Nəzakət Məmmədova: "Arzu edirik ki, bundan sonra "Xatirə Kitabı"nda yeni şəhid balalarımızın adları sıralanmasın"
Yurdumuzu, vətənimizin sərhədlərini qoruyarkən həyatını fəda edən hər bir insanın xatirəsi xalqımız, dövlətimiz üçün əziz və müqəddəsdir. Şəhidlərin qanı tökülən ana torpağımızda bitən al lalələrin hərəsi bir şəhid ürəyini xatırladır. O ürək torpağın köksündə döyünür, özü də əbədi olaraq.
Torpaqlarımızın müdafiəsində, ana yurdumuzun yağı düşmənlərdən qorunmasında vətən oğulları həmişə böyük şücaət, cəsarət göstərib. Azərbaycan oğullarının şöhrəti tarixin hansı çağında duyulmur ki?! Tarixin hər səhifəsində bizim əcdadlarımızın izi, səsi, ruhu, işıqlı əməlləri, qəhrəmanlığı yaşayır. Biz keçmişimizə baxıb öyünürük. Əlbəttə, öyünməyə haqqımız da var.
Bu gün qəhrəman vətən oğullarının xatirəsinə qoyulan bir yazılı abidə var - "Xatirə Kitabı". Bu abidə o oğul və qızların xatirəsinə həsr edilib ki, onlar canlarını fada edərək ana torpağın bir parçasına çevrilib.
İndiyə qədər "Xatirə Kitabı"nın XV cildi ictimaiyyətə təqdim edilib. Azərbaycan Respublikası "Xatirə Kitabı" redaksiyasının gördüyü genişmiqyaslı işlər təqdirəlayiqdir.
Martın 9-da Azərbaycan Respublikası Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Xatirə Kitabı"nın XV cildinin təqdimat mərasimi keçirildi. Mərasimdə ölkənin nüfuzlu ziyalıları, elm və mədəniyyət xadimləri, əmək və müharibə veteranları, eləcə də media mənsubları iştirak edirdi.
Qeyd edək ki, tədbirdə bildirildi ki, "Xatirə Kitabı"nda Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də İkinci Dünya Müharibəsində, istər Əfqanıstan savaşında, digər müharibə və münaqişələrdə canlarından keçən, itkin düşən insanların adları əbədiləşdirilib.
Azərbaycan Respublikası Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi adından çıxış edən Cəlil Xəlilov vurğuladı ki, "Xatirə Kitabı"nın xüsusi əhəmiyyəti var. "Xatirə Kitabı"nın XV cildindən danışan C.Xəlilov bildirdi ki, Azərbaycan dövləti canını torpaq uğrunda qurban verən insanların xatirəsini həmişə əziz tutur. Onun sözlərinə görə, "Xatirə Kitabı" qəhrəman oğul və qızlarımızın xatirəsinə qoyulan abidədir. O bildirdi ki, azərbaycanlıların İkinci Dünya Müharibəsində və digər müharibələrdə keçdiyi qanlı savaş yolu, vətən övladlarının şanlı döyüş salnaməsi bu kitabda əksini tapıb. C.Xəlilov nəzərə çatdırdı ki, "Xatirə Kitabı" redaksiyası yarandığı gündən indiyə qədər çox işlər görüb. İkinci Dünya Müharibəsi zamanı itkin düşən və həlak olan vətən övladları haqqında axtarış aparılması, onların adlarının üzə çıxarılaraq ictimaiyyətə təqdim edilməsi missiyasını "Xatirə Kitabı" redaksiyası daşıyıb. O, həmçinin, qeyd etdi ki, redaksiya kollektivi bu gün də uğurlu fəaliyyətini davam etdirir.
C.Xəlilov vurğuladı ki, "Xatirə Kitabı"nın həyatında yeni səhifə Heydər Əliyev hakimiyyətə gələndən sonra açılıb: "Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində 1997-ci ildə "Xatirə Kitabı"nın I cildi buraxılıb. Kitabın I cildinə 12 min nəfər insanın adı düşmüşdü. Kitabda 550 min vətən övladının adı qeyd edilməlidir. Beləliklə, kitabın nəşri 46 cilddə nəzərdə tutulur. İndi isə biz "Xatirə Kitabı"nın XV cildinin təqdimatına yığışmışıq. Təbii ki, sonradan statistika müəyyən qədər dəyişə bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın dəyərlərinə, qəhrəmanlıq tarixinə diqqəti və bu sahədə görülən işlərə dəstəyi nəticəsində artıq "Xatirə Kitabı"nın XV cildi də hazırlanaraq Azərbaycan xalqına çatdırılıb. Bu iş "Xatirə Kitabı" redaksiyası tərəfindən uğurla davam etdirilir və biz inanırıq ki, kitabın növbəti cildləri daha qısa müddətə ölkə ictimaiyyətinə çatdırılacaq".
Sonra təşkilat sədri sözü millət vəkili, akademik Ziyad Səmədzadəyə verdi. O, çıxışında dedi ki, Azərbaycan xalqının qəhrəman övladlarının adları qeyd olunan "Xatirə Kitabı"nın əhəmiyyəti misilsizdir: "Hər kəs təsdiq edər ki, vətən uğrunda canlarını verən insanların xatirəsi həmişə yaddaşlarda qalmalıdır. Bu gün də, gələcəkdə də Azərbaycan xalqının bütün nəsilləri bu insanları yad etməlidir. Biz tariximizi qorumasaq, keçmişimizi qorumasaq, övladları üçün vətəni qoruyan insanlar haqqında danışmasaq olmaz. "Xatirə Kitabı"nda adları xatırlanan insanlar xalqımızın yaddaşında əbədi qalacaq. Kitabın XV cildinin təqdimat mərasiminə toplaşmışıq. Mən tədbirə gəlməzdən əvvəl kitabı vərəqlədim və "Xatirə Kitabı"nın nəşr edilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı sənədlə tanış oldum. Bu kitabın əhəmiyyəti böyükdür. Hesab edirəm ki, "Xatirə Kitabı" redaksiyasının rəhbəri Nəzakət xanım və əməkdaşları müqəddəs işlə məşğuldur. Hətta mən kitabdakı tanış soyadlar, adlar gördüm və rayonlarda yaşayan dostlarımla əlaqə saxladım, onları məlumatlandırdım ki, tanış adlar var, onlar kimin qohumlarıdır...".
Z.Səmədzadənin sözlərinə görə, elə bir ailə tapılmaz ki, müharibədə əzizini itirməsin: "Xatirə Kitabı"nı vərəqləyən hər bir insan öz həlak olmuş və itkin düşmüş yaxınlarının adını axtarır".
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev də çıxışında "Xatirə Kitabı"nın XV cildini yüksək qiymətləndirdi. Həyata keçirdikləri çətin, məsuliyyətli və şərəfli iş üçün "Xatirə Kitabı" redaksiyası rəhbərinə və əməkdaşlarına təşəkkür edən R.Mirzəyev qeyd etdi ki, bu kitab vətən uğrunda canlarını qurban vermiş insanların xatirəsini yaşadır: "Bu, tarixdə iz qoyan və xalqımızın xatirəsini əziz tutduğu insanlar haqqında bir kitabdır. Biz çalışırıq ki, kollektivə əlimizdən gələn köməyi edək. Mən diqqətinizi görülməli olan bəzi işlərə yönəltmək istəyirəm. Bilirik ki, İkinci Dünya və Qarabağ müharibələrində həlak olan, itkin düşən insanlar kifayət qədərdir. İtkin düşənlərin izləri hələ də axtarılır. Onların arasında da Belarus cəbhəsində döyüşmüş və itkin düşmüş babam Yolçuxan Mirzəyevi axtarırıq, hələ tapa bilməmişik".
R.Mirəzyev təklif etdi ki, "Xatirə Kitabı"nın əlavəsi çap olunsun və bura Cənubi Qafqazın ayrı-ayrı yerlərində, Gürcüstan və Ermənistanda yaşayıb oradan cəbhəyə gedən azərbaycanlıların da adları salınsın: "Gürcüstan və Ermənistanda yaşamış, oradan cəbhəyə getmiş, həlak olmuş, yaxud itkin düşmüş insanlarla bağlı ayrıca kataloq çap edilsə, yaxşı olar. Belə olsa, onda İkinci Dünya Müharibəsində iştirak edən azərbaycanlıların sayı 1 milyonu ötəcək".
R.Mirzəyev sonda qeyd etdi ki, "Xatirə Kitabı" redaksiyası kollektivinin gərgin və uğurlu işini təqdir edir və onların daha böyük uğurlara imza atacağına inanır.
Təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd etdi ki, "Xatirə Kitabı"nın əhəmiyyəti olduqca böyükdür: "Burada təqribən 20 min nəfər insan barəsində informasiya toplanıb. Hər bir insan haqqında məlumat əldə etmək vacibdir. Onların ruhu üçün, onlardan sonra qalanlar üçün vacibdir. Rasim müəllimin təklifini yüksək qiymətləndirirəm. Mən Gürcüstanda doğulmuşam. Mənim 5 əmim İkinci Dünya Müharibəsinə gedib qayıtmayıb. Onların bəziləri haqqında hələ də məlumat yoxdur. Mənim üçün maraqlıdır ki, onlar hansı şəraitdə həlak olublar. Gürcüstanda, Ermənistanda boya-başa çatan və İkinci Dünya Müharibəsində həlak olan, itkin düşən azərbaycanlıların siyahısını dərc etsəniz, yaxşı olar".
Ə.Amaşov təklif etdi ki, "Xatirə Kitabı"nın gələcək cildlərinə I Dünya Müharibəsində həlak olanların və itkin düşənlərin də bioqrafiyaları salınsın.
Təqdimat mərasimində tarixçi-alim Firdovsiyə Əhmədova, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev də çıxış etdilər. Çıxış edənlər "Xatirə Kitabı"nın əhəmiyyətini vurğulamaqla yanaşı, təkliflərini də nəzərə çatdırdılar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası "Xatirə Kitabı" redaksiyasının baş redaktoru Nəzakət Məmmədova nəşrin XV cildinə olduqca maraqlı təsnifat verdi: "Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Vətən və torpaq sevgisi ata-ana sevgisi qədər təbii və əzəlidir. Bir millətin evidir vətən. Vətən üçün ölən insan müqəddəsdir, ülvidir. Çünki bu şərəfli ölüm şəhidlik zirvəsidir.
On beşinci cildini təqdim etdiyimiz "Xatirə Kitabı"nın hər cildində təxminən 15-16 min şəhid olmuş və itkin soydaşımız haqqında məlumat verilib. Bu məlumatların hərəsi yalnız ömrü yarıda qırılmış, arzuları gözündə qalmışların hekayəsi deyil. Həm də onların hər biri gözü yaşlı bir ananın ürək göynədən ahı, sızıltısıdır, hər gəncin nakam sevdasıdır, bəzən həm də bir körpənin heç kimin əvəz edə bilmədiyi valideyn itkisidir.
Əsası 1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş "Xatirə Kitabı" redaksiyası 20 ildir fəaliyyət göstərir. Bu illər ərzində həcmi 80-100 çap vərəqi olmaqla, 2000 nüsxə ilə buraxılan "Xatirə Kitabı" II Dünya Müharibəsində, məhəlli münaqişələrdə, Polşa, Çexoslavakiya, Əfqanıstan hadisələrində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, milli müstəqilliyimiz yolunda həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik topludur. Bu günədək redaksiyamızda "Xatirə Kitabı"ndan əlavə, "Azərbaycan harayı", "223-cü Belqrad atıcı diviziyası", "Tarixin qan yaddaşı", "Azərbaycanın milli qəhrəmanları", "Gözlə məni, ana", "Nigaran qalma, ana", "Vətənin şöhrətini ucaldanlar", "Ölməzlər" və başqa kitablar da nəşr edilib.
"Xatirə Kitabı" redaksiyasında işləyən hər kəs gördüyü işin əhəmiyyətini bilir və onun məsuliyyətini dərk edir. Bu kitab vətən qarşısında canından keçmiş soydaşlarımıza ehtiramımızdır. Redaksiyanın əməkdaşları respublikamızın müxtəlif rayonlarına ezam olunur, II Dünya Müharibəsində və sonrakı dövrlərdə vətən uğrunda və milli müstəqilliyimiz yolunda şəhid olmuş soydaşlarımız haqqında məlumatlar toplayırlar. Eyni zamanda, xarici ölkələrə də ezamiyyətlər təşkil edilir. Müharibədə həyatını itirmiş, məzarları ayrı-ayrı ölkələrdə qalmış soydaşlarımızın sorağı ilə əməkdaşlarımız müxtəlif ölkələrdə olurlar".
N.Məmmədova vurğuladı ki, yaxın vaxtlarda Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı intensiv hərbi əməliyyatların getdiyi dövrdə Milli Təhlükəsizlik Nazirliyinin struktur bölmələrinin itkin düşmüş və həlak olmuş hərbi qulluqçuları barədə məlumatları ünvanımıza göndərərək, "Xatirə Kitabı"nın növbəti 2017-ci il nəşrinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin və əsir düşmüş şəxslərə həsr olunmasını tövsiyə edib.
N.Məmmədova bildirdi ki, II Dünya Müharibəsində Azərbaycandan cəbhəyə 681 min nəfər soydaşımız gedib, onların 300 min nəfəri cəbhədə, yaxud sonradan aldığı güllə yarasından həlak olub. "Arzu edirik ki, bundan sonra "Xatirə Kitabı"nda yeni şəhid balalarımızın adları sıralanmasın. Tezliklə qələbəmizin xatirə kitabını yazaq" - deyə baş redaktor vurğuladı.
"Xatirə Kitabı"nın indiyə qədərki fəaliyyətində əvvəlki baş redaktorların sözsüz ki, təqdiralayiq zəhmətləri olub. Lakin etiraf olunmalıdır ki, hər sayında azı 20 minə yaxın şəhid və itkinimiz barədə məlumat verən "Xatirə Kitabı" bir neçə ay əvvəl dəyərli qələm dostumuz Nəzakət xanım Məmmədovanın baş redaktor vəzifəsinə təyin olunmasından sonra daha böyük populyarlıq qazanıb.
"Xatirə Kitabı" redaksiyasının böyük redaktoru Nahid Salayev də tədbirdə çıxış etdi. O, "Xatirə Kitabı"nın XV cildi haqqında danışdı: "Bu gün biz bura qəhrəmanlıqlarla zəngin olan tariximizə işıq salan, abidə sayılan bir kitabın - "Xatirə Kitabı"nın XV cildinin təqdimat mərasiminə toplaşmışıq. Redaksiya heyətinin üzvü kimi qürurlu bir an yaşamaqdayam. XX yüzilin ən dəhşətli müharibəsi olan II Dünya Müharibəsi illərində, sonrakı məhəlli müharibələrdə və ən nəhayət, vətənimiz Azərbaycanın yaralı yeri olan, bədnam qonşumuz Ermənistanın hərbi və etnik təcavüzü nəticəsində alovlanan Qarabağ müharibəsində şəhid olan və itkin düşən Azərbaycan övladlarının adlarının əks olunduğu bu abidə kitabı vətən uğrunda canından və qanından keçən vətən övladlarının əziz xatirəsinə ehtiramımızı özündə əks etdirir. Gənc nəslin nümayəndəsi kimi bunu demək istəyirəm ki, vətənə, torpağa məhəbbət hamımızda var, amma bu faktları özündə əks etdirən belə kitablar vətən sevgisini daha əzmli, sarsılmaz və qətiyyətli etməklə yanaşı, tariximizin nəsildən-nəsilə ötürülməsini təmin edir. "Tarix faktları sevir" deyimi burada özünü tam doğruldur. Həmişə tarix dərsliklərində oxuduğumuz, eşitdiyimiz bir fakt olub. Qeyd edirdilər ki, Azərbaycan 600 mindən çox övladını Böyük Vətən Müharibəsinə yola salıb və müharibədən 320 min insan geri qayıtmayıb".
O vurğuladı ki, "Xatirə Kitabı"nın 15-ci cildində əks olunan faktlar özündə böyük informasiyanı cəmləyib. "Bir Azərbaycan gənci və redaksiya heyətinin üzvü kimi gələcəkdə bu kitabın səhifələrində bu müharibələrin bütün iştirakçılarının adlarının verilməsini təklif edərdim. Çünki bu, müharibə ağrı-acısını yaşamış hər bir Azərbaycan övladının haqqıdır. Bu formatda olan kitablar hər birimizin yaddaş kitabı olmaqla yanaşı, nəsildən-nəslə ötürülən qahrəmanlıq salnaməmizi özündə ehtiva edərək, vətən uğrunda canından-qanından keçmiş insanlara Azərbaycan gələcəyinin ehtiramını bildirir. Belə bir möhtəşəm layihəyə həyat vermiş ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiramımızı bildiririk. Vətən övladlarının yazdığı qahrəmanlıq salnaməsinin bu kitabın səhifələri boyunca işıqlandırılmasına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürümüzü çatdırırıq".
Nahid Salayev arzu etdi ki, "Xatirə Kitabı"nın növbəti 16-cı cildinin təqdimatı Azərbaycanın erməni işğalından azad olunacaq torpaqlarında keçirilsin.
O, həmçinin, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Mədəniyyət və Turizm Nazirliyinə və bütün güc strukturlarına redaksiya heyəti adından təşəkkürünü bildirdi.
Beləliklə, onu qeyd edək ki, kiçik bir yaradıcı kollektivlə bu böyük layihənin ortaya qoyulması həqiqətən fədakarlıq nümunəsidir.
Sonda bir qrup şəxsə təşkilatın mükafatları təqdim edilib. Akademik, millət vəkili Z.Səmədzadə "Veteranlarla həmrəylik" medalı, tarixçi-alim F.Əhmədova döş nişanı, "Xatirə Kitabı"nın əməkdaşları İsrafil Əhmədov "Səməd bəy Mehmandarov", redaksiyanın sabiq əməkdaşı Kamil İsmayılov isə "Ə.Şıxlinski" medalı ilə təltif olundular. Bundan başqa, "Xatirə Kitabı" redaksiyasının əməkdaşları Dilarə Hüseynovaya və Vüqar Əsgərova təşkilatın fəxri fərmanı verildi.
İradə SARIYEVA