Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü və düşünülmüş siyasət nəticəsində dünya iqtisadiyyatında baş verən qeyri-müəyyən vəziyyətin Azərbaycan iqtisadiyyatına mənfi təsiri xeyli azaldılıb. "Trend"in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov dünən Milli Məclisin iclasında çıxışı zaman deyib.
O.Əsədov qeyd edib ki, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət hökm sürüb.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının turizm, kənd təsərrüfatı, telekommunikasiya kimi sahələrində müsbət artımlar baş verib.
O.Əsədov bildirib ki, ötən il Azərbaycanda turizm, kənd təsərrüfatı, telekommunikasiya sahəsində müsbət artımlar müşahidə olunub. Spiker deyib ki, Azərbaycan işgüzar mühitə görə Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" hesabatında 195 ölkə arasında 65-ci yerdə dayanır.
Spiker əlavə edib ki, Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayıb. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanın 186 ölkə ilə xarici ticarət dövriyyəsi 17 milyard dollardan artıq təşkil edib.
Artur Rəsizadə sabiq Beynəlxalq Bank rəhbərliyini ittiham etdi
"2016-cı ildə Azərbaycanın maliyyə-bank sektorunda mövcud olan çətinliklər onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir". Bunu isə Milli Məclisin plenar iclasında hökumətin ötənilki fəaliyyəti barədə hesabatı zamanı Baş nazir Artur Rəsizadə deyib.
A.Rəsizadə bildirib ki, dünya bazarında karbohidrogen resurslarının qiymətlərinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarıb.
Baş nazir vurğulayıb ki, bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının sabiq rəhbərliyinin cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırıb: "Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi dayanıqlığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradıb. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən icrasına başlanıb".
Mehriban Əliyevanın gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir
Baş nazir deyib ki, Mehriban Əliyevanın gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir. A.Rəsizadə bildirib ki, humanitar sahədə əldə olunan nailiyyətlərdən, milli mədəni irsin və mənəvi dəyərlərin qorunmasından danışarkən, ilk növbədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyətini qeyd etmək lazımdır: "Mehriban xanımın beynəlxalq səviyyədə gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edib hörmətli Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, yüksək dövlət vəzifəsinin icrasında müvəffəqiyyətlər arzu edirəm".
Aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı
"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən gündəlik diqqət və qayğını xüsusilə qeyd etmək lazımdır" - deyə A.Rəsizadə bildirib.
A.Rəsizadə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal edilən müasir silahlarla təhciz edilməsi faktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirməsini təmin edir: "2016-cı ilin aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı. Təcavüskar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab Milli Ordunun yüksək döyüş ruhunu göstərdi. Bu hərbi əməliyyatlar torpaqlarımızın işğaldan azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi".
2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb
A.Rəsizadə deyib ki, 2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb. Baş nazirin sözlərinə görə, 2016-cı ildə sənaye sektorunda beş faiz artım qeydə alınıb.
A.Rəsizadə xatırladıb ki, ötən il Sahibkarlığa Dəstək Milli Fondu sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün 190 milyon manat vəsait ayırıb: "Bundan başqa, kənd təsərrüfatı istehsalçılarına 180 milyon manat vəsait ayrılıb, o cümlədən 32 iri fermer təsərrüfatına 70 milyon manat həcmində güzəştli kredit verilib. Həyata keçirilən tədbirlər nəticəsində bir çox kənd təsərrüfatı məhsul növünün istehsalı artıb, 400 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub".
Milli Məclisdə dəm qazından zəhərlənmələr müzakirə edildi
Azərbaycanda dəm qazından zəhərlənmə məsələsi də Milli Məclisin iclasında müzakirə edilib. Deputat Elmira Axundova "Azəriqaz" İstehsalat Birliyini məsələ ilə bağlı tədbirlər görməyə çağırıb. O qeyd edib ki, "Azəriqaz" İB qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin: "Abonentlərin evində bu qurğular məcburi quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq".
E.Axundovanın təklifinə vitse-spiker Valeh Ələsgərov münasibət bildirib: "Dədə-babadan evlərdə odun, kömür yandıranda mütləq baca olmalı idi. Ona görə ki, zəhərli maddələr evdən çıxsın. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bacalar yoxdur. Kimsə cihaz qoymaq istəyirsə, özü alsın qoysun, "Azəriqaz" İB bunu etməli deyil. Birinci növbədə əhali evində nəzarət etsin ki, qaz yanan zaman əmələ gələn maddələər evdən çıxır, ya yox?"
"Neftçaladakı yod-brom zavodu fəaliyyətini dayandırmaq üzrədir"
Milli Məclisdə Tarif Şurası da tənqid olunub (APA). Nazirlər Kabinetinin illik fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar seçildiyi Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib.
O qeyd edib ki, Tarif Şurasının elektrik enerjisinin qiymətini artırması bir sıra müəssisələrin fəaliyyətinə ciddi problemlər yaradıb: "Bunun bariz nümunəsi seçildiyim Neftçala rayonundakı yod-brom zavodudur. Bildiyiniz kimi, bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və həmin məhsulun böyük hissəsi xaricə satılır. Ancaq Tarif Şurasının məlum qərarı zavodun fəaliyyətinə ciddi problem yaradıb. Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər".
A.Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerjisi sərfiyyatı ay ərzində 5 milyon kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom zavoduna da şamil olunmalıdır: "Bu zavodun aylıq enerji sərfiyyatı 3 milyon kv/saat-dır. Təklif edərdim ki, Tarif Şurası bu güzəşti, heç olmasa, bu zavoda şamil etsin".
"Heç bir ölkədə valyutanın alış və satışı arasında bu qədər böyük fərq yoxdur"
Millət vəkili Yevda Abramov isə valyuta alış-satış məzənnəsi arasındakı fərqin böyük olduğundan şikayətlənib. Y.Abramov maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova müraciət edərək bildirib ki, dünyanın heç bir ölkəsində valyutanın alış və satışı arasında bu qədər böyük fərq yoxdur: "Rüfət müəllim, Samir müəllim, Elman müəllim, dünyanın heç bir ölkəsində bu qədər fərq yoxdur. Bununla biz xalqın belini qırırıq. O dəfə də bunu dedim... Bir neçə bankir cəzalandırıldı, Səməd Vurğun bağında bir neçə nəfər tutuldu. Nəticədə nə oldu? Mən bilirəm ki, bu artım və enişə dövlət nəzarət etmir. Oqtay (Milli Məclisin sədri Oqtay Əsədov - red.) müəllim, elə bil ki, bir qrup insan bizə mane olur. Amma bizim güclü maliyyəçilərimiz var. Bütün bunlara son qoymaq lazımdır! Belə olmazsa, gələcək hesabatımız (Nazirlər Kabinetinin hesabatı - red.) daha da pis olacaq".