Prezident İlham Əliyev Bakıda keçirilən "İslam həmrəyliyi - zamanın çağırışı" adlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. "Trend"in məlumatına görə, müraciəti Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev oxuyub.
Müraciətdə qeyd olunur: "Hörmətli konfrans iştirakçıları! Sizi, "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, ən xoş arzu və diləklərimi bildirirəm.
Avropa ilə Asiyanın qovşağında yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əminamanlıq şəraitində yaşayıblar. Azərbaycan xalqı bu gün də özünün dərin tarixi köklərə malik, zəngin tolerantlıq və multikultural ənənələrini qoruyur, sivilzasiyalararası dialoqa, İslam daxilində və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir. Buna görə də zamanın çağrışlarına səs verən İslam həmrəyliyinə həsr olunmuş konfransın keçirilmə məkanının dəqiq seçildiyi şübhəsizdir.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunduqdan sonra xalqımız öz tarixi, mənəvi ənənələrinə sadiqliyini böyük coşqunluqla bir daha nümayiş etdirdi. Bu münasibətlə Azərbaycanda və xaricdə bir sıra əhəmiyyətli və faydalı tədbirlər keçirildi. Dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yarandı. Bütün bunlar ona gətirdi ki, ötən ilin məntiqi davamı olaraq 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edildi.
Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin, İslam və digər dinlər arasında harmoniyanın yaranması nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək və real addımlar atmaq lazımdır.
Sizin konfransınız Azərbaycanda İslam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir.
Bu gün İslama və digər konfessiyalara mənsub görkəmli alimlərin, din xadimlərinin dinlərarası mühüm, aktual məsələləri belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dünyası və xalqları, eyni zamanda dünya dövlətləri və xalqları arasında qardaşlıq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir.
Ümüdvaram ki, konfrans nəinki islam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz lazimi töhfəsini verəcək.
Bu nəcib fəaliyyətinizdə bir olan Uca Allahdan sizə könül xoşluğu, cansağlığı və konfransınızın işinə uğurlar arzulayıram".
İslam dünyasına Qarabağ həmrəyliyi çağırışı...
Xələf Xələfovdan, Allahşükür Paşazadədən, Mübariz Qurbanlıdan...
İşğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qanunsuz iqtisadi fəaliyyətin və məskunlaşdırma siyasətinin aparılmasının, yerli resursları talamaqla istehsal edilən malların xarici bazarlara çıxarılmasının qarşısını alan addımlar atılmalıdır. Xarici işlər nazirinin müavini Xələf Xələfov "İslam həmrəyliyi -zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı belə deyib.
Nazir müavini bildirib ki, beynəlxalq təşkilatlar Xocalı soyqırımının tanıdılması üçün müvafiq addımlar atmalıdır: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir. Ermənilər işğal olunmuş ərazilərdə etnik təmizləmə və Xocalı soyqırımı həyata keçirib. İslam Əməkdaşlıq Təşkilatına bu məsələyə siyasi və hüquqi qiymət verməsinə görə təşəkkür edirik. Biz digər üzv ölkələri də bu sahədə həmrəylik nümayiş etdirməyə çağırırıq".
X.Xələfov deyib ki, islam dininə qarşı əks təbliğatların qarşısının alınması üçün islam ölkələrinin öhdəsinə daha çox əhəmiyyətli məsələlər düşür. Azərbaycan dövləti isə beynəlxalq sistemdə islamın nüfuzunun gücləndirilməsi üçün əhəmiyyətli addımlar atır.
"Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir". Bunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O qeyd edib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda sabitlik mövcuddur: "Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir".
A.Paşazadə bildirib ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir.
QMİ sədri deyib ki, bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya və radikalizmin təzahürləri sivilizasiyalar, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir: "Bu təhdidlərdən yalnız səyləri birləşdirməklə, dinlər arasında əməkdaşlıqla qurtulmaq olar".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, İslam ölkələri islamofobiyaya qarşı mübarizədə bir olaraq ideoloji cəbhədə mübarizələrini gücləndirməlidir. M.Qurbanlı bildirib ki, islamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: "Çox təəssüf ki, bəziləri islam haqqında müxtəlif mənfi rəylər formalaşdıraraq, guya onun dünya üçün təhlükəli olduğunu bildirərək terrorla eyniləşdirirlər.
Bu gün dünyada İslam həmrəyliyinin olmasını olduqca vacib sayan komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsi dünyaya bir mesajdır: "Bu gün dünyada dini zəmində münaqişələr gedir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələrinin ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcud olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir".
Komitə sədri bildirib ki, bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir. M.Qurbanlı deyib ki, Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır.
"Müxtəlif dinlərin harmonik şəkildə yaşaması modelini real görmək üçün Azərbaycana gəlin..."
"Ənənəvi dinlər ümumi çağırışlar və ekstremizmlə üzləşir". APA-nın məlumatına görə, bunu tədbirdə çıxışı zamanı Moskva patriarxının xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini, Arximandrit Filaret deyib.
O bildirib ki, bu ciddi çağırışları yalnız birgə səylərlə aradan götürmək olar: "Yaxın Şərq və dünyanın digər bölgələrində silahlı şəxslər İslam şüarlarından istifadə edir, müsəlmanlar və digər dinlərin nümayəndələri arasında münaqişə yaratmağa çalışır. Din adına terrorizm yoxdur. Heç bir din insanları öldürməyi təbliğ etmir. Rus Pravoslav Kilsəsi müsəlmanlarla aktiv dialoq aparır. Dünyada müxtəlif dinlərin harmonik şəkildə yaşaması üçün Azərbaycan yaxşı nümunədir".
Rusiya və Moskva Patriarxının Bakı Konfransına müraciətindən - "Azərbaycan dini və mədəni müxtəlifliklər arasında balans yarada bilib"
"Hazırda dünyada mövcud olan ənənəvi dinlər ekstremizm və terrorizmlə üzləşir". Bu barədə Rusiya və Moskva patriarxı Kirillin Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransa müraciətində deyilir.
Müraciəti Novqorod və Starorus mitropoliti Lev oxuyub. O bildirib ki, hazırda dünyada müxtəlif dinlər və ənənələr bir cəmiyyətdə yaşayır: "Bu isə qarşılıqlı anlaşmanı labüd edir. Dünyada baş verən terror aktları və insanların öldürülməsi bizi elə bir model tapmağa çağırır ki, sülh naminə birlikdə işləyək və ekstremizmin qarşısını alaq. Ənənəvi dinlərə tolerant yanaşmadan ekstremizmin qarşısını almaq mümkün deyil. Azərbaycan bu sahədə yaxşı təcrübə qazanıb. Bu ölkə dini və mədəni müxtəlifliklər arasında balans yarada bilib. Tədbirin burada keçirilməsi çox yerində və vaxtındadır. Ümid edirəm ki, bu tədbirin işi müxtəlif din və mədəniyyətlər arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək".
Bütün Gürcüstan Patriarxının müraciətindən - "Digər dinlər kimi, İslam dini də qlobal çağırışlarla üzləşib"
"Müxtəlif ənənəvi dinlər kimi, İslam hazırda qlobal çağırışlarla üzləşib". Bu sözlər isə bütün Gürcüstan patriarxı İliyanın beynəlxalq tədbir iştirakçılarına müraciətində deyilir.
Müraciəti Gürcüstan Pravoslav Kilsəsinin nümayəndəsi, yepiskop Dmitri Kapanadze oxuyub.
"Son vaxtlar dünyada baş verən terror aktları zamanı çoxlu sayda insan ölüb, unikal abidələr məhv edilib. Bu hallar bəzən İslam dini ilə əlaqələndirilir. Bu təsəvvürü dəyişmək lazımdır. Bu konfransın məhz bu məqsədə xidmət edəcəyinə ümid edirəm".
"İslam həmrəyliyi - zamanın çağırışı" Beynəlxalq Konfransının iştirakçıları Prezident İlham Əliyevin bir qərarını "Qlobal Çağırış" kimi xarakterizə etdilər
"İslam həmrəyliyi - zamanın çağırışı" beynəlxalq konfransının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir: "Zati-aliləriniz tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm bir çağırışdır.
Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, xristianlıq və yəhudilik kimi səmavi dinlərin təşəkkülündə, eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Şərq və Qərbin birləşmə nöqtəsi sayılan Azərbaycan tarixi "İpək yolu" dəhlizi vasitəsilə təkcə iqtisadi tərəqqiyə deyil, dinlər və məzhəblərarası münasibətlərin inkişafına da əvəzsiz xidmətlər göstərib".
Müraciətdə qeyd edilir ki, Azərbaycan özünün xarici siyasətində Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının, İSECKO-nun, müsəlman ölkələrini təmsil edən digər mötəbər qurumların üzvü olaraq İslam aləmi ilə də qarşılıqlı faydalı münasibətlər qurub:
"Siz Şərq və Qərbin iqtisadi və mədəni istiqamətlərini özündə birləşdirən bir sıra qlobal əhəmiyyətli forumların, İslam ölkələri mədəniyyət nazirləri ilə görüşlərin təşkilatçısı, məşhur Bakı prosesinin müəllifi kimi sivilizasiyalararası dialoqda Azərbaycanın aparıcı rolunu təsbit etmisiniz. Zati-alilərinizin təşəbbüsü ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması bir daha təsdiq edir ki, Azərbaycanda dini-mədəni və elmi potensialın inkişafındakı səy və xidmətləriniz son dərəcə yüksək təqdirə layiqdir. Bu gün müasir dünyada ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar, islamofobiya, antisemitizm, ksenofobiya halları, etnik-siyasi konfliktlər, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşanır. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, dövlət xadimlərinin və aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehtiyac var. Zati-alilərinizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə hər zaman təbliğ edilən və dünyaya multikulturalizmin nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verməkdədir. Bunun bariz təzahürü, zamana etdiyiniz ən mükəmməl çağırış - bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərləri ilə həmrəyliyə dəvət etməyinizdir! Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması faktının özü - zamanın tələblərinə cavab verən Qlobal Çağırışdır və biz hesab edirik ki, Sizin müdrik siyasətiniz yüksək alicənablıq və böyük uzaqgörənlik nümunəsidir".
Müraciətdə daha sonra bildirilib: "Ümid edirik ki, "İslam Həmrəyliyi İli" elan edilən 2017-ci ildə dünyanın bütün münaqişə zonalarında, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq hüquqa söykənən ədalətli sülh bərqərar olacaqdır. Əminik ki, Azərbaycan Respublikası Prezidentinin səyləri ilə İslam mədəniyyətinin təbliği və təşviqi, milli-mənəvi ənənələrin qorunması, İslam dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən misilsiz işlər parlaq bir nümunə kimi bütün dünyaya işıq salacaq".
"İslam Həmrəyliyi - zamanın çağırışı" Konfransının iştirakçıları dünya ictimaiyyətinə də müraciət etdi...
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq "İslam həmrəyliyi ili"nin elan olunması ilə bağlı Bakıda Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus və Ukraynanın tanınmış dövlət, elm və din xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə "İslam Həmrəyliyi - zamanın çağırışı" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarının dünya ictimaiyyətinə müraciəti qəbul olunub.
Müraciətdə deyilir: "İslam Həmrəyliyi - zamanın çağırışı" beynəlxalq konfransının iştirakçıları yekdil şəkildə təsbit edirlər ki, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyi olduqca yüksək təqdirə layiqdir. Ölkə başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması faktının özü - XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən Qlobal Çağırışdır. Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Bu qərar - müdrik siyasət nümunəsi, yüksək alicənablıq təzahürüdür və biz əminik ki, İslami həmrəylik ideyasının müəllifi olan dövlət rəhbəri İlham Əliyev bu çağırışı ilə öz dövrünün siyasi mütəfəkkiri adlanmağa layiqdir".
Müraciətdə qeyd edilir ki, konfrans iştirakçıları, müasir dövrdə multikulturalizm və İslam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, dini radikallıq, məzhəb ayrı-seçkiliyi, ksenofobiya, antisemitizm və islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə faktların qarşısının alınması üçün daha fəal olmağa çağırır. Konfans iştirakçıları din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, tarixi abidələrin məhv edilməsini, müqəddəs kitabların, məbədlərin və dini atributların təhqirini, digər dini və irqi dözümsüzlük hallarını qətiyyətlə pisləyirlər. Onlar terrorizmi, onun bütün təzahürlərini, insanlara qarşı hər hansı digər zorakılıq hallarını, ekstremizmi qətiyyətlə pisləyir, terror, hərbi qarşıdurmalar, etnik təmizləmə, separatçılıq və s. kimi əməllərin qurbanları üçün dualar edir, qaçqın və məcburi köçkünlərin, miqrantların problemlərinin həllində yardımçı olmağa və mərhəmət göstərməyə çağırırlar. Konfans iştirakçıları Dünyada mövcud olan bütün münaqişələrin, o cümlədən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduqlarını bəyan ediblər.
Müraciətdə daha sonra bildirilib: "Dinlərarası münasibətlərin inkişafı və tərəqqisi naminə regionun aparıcı dini liderlərinin birgə görüşlərinin təşkil olunmasını, özəlliklə bölgədə sülhün bərqərar olmasında əvəzsiz xidmətləri olan Moskva və Bütün Rusiya Patriarxı Kirill Zati-müqəddəsləri və Ümumgürcüstan Patriarxı II İliya Zati-müqəddəslərinin, eləcə də digər dini konfessiya rəhbərlərinin səmərəli təcrübəsini dəstəkləyir və gələcəkdə davam etdirilməsini arzu edirik. Biz- Beynəlxalq Konfrans iştirakçıları Azərbaycanın dövlət rəhbəri tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsini alqışlayır, bu ideyanın dünya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, daha geniş təbliğ edilmək məqsədilə dünyanın bir çox ölkəsində və beynəlxalq qurumlarda müvafiq tədbirlər keçirilməsini və informasiya dəstəyinin təmin olunmasını vacib hesab edirik".