Prezident İlham Əliyev və xanımı V Qlobal Bakı Forumunda iştirak edib
Martın 16-da Azərbaycan paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak edib.
V Qlobal Bakı Forumunda 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edir.
Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib və sözü dövlət başçısına verib.
Prezident İlham Əliyev beşinci dəfədir keçirilən Forumun artıq qlobal beynəlxalq təsisata çevrildiyini, budəfəki tədbirdə 50-dən çox ölkədən nümayəndələrin iştirak etdiyini deyərək, onlar arasında hazırkı və sabiq prezidentlərin, vitse-prezidentlərin, baş nazirlərin və parlament sədrlərinin olduğunu bildirib. Son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev bu cür tədbirlərin ölkəmizi beynəlxalq aləmə təqdim etmək üçün bir vasitə olduğunu diqqətə çatdırıb. Azərbaycanın yerləşdiyi regionda sabitləşdirici rol oynadığını, təəssüflər ki, bu vəziyyətin dünyanın bir çox bölgələrində müşahidə edilmədiyini deyən dövlət başçısı bir çox regionlardakı gərginliklərə, münaqişələrə, miqrant böhranına diqqət çəkərək, cəmiyyətlər daxilində baş verən qarşıdurmaların təhlükəli hal aldığını vurğulayıb.
Çıxışında diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev 20 ildən çoxdur Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal olunduğunu, həmin ərazilərdəki bütün infrastrukturun və tarixi irsin dağıdıldığını, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmadığını, Ermənistanın həmin qərarlara məhəl qoymadığını deyən Prezident İlham Əliyev ölkəmizin bir çox hallarda ikili standartlardan əziyyət çəkdiyini, bu münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu, status-kvonun dəyişilməsinin vacibliyini qeyd edib.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın inkişaf etdiyini, iqtisadi göstəricilərimizin artdığını, geniş regional inkişaf proqramlarının icra olunduğunu, işsizliyin və yoxsulluğun dəfələrlə aşağı salındığını deyən Prezident İlham Əliyev ölkəmizin regional və beynəlxalq mövqelərinin çox güclü olduğunu bildirib, həm qonşularla, həm də Avropa İttifaqına üzv ölkələrlə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.
Ötən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlığı nəzərdə tutan yeni saziş üzərində başlanan danışıqların əhəmiyyətindən danışan dövlət başçısı bildirib ki, bir müddət öncə Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşməsi bir daha onu göstərir ki, ölkəmizə hörmətlə yanaşılır və Azərbaycanın müstəqil siyasət yürütməsi artıq reallıqdır. Ölkəmizin dünyanı təhdid edən təhlükələrə qarşı mübarizə apardığını, sülhməramlı təşəbbüslərə töhfə verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın icrasında mühüm rol oynadığı qlobal əhəmiyyətli layihələrdən danışaraq, Bakı-Tiflis-Qars dəmir yolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və ümumi dəyəri 40 milyard dollar olan "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətini vurğulayıb.
"Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa sərmayə qoyur", - deyən dövlət başçısı ölkəmizin mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verdiyini, malik olduğumuz tolerantlıq və multikulturalizm ənənələrinin Azərbaycanı bu prosesin mərkəzinə çevirdiyini diqqətə çatdırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa beşinci dəfə keçirilən bu Foruma verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Hər il Forumun sıralarının genişləndiyini, Bakının getdikcə daha da inkişaf etdiyini və bunun qonaqların diqqətindən yayınmadığını deyən Vayra Vike-Freyberqa Forumun budəfəki mövzusunun beynəlxalq hüququn və beynəlxalq balansın əldə olunması istiqamətində görülən tədbirlərə bir töhfə olacağına əminliyini ifadə edib, bu prosesin daha da sürətləndirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın regional əhəmiyyətini, güclü enerji və nəqliyyat potensialına malik olduğunu qeyd edən Vayra Vike-Freyberqa Forumun uğurla keçəcəyinə, maraqlı fikir mübadilələrinin aparılacağına əminliyini bildirib.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın müraciətini Forum iştirakçılarının diqqətinə çatdırıb. Sergio Mattarella müraciətində beynəlxalq icmanın üzləşdiyi problemlərin müzakirə olunduğu Forumun əhəmiyyətini vurğulayır, mədəniyyətlərarası dialoqun və fundamental azadlıqların beynəlxalq icmanın əsas öhdəliyinə çevrilməsinin vacibliyini diqqətə çatdırır, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən irəli sürülən təşəbbüslərin əməkdaşlığı daha da möhkəmləndirməyə xidmət etdiyini bildirir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefan Makkormak isə Krallığın Baş naziri Tereza Meyin müraciətini səsləndirib. Baş nazir Tereza Mey də beşinci dəfə keçirilən bu Foruma göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edir. Bu il Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu, bu illər ərzində ölkələrimiz arasında məhsuldar əlaqələrin fomalaşdığını, səmərəli əməkdaşlığın davam etdiyini vurğulayan Tereza Mey Forumun dünyanın üzləşdiyi çətinlikləri dəf etməkdə mühüm rol oynadığını bildirir.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dünyada gərgin siyasi proseslərin getdiyini, münaqişələrin və toqquşmaların davam etdiyini bildirərək, bu problemlərdən çıxış yolu kimi Forum çərçivəsində aparılan müzakirələrin səmərəli olacağına əminliyini qeyd edib. O, Forumun işinə verdiyi güclü dəstəyinə görə bir daha Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan regionda sabitləşdirici rol oynayır
Hər bir beynəlxalq forum vacibdir və dünyada qəbul olunacaq bütün qərarlar bu cür forumlarda müzakirə olunan mövzulardan asılıdır. "Trend"in məlumatına görə, bunu Prezident İlham Əliyev "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
İlham Əliyev qeyd edib ki, Qlobal Bakı Forumu Azərbaycanda birinci dəfə deyil keçirilir və artıq ənənəyə çevrilib.
Dövlət başçısı forumun 50-dən çox ölkəni təmsil edən 260-dan çox qonağını salamlayıb: "Azərbaycan müstəqil dövlət kimi nisbətən gəncdir. Ötən il biz dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd etdik. Bizim fəaliyyətimiz, ölkədə həyata keçirdiyimiz layihələr bütün regiona müsbət təsir göstərir və bu, Azərbaycanın dünyaya təqdim olunması vasitələrindən biridir".
Prezident vurğulayıb ki, bundan əvvəlki Bakı Forumundan bəri dünya heç də daha təhlükəsiz yerə çevrilməyib: "Regionumuzda hələ də həlli uzanmış münaqişələr, qarşıdurmalar, müharibələr mövcuddur. Bu, əlbəttə ki, çox təhlükəli tendensiyadır".
İlham Əliyev qeyd edib ki, Azərbaycan öz regionunda mühüm sabitləşdirici amil rolunu oynayır və ölkənin təşəbbüsləri regional əməkdaşlığa və regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə istiqamətlənib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan ada deyil və qonşu ölkələrdə baş verən hadisələr ölkədə böyük narahatlıq doğurur.
Onun sözlərinə görə, hələ də çağırışlar, müharibələr, münaqişələr, miqrant böhranları mövcuddur və bütün bunlar böyük humanitar faciədir: "Miqrant böhranı, mən deyərdim ki, dünyanın müxtəlif hissələri arasında qarşılıqlı anlaşmanın azalmasına gətirib çıxarır. Bu, miqrantların üz tutduğu ölkələrin sakinləri üçün müəyyən narahatlıq yaradır".
Prezident İlham Əliyev deyib ki, bu proses baş verənlərin nəticəsidir, çünki bu böhranın real səbəbi ölkələrin daxili işlərinə xarici siyasi və hərbi müdaxilələrdir.
Azərbaycan Prezidenti bildirib ki, miqrasiya böhranı beş-on il əvvəl yox, bu yaxınlarda baş verib: "Beləliklə, mən deyərdim ki, bu, Yaxın Şərq ölkələrinə münasibətdə aparılan düşünülməmiş siyasətin nəticəsidir. Bu isə, öz növbəsində, miqrantların getdiyi ölkələrdə cəmiyyətlərin radikallaşmasına gətirib çıxarır".
Dövlət başçısı təəssüflə qeyd edib ki, seçki kampaniyalarında diqqəti ən çox cəlb edən şüarlar millətçiliyə və antimiqrant əhval-ruhiyyəyə çox yaxın olan şüarlardır: "Son aylarda və illərdə biz bunun şahidi olmuşuq və bu, tendensiyaya çevrilib. Hesab edirəm ki, qlobal gündəlikdə dayanan ən vacib məsələlərdən biri bu tendensiyanı əksinə çevirməkdir, uzaqlaşma, siyasi qarşıdurmaya və sivilizasiyaların dialoqunun olmamasına deyil, daha çox əməkdaşlığa, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə yönəlməkdir".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan coğrafi mövqeyi regiondakı rolunu əvvəlcədən müəyyənləşdirən ölkədir: "Biz sivilizasiyaların və mədəniyyətlərin dialoquna sərmayə yatırırıq. Azərbaycan özü Ermənistanın təcavüzü, torpaqlarının işğalı və humanitar faciədən əziyyət çəkir".
Dövlət başçısı xatırlayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi - Dağlıq Qarabağ və yeddi ətraf rayon 20 ildən çoxdur davam edən erməni işğalı altındadır: "İşğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, Azərbaycanın tarixi və dini abidələri məhv edilib. ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərə nümayəndə heyəti göndərib və onların hesabatı da açıq-aşkar göstərir ki, bütün binalar və Azərbaycanın tarixi irsi məhv edilib".
Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, separatçılığın və Azərbaycana qarşı müharibənin nəticəsidir: "Bu münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bir milyon azərbaycanlı əziyyət çəkib. Bu rəqəm dünyada adambaşına düşən ən yüksək göstəricidir. Bu gün Azərbaycan əhalisi 10 milyon nəfərə yaxınlaşır. Münaqişə başlayanda əhalinin sayı 8 milyon idi, yəni 8 milyondan 1 milyonu 1990-cı illərin əvvəllərində evsiz qaldı".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan həmin dövrdə çox kasıb ölkə olaraq bir sıra siyasi, iqtisadi və sosial problemlərlə qarşılaşmışdı: "İqtisadiyyat xaos vəziyyətində idi, iqtisadi inkişaf üçün heç bir aydın vasitə yox idi. Bundan başqa, bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Onların da qayğısına qalmaq lazım idi. Əlbəttə, Azərbaycan həmin dövrdən sonra inkişaf etdi. Biz öz həmvətənlərimizi layiqli şəraitlə təmin edə bilirik, amma münaqişə hələ də həll olunmayıb".
İlham Əliyev xatırladıb ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar işğalçı erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələr qəbul edib: "Beynəlxalq arenada ali qurum hesab olunan BMT Təhlükəsizlik Şurası, sitat gətirirəm, "erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını" tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalır, Ermənistan artıq 25 ildir ki, onları yerinə yetirmir. Bu onu göstərir ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qərarlarının icra mexanizmi mövcud deyil. Bu, ardıcıllığın olmamasını da göstərir, çünki bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün, hətta bir neçə saat ərzində icra olunduğu hamıya məlumdur. Bizimlə əlaqədar isə 25 il keçib, hələ də irəliləyiş yoxdur. Qaçqınlarımız və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıda bilmir. Biz hesab edirik ki, bu, ikili standartlar siyasətidir. Ümumilikdə, mənim fikrimcə, dünyada baş verən son hadisələr ikili standartlar siyasətinin, təəssüf ki, beynəlxalq münasibətlərdə bir standarta çevrildiyini göstərir".
İlham Əliyev əlavə edib ki, beynəlxalq hüquq norma və prinsipləri müxtəlif ölkələrdə mövcud siyasi maraqlardan asılı olaraq şərh edilir: "Hesab edirəm ki, bu, BMT islahatları və ümumilikdə beynəlxalq təşkilatların qərarlarının icrası ilə bağlı vacib məsələdir. Əgər qəbul edilən qərarlar icra olunmasa, təkcə bu ölkələr yox, bütün dünya təhlükədə olacaq. Çünki bu o deməkdir ki, istənilən ölkə vəziyyətin dəyişməsi üçün gücündən istifadə edə və əraziləri işğal edə, milyonlarla insana əziyyət verə və nəticədə cəzasız qala bilər".
Dövlət başçısı xatırladıb ki, Azərbaycan Ermənistan tərəfindən Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş təcavüz, işğal və hərbi cinayətlər barədə məsələni dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırıb: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Məhz onda bu, ədalətli olacaq, vahid standart olacaq".
Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquqa əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır: "İnsanların öz doğma torpaqlarına qayıtmaq hüququ var".
İlham Əliyev deyib ki, nizamlanmamış Ermənistan-Azərbaycan münaqişəsi sülh və sabitlik üçün təhlükədir: "Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik, istənilən halda həllini istəyirik. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamaq istəyir və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan vasitəçilərin bəyanatlarına əhəmiyyət vermir. ABŞ və Rusiya dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir, bu isə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir".
Prezident bildirib ki, bu ağır yükə və humanitar böhrana baxmayaraq, Azərbaycanın inkişafı sürətli, davamlı oldu: "Ölkəmizin iqtisadi transformasiyasında böyük nailiyyətlərimiz var və mən düşünürəm ki, 25 illik azadlıq və müstəqillik Azərbaycan xalqının nəinki müstəqil millət kimi yaşamağa, eləcə də bir çox sahələrdə uğurlar əldə etməyə qadir olduğunu nümayiş etdirdi. Ölkənin, xüsusilə də son illərdə, iqtisadi göstəricilərinə nəzər yetirsək görərik ki, iqtisadi sahədə nailiyyətlər həqiqətən də Azərbaycanda güclü siyasi iradənin və həmrəy cəmiyyətin olduğunu nümayiş etdirir. Əgər hakimiyyətlə xalq arasında vəhdət varsa, siz hətta münaqişə və işğal şəraitində bir çox şeylərə nail ola bilərsiniz".