Koen Verlaext qeyd edib ki, Flandriyada turistlər əsasən döyüşlərin baş verdiyi yerlərə, hərbi qəbiristanlıqlara baş çəkirlər.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev panel iştirakçılarına Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğunu xatırladıb. Nazir əlavə edib ki, işğal qeyri-sabitlik deməkdir: "İşğal olan yerdə sabitlikdən söhbət gedə bilməz. Mən şəxsən məsləhət görərdim ki, turistlər münaqişələrə məruz qalmış yerlərə getməsinlər".
Panel müzakirələrlə davam etdirilib.