“Etiraf etməliyik ki, vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda problemlər var. Bəzi qurumlar vətəndaş cəmiyyəti təşkilatlarının təkliflərini diqqətlə nəzərə almırlar”. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zaman deyib.
Ə.Əhmədov bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları ilə daha yaxşı əməkdaşlıq qurulmalı, vətəndaş cəmiyyəti təşkilatları da daha ciddi təhlillərə əsaslanan təkliflər irəli sürməlidirlər: “Vətəndaş cəmiyyəti təşkilatları hökuməti inandırmalıdırlar ki, bu təkliflər hökumətin xərclərini azaldacaq. Əgər bu təklif xərcləri artıracaqsa, hökumət bu təklifləri qəbul etməyəcək. QHT-lər özlərinin faydalı olduğunu, təqdim etdiyi layihələrin hökumət üçün səmərəli olduğunu sübut etməlidir”.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının inkişafında maraqlıdır:
“Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb".
“Hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var. Torpaqlarımız işğal olunub, 1 milyona qədər insanımız qaçqın və məcburi köçkün şəraitindədir”. APA-nın məlumatına görə, bu sözləri də baş nazirin müavini Əli Əhmədov beynəlxalq donorların fəaliyyətinin müəyyən qədər məhdudlaşdırılması ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, beynəlxalq donorlar ilk növbədə Azərbaycanda qaçqın və köçkün problemlərinin köklü həllinə, torpaqların işğaldan azad edilməsinə yardımçı olmalıdırlar: “Ona görə də, ilk növbədə dövlət maraqlarını düşünməliyik. Hər hansı beynəlxalq donorun üzərinə kölgə salmaq niyyətində deyiləm. Ancaq Azərbaycan torpaqlarının bir hissəsi işğal edilən, müharibə vəziyyətində olan ölkədir. Ona görə də bu, hökuməti müəyyən addımlar atmağa məcbur edir. Buna görə də beynəlxalq donorların fəaliyyəti ilə bağlı sərtləşmələr var. Başqa ölkələr də belə addımlar atır. Bu sahədə tam şəffaflığın olması yaxşı olar. Amma təəssüf ki, hökumətin bu sahədə şəffaflıq tələb etməsini bəzi donorlar əngəl yaradılması kimi qiymətləndirir. Biz istəyirik ki, hər şey tam şəffaf olsun. Ayrılan vəsaitin hansı məqsədlə və hara xərcləndiyini bilək”.