Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət Milli Məclisdə etirazla qarşılanıb. APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərə ciddi xələl gətirmək istəyən qüvvələrin təhrikidir.
Azərbaycanda 300-dən çox rusdilli məktəb, o cümlədən Rusiya ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərdiyini xatırladan S.Novruzov qeyd edib ki, Rusiyadakı konqresin fəaliyyəti aktiv olub. Konqres bu ölkədəki azərbaycanlıları birləşdirən böyük təşkilatdır. O təklif edib ki, Milli Məclisdəki dostluq qrupu parlament adından bu barədə müraciət hazırlasın.
"Azərbaycan, Ermənistan istisna olmaqla, bütün qonşularla yüksək səviyyədə müttəfiqlik münasibətindədir. Rusiya ilə həmişə münasibətlərə böyük diqqət veririk. Ona görə də konqresimizin ləğvi barədə qərar həm iki dövlət, həm də iki dövlətin vətəndaşları arasında narazılıq yaradır" - deyə, deputat bildirib.
Deputat Zahid Oruc da bildirib ki, ÜAK-n qeydiyyatı ilə bağlı müraciət iki dövlət arasındakı strateji münasibətlərə uyğun deyil: "Ümid edirəm ki, bu məsələ Rusiya elitasına çatacaq və həll olunacaq".
Deputat Elmira Axundova da ÜAK-ın güclü təşkilat olduğunu, bölgələrdə 74 şöbəsinin fəaliyyət göstərdiyini, üstəlik, yüzlərlə xeyriyyəçilik işləri həyata keçirdiyini bildirib: "Guya sənədlərdə texniki problem olub. Amma səbəb başqadır. Rusiyada yüzlərlə erməni təşkilatı var. Bu yaxınlarda Rusiyada "Bolşaya Armeniya", "Novo Naxiçevanskie" təşkilatları peyda olub. Bütün bu qanunsuz əməllərə nədənsə Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var".
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də Konqresin Rusiya-Azərbaycan dostluğunun simvoluna çevrildiyini deyib: "Son 16 ildə hər iki dövlətin rəhbərliyi bu quruma etimad edib. Bu gün Rusiya Prezidenti Yanında İctimai Palataya məktub hazırlamışıq. Düşünürəm ki, onlar öz nüfuzundan istifadə edib Ali Məhkəmənin doğru qərar qəbul etməsinə öz töhfəsini verəcək".
Avropa İttifaqı bizə niyə Gürcüstan və Ukrayna kimi baxmır?
Milli Məclisdə Avropa İttifaqından Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub. APA-nın məlumatına görə, deputat Zahid Oruc Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb. O qeyd edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub: "Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir. Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa ki, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, öz qapılarını bu insanların üzünə açmalıdır".
İnsan alverinə qarşı mübarizənin səmərəsi 29 faiz artıb
Milli Məclisin iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun illik hesabatı da təqdim olunub. Hesabatı İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib.
Nazir müavini bildirib ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onun sözlərinə görə, onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7 nəfər "Azərbaycan Uşaq Birliyi"nin nəzdindəki sığınacağa yerləşdirilib.
V.Eyvazov bildirib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub.
Deputat Siyavuş Novruzov müzakirələr zamanı "Son vaxtlar mətbuatda oxuyuruq ki, kimsə kimisə qaçırıb, kimsə kimisə aparıb. Bunlar Azərbaycan milli mentalitetinə zidd olan məsələlərdir", deyə bildirib: "Bu məsələdə ictimai nəzarət və KİV-in oynadığı rol çox mühümdür. Milli-mənəvi dəyərlərə zidd addımlar atan həmin insanların ictimaiyyət tərəfindən qınanması bəlkə də hüquqi tədbirlərdən effektli olar. Kimsə vaxtında dərsə getmirsə, yolunu azıbsa, bu, gələcək faciələrdən xəbər verir. Ona görə də hamımız çalışmalıyıq ki, mübarizəmizin effekti daha da artsın".
S.Novruzov insan alverinin obyektiv və subyektiv səbəblərinin olduğunu da deyib.
Deputat Tahir Kərimli hesabatı yüksək qiymətləndirməklə yanaşı, milli koordinatorun gördüyü işləri qiymətləndirməyi də vacib saydığını açıqlayıb: "Mən vaxtilə o qədər həyəcanlıydım ki, əxlaq polisinin yaradılmasını təklif etmişdim. Amma son illər çox ciddi nəticələr əldə olunub".
Deputat Qənirə Paşayeva isə qadınların cinsi istismara məruz qalması faktlarından narahatlığını bildirib. O, bütün cəmiyyəti insan alverinə qarşı mübarizədə daha fəal olmağa çağırıb və bəzi qanunların tezliklə qəbulunun vacibliyini vurğulayıb.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul olunub.
"Körpü banklar"a etirazlar da var...
Milli Məclisin plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb. "APA-Economics" xəbər verir ki, "Banklar haqqında" qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi bankların ödəmə qabiliyyətinin bərpası, sağlamlaşdırılması, könüllü restrukturizasiyası, bankların rezolyusiyası ilə bağlı yeni alətlərin tətbiqi və ləğvini nəzərdə tutur. Bundan başqa, qanun layihəsində alıcı bankın aldığı aktiv və öhdəliklərlə bağlı vergi və ödənişlərdən azad olunması nəzərdə tutulur.
Qeyd edək ki, dəyişikliklər qəbul olunsa, Azərbaycanda bank öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq. Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.
Bundan başqa, qanun layihəsində "körpü bank"ların yaradılması da nəzərdə tutulur. Başqa sözlə, layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank"a keçir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır.
Sənəddə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərinin həlli yolları göstərilib. Belə ki, layihədə banka aidiyyəti olan şəxslərin, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərinin icbari qaydada bankın səhmlərinə keçirilməsi, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlərin cəlbi, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həlli nəzərdə tutulur.
Qanuna təklif olunan digər dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Başqa sözlə, Azərbaycanda müflis olan bankların səhmdarlarının, inzibatçılarının mülkləri müsadirə edilərək satılacaq.
Millət vəkili Əli Məsimli qeyd edib ki, yeni layihə bank sektorunda problemlərin həlli üçün əlavə alətlərin tətbiqinə imkan verir: "Üzərində 1 il işlənən sənədlər mükəmməldir. Amma burada bəzi məqamlara əlavə diqqətin yetirilməsinə ehtiyac var. Bəzi maddələr üzrə əlavə şərhə də ehtiyac yaranır. Qanunvericilik sənədlərində konkret günlər göstərilir. Burada əlavə problemlərin yaranmaması üçün bu gün sözünün iş günü sözü ilə əvəzlənməsinə ehtiyac var. Çünki bayram günləri olduğu təqdirdə müəyyən olunan gün problem yarada bilər. Qanun layihəsində sistem əhəmiyyətli bankı müəyyən edən amillər aydın göstərilməlidir. Azərbaycan bankları o qədər çöküb ki, "hazırda sistem əhəmiyyətli bank varmı" sualına cavab vermək lazımdır. Maliyyə bazarlarına nəzarət orqanına yeni səlahiyyətlər verilir. Mən indiki məqamda bunun tərəfdarıyam. Amma gələcəkdə maliyyə bazarlarına nəzarət orqanı bu səlahiyyətlərdən sui-istifadə edəcəkmi? Biz hüquqi dövlət qurduğumuzdan bu məsələyə də diqqət yetirilməlidir. İki ciddi problem var. Bunlardan biri faiz dərəcələrinin həddən artıq şişirdilməsi, ikincisi isə dollarla olan kreditlərlə bağlı məsələdir. Bu dəyişikliklər bu iki problemin həllini nəzərdə tutmur".
Millət vəkili Qüdrət Həsənquliyev bank sirri ilə bağlı dəyişikliklərə münasibət bildirib. O, bank sirri ilə bağlı məlumatların kənar auditorlar və maliyyə bazarlarına nəzarət orqanına verilməsinin əleyhinə olduğunu vurğulayıb: "Niyə vətəndaşların banklardakı vəsaitlərilə bağlı məlumatlar maliyyə bazarlarına nəzarət orqanına verilməlidir? Biz bu məlumatları əldə edə biləcək təşkilatların siyahısını genişləndirməklə əhalinin banklara vəsait yatırmasının qarşısını ala bilərik. Biz deyirik ki, xaricdən də vəsaitlər banklarımıza yerləşdirilsin. Bu halda kim vəsaitini banka qoyacaq? Bundan başqa, məhkəmənin bankların lisenziyasının ləğv olunması ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qərarını ləğv edə bilməməsi ilə bağlı səlahiyyətlər veririk. Bu nə üçün lazımdır?"
Deputat Siyavuş Novruzov isə deyib ki, bankların pis vəziyyətə düşməsi iqtisadi vəziyyətlə bağlı deyil: "Bu, bank rəhbərlərinin maliyyə oğurluğu ilə bağlıdır. Hərəyə 1 milyard pul verdilər, onlar da bu pulu götürüb aradan çıxdılar. Problemlərin səbəbini onlardan soruşmaq lazımdır. Vaxtilə nəzarət mexanizmi var idi. Niyə indi biz "körpü bank" yaradırıq? Kim zəmanət verir ki, aktivlərin köçürülməsindən sonra bu hallar təkrarlanmayacaq? Banklar kökündən sağlamlaşdırılmalıdır. Səbəb və nəticəni qarışdırmayın. Azərbaycanda vətəndaşa verilən istehlak krediti niyə yüksək faizlə verilir? Bunun izahı verilməlidir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Amma bank rəhbərləri öz maraq və mənafelərini güdürlər. Bankı sağlamlaşdıranda kökündən sağlamlaşdırmaq lazımdır".
Milli Məclisin sədri Oqtay Əsədov buna cavab olaraq bildirib ki, görülən tədbirlərdə əsas məqsəd bankların sağlamlaşdırılması ilə bağlıdır: "Əsas olan odur ki, banklar sağlamlaşdırılacaq".
Millət vəkili Vahid Əhmədov isə vurğulayıb ki, ölkə iqtisadiyyatına ən ağır zərbəni banklar vurub: "Bu dəyişikliklərdə əsas məqsəd bankların sağlamlaşdırılmasından ibarətdir".
Qanun layihələri səsə qoyularaq qəbul edilib.
Baki-xeber.com