Bu gün ölkə vətəndaşlarını ciddi şəkildə düşündürən məsələrdən biri də banklarla olan və yaşanan problemlərdir. Hazirda milli valyutanin möhkəmlənməməsi və bu sahədə olan qeyri -müəyyən situasiya ən böyük zərbəni iqtisadiyyata və real sektora vurur. Bankların kredit məsələsində güzəstsiz mövqe tutması bu sahədə ciddi neqativlərin yaranmasına səbəb olur.
Ölkənin məhkəmə hüquq sistemi isə bank kredit mövzusu ilə əlaqədar olan işlərlə iflic duruma düşmək səviyyəsinə çatıb. Nəzərə alsaq ki, dövlətin iqtisadi bazasının təməli olan banklar getdikcə çökən duruma doğru gedir, bütün reallıqlar tam formada aydınlığa qovuşar. Ən çox zərbə isə yenə də son nəticədə vətəndaşa və bu vətandaşın sosial rifahına cavabdeh olan dövlətə dəyir. Bu problemlərdən çıxış yolu varmı deyə bir çox ekspertlər həyəcan təbili çalır. Məhz bu nöqteyi- nəzərdən bu proseslər başlanan gündən vətəndaşın maraqlarını bütün gücü ilə qorumağa çalışan, əslində isə bankların qeyri-şəffaf hərəkətlərindən doğan problemlərin həllinə hüquq müstəvisində qiymət verməyə çalışaraq bankların dövlətə və vətəndaşa vurduğu zərbənin önləyici tədbirlər planı və verdiyi təklifləri avantüradan uzaq olan ekspertlərimizdən Əkrəm Həsənovdan müsahibə almağa qərar verdik. Və hamımızı maraqlandıracaq sualları müsahibimizə ünvanladıq:
- Əkrəm müəllim, bu gün manat məzənnəsində tərəddüdlər nə ilə baglıdır?
- Mərkəzi Bankın nəticələri qabaqcadan proqnozladırıla bilinməyən hərəkətləri ilə daha çox bağlıdır. Və bu daha çox işbazlara və qara bazara kömək edən situasiyadır. Əhaliyə dollar əvvəlcə baha satılır, sonra məzənnə endirilib satılan dollar daha ucuz alınır. Bu proses kənardan izlənəndə maliyyə spekulyasiyasından başqa bir şey deyil.
- Bu gün hansı addımlar manatı stabilləşdirib əlverişli sərmayə mühiti yarada bilər?
- Ədalətli və şəffaf oyun qaydaları və onların qorunması. Ölkədə sahibkarlıq, qeyri-neft sektoru real inkişaf etməsə, nəticədə ən azı daxili istehsalımız öz tələbatımızı təmin etməsə, manat qeyri-sabit qalacaq, çünki valyuta gəlirlərimiz azalan xətlə gedir.
- Bank sistemində yaranan neqativ hallar bilavasitə hansı yollarla aradan qaldırıla bilər?
- İlk növbədə şəffaflıq təmin edilməlidir. Daha sonra rəqabət qabiliyyəti olmayan,real təkliflərlə çıxış edə bilməyən yararsız banklar bağlanmalı, yaxşılarına yardım edilməlidir. Bank menecerlərinin yenidən attestasiyası keçirilməlidir, özü də Dövlət İmtahan Mərkəzi tərəfindən.
- Bankları dövlət iqtisaddiyyatına zərbə vurmadan hansı güzəştlərə məcbur etmək olar?
- Əvvəla, bank sahiblərini və inzibatçılarını təyinatı üzrə istifadə etmədikləri pulları qaytarmağa məcbur etmək lazımdır. Əks halda güzəşt üçün vəsait yoxdur sadəcə. Paralel ödəniş qabiliyyəti olmayanlara özlərini müflis elan etmək imkanı verilməlidir. Bundan sonra dövlət ağır vəziyyətə düşən banklara yardım etməli, digər borclulara güzəşt etməsi şərtini qoymaq lazımdır. Konkret güzəştlər kreditlərin növündən asılıdır.
- Kredit problemlərinin aradan qaldırılması üçün hansı strukturlar formalaşdırılmalı və ya olan qurumları real istiqamətə yönəltmək olar?
- Əsas struktur deyil, orada çalışan kadrlardır. Məsələn, elə Palatanın özü banklarla daha az bağlı olsaydı, orada real yoxlama aparıb bank sahibləri və inzibatçılarının kredit adı altında təyinatı üzrə istifadə edilməyən pulların geri qaytarılmasını təmin edə bilərdi. Nəticədə problemli kreditlərin bir qismi qayıdardı.
- Məhkəmə sisteminin bank-kredit-vətəndaş problemləri ilə yüklənməsi nə vəd edir? Məhkəmələrin bu sahədə işi artan xətt üzrə gedir və bu ilk növbədə bank sisteminin özünə yaxşı heç nə vəd etmir. Çünki bankların çoxsaylı və uzunmüddətli məhkəmə işləri aparmağa resursları yoxdur. Borc alanlar isə əksinə, bunda maraqlıdır.
- Fikrinizcə, əhalinin kütləvi şəkildə kreditlərin ödənilməsindən imtinası və ya bankların konkret güzəştlərə getməsi bu situasiyadan çıxış yoludurmu?
- Xeyr, çıxış yolu deyil. Əhali yalnız ədalətsiz hesab etdiyi şərtlərlə krediti qaytarmaqdan imtina etməli və problemi məhkəmədə həll etməlidir. Bu halda çıxış yoludur. Çünki əhali haqqını tələb etməsə, onlara nəinki güzəşt edilə bilər, heç adi hüquqları da qorunmayacaq.
- Yeni investisiya mühitinin formalaşması üçün nə lazımdır?
- İlk növbədə ədalətli və müstəqil məhkəmə sistemi. Bazar iqtisadiyyatının 3 dayağı var: mülkiyyət hüququnun qorunması, müqavilələrin icrası və sağlam rəqabət. Bunların üçünün də təminatı məhkəmədən asılıdır. Əks halda heç kim risk edib real sektora sərmayə qoymayacaq.
- Banklardan çəkilən əmanətlərin yenidən bazara yönləndirilməsini nə təmin edə bilər?
- Sağlam biznes mühiti. Banklara yerləşdirilməyəcək əlbəttə. Amma ən azı biznesə qoyula bilər.
- Maliyyə amnistiyası kimi bir ideyanın gerçəkləşməsinin iqtisadi mühitə təsiri olacaq?
- Bəli, olacaq, əgər düzgün edilsə və paralel müstəqil məhkəmə sistemi olsa. Aydındır ki, iri kapitalların ilkin toplanması kriminal xarakterlidir. Buna görə də həmin kapital gizlədilir və iqtisadiyyata yatırılmır. Onları amnistiya etmək lazımdır ki, dövriyyəyə qayıtsın və sahibləri əminliklə onlardan öz adlarından istifadə etsin.
Nahid SALAYEV