Tarixi Azərbaycan torpaqlarında havadarlarının köməkliyi ilə qurulmuş düşmən "ölkədə" baş verənlərin bu gün siyasət masasından kənara, daha doğrusu, döyüş poliqonlarına köçürülməsi üçün dəridən-qabıqdan çıxan Sarkisyan hakimiyyəti bir il bundan öncə itirdiyi hərbi və siyasi mövqeyini, yalanlar üzərində ucaltdığı "nüfuzunu" yenidən qaytarmağı arzulasa da, reallığa gəlincə, bilir ki, bu mümkün deyil.
Çünki qarşısında regionun iqtisadi və hərbi baxımdan ən güclü, qüdrətli orduya sahib Azərbaycan dövləti var. Erməni mətbuatını izlədikcə və orada baş verənləri təhlil etdikcə gözlərimiz önündə bədbəxtliyə düçar olmuş, gələcəyi qaranlıq, daxili və xarici siyasətinin yüyəni özgələrin əlində olan asılı bir koloniya gəlir. Ancaq köləlik sindiromuna tutulmuş idarəçilərin əzdiyi xalq yaşayışından bezib meydanlara axışsa belə, hələ ki, nəyisə dəyişməyə gücü çatmır.
Əlbəttə, güc birlikdən doğar. Və baş verənlər göstərdi ki, Ermənistan cəmiyyətində birlik yox, başıpozuqluq var. Elə o başıpozuqluq da ötən il baş vermiş aprel döyüşlərində bir daha özünü göstərdi. "Yenilməz ordu" kimi qələmə verilən, az qala haqqında əfsanələr uydurulan "güclü ordu"nun Azərbaycan ordusu tərəfindən darmadağın edilməsi mifin dağılması demək idi. Siz heç sabun köpüyünün havada necə uçmasını görmüsünüzmü?
Ötən ilin aprelində Azərbaycan əsgəri bir tarix yazdı. O tarix ulu babalarımızın yazdıqlarının yanında daha şərəfli, daha möhtəşəm görünürdü. Elə bir neçə gün bundan öncə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə bağlı hərbçilərlə görüşündə "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək" - deməklə bizləri birliyə, həmrəyliyə və torpaqlarımızı azad etmək üçün hər şeyə hazır olmağa səslədi. Ali Baş Komandanın bu fikirlərı həm də bir çağırışdır. Bu çağırışa isə Azərbaycan xalqı olaraq hamılıqla səs veririk...
Torpaq o zaman səni qoruyur ki, sən onun üstündə inamla addımlayırsan və bu inamı torpağın özü sənə verir. Axı o öz sahibini yaxşı tanıyır. Ötən ilin apreli həm də bir sınaq idi, millətimizin sınağı. Daha doğrusu, haylar beş-on dəmir-dümür yığnağı ilə hay salıb bizi qorxutmaq və yenidən ərazilərimizi zəbt etmək üçün hücuma keçmişdilər. Çürük beyinlərinə yeridilmiş "yenilməzlik" elə ordumuzun əks hücuma keçməsindən sonra məğlubiyyətlə əvəz olunmağa başladı.
Bəli, onlar belə gözləmirdilər. Etiraf edək ki, düşmən ötən illər ərzində belə düşünüb: Azərbaycan xalqı məğlubiyyətlə, torpaq itkisi ilə barışıb, azərbaycanlıların ruhu sınıb...
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə, dördgünlük müharibə bıçağın sümüyə dayandığını, azadlığa gedən yolun şəhidlikdən, qazilikdən, qalibiyyətdən keçdiyini göstərdi. Qanıyla-canıyla sevdiyi torpaq uğrunda nifrətini də süngüsünün, ən müasir silahlarının ucuna pərçim edən Azərbaycan əsgəri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanmasını təmin etdi.
Lakin bu döyüşlərdə itkilərimiz də oldu. Silahlı Qüvvələrin 88 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı. Bir ədəd Mi-24 helikopterimiz düşmən tərəfindən vuruldu və 1 tank mina partlayışı zamanı sıradan çıxdı.
Döyüşlərdə düşmənin 30 tankı, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 əsgəri öldürüldü və 500-dən artıq hərbi qulluqçusu yaralandı.
Ordumuzun hücumları qarşısında aciz qalan düşmən bu gedişlə əlində tutduğu ərazilərin itirilməsindən qorxuya düşüb yenə də havadarlarına və sahiblərinə əl və dil açdı.
Lakin düşmən yenə də dinc oturmadı. Əməliyyatlar dayandırılandan sonra da itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutdu. Aprelin 3-ü və 4-nə keçən gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qaldı.
Aprel döyüşləri düz 23 il bundan öncə yaşanmış, ordumuzun tarix yazdığı qələbə soraqlı bir xoş günün davamıdır. 1994-cü ilin yanvar ayının 5-i və 7-si. İlk qələbəmizin təməli də məhz o günlərdə qoyuldu. Ulu öndərin 1993-cü ilin noyabrında xalqa müraciətindən sonra Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti səfərbər oldu.
1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduqlarından, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi. Oktyabrın sonlarında erməni hərbi birləşmələri (yalnız Ermənistan ordusunun müntəzəm hissəsi, qondarma "Dağlıq Qarabağ ordusu" nəzərdə tutulmur) Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi.
1993-cü ilin dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimətlə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. 15 dekabrda isə Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi - Füzuli, Xocavənd, Ağdam, Mardakert və Kəlbəcər. Dağlıq Qarabağın şimal-şərqinə hücum erməniləri Mardakert rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməyə məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri Dağlıq Qarabağın cənub-şərqində Beyləqan rayonundan gəlirdi. Döyüş çöl zonasına keçmişdi. Azərbaycan hissələri bu şəraitdə düşmənin müdafiəsini dağıtdı və top atəşi və raket artilleriyası altında Füzuli rayonunun daxilinə irəliləməyə başladılar. 1994-cü ilin yanvar ayının əvvəlində azərbaycanlılar 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini ələ keçirmişdi.
Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb. Yanvarın sonunda ermənilərin artan müqavimətini keçən Azərbaycan qoşunları Füzuli və Cəbrayıl rayon mərkəzinin yaxınlığına çatsalar da, düşmənin əks-hücumları nəticəsində dayandırılmışdı. Buna baxmayaraq, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiyinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.
Horadiz əməliyyatı ilə aprel döyüşləri arasında gözlə görülən və görülməyən ilahi bir bağlantı var. Horadiz əməliyyatında ulu öndərin, aprel döyüşlərində isə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin və igid oğullarımızın qətiyyəti, döyüş əzmi bizə yaramıza az da olsa məlhəm olan qalibiyyət bəxş etdi. Düzdür, hələ torpaqlarımızın çox hissəsi işğaldadır və azad olunacağı günə sayılı günlər qalır. Aprel döyüşləri isə hələ uzun illər düşmənin yaddaşından silinməyəcək, əgər növbəti döyüşlərdən o sağ çıxa bilsə.
Biz ölümə yenilənlərdən deyilik, onu qanı ilə, ruhu ilə yenən bir millətin övladlarıyıq. Qələbəyə gedən yolda isə bundan sonra heç bir maneə qarşımızda duruş gətirə bilməz və biz torpaqlarımızı azad etməyə hər an hazırıq.
Hafiz Təmirov polis mayoru