Amerikanın 45-ci prezidentini seçməsinin ardından indi dünya gündəmini məşğul edən əsas məsələlərdən biri yeni seçilmiş Donald Trampın bu postdakı fəaliyyəti, özəlliklə də aparacağı xarici siyasətlə bağlıdır.
Məsələ burasındadır ki, ABŞ-ın yeni prezidenti siyasətçi deyil və o üzdən onun beynəlxalq məsələlərdə hansı addımlar atacağı dünya ölkələri üçün qaranlıq olaraq qalır. Bu kontekstdə “The Washington Post” nəşrinin şərhçisi Cekson Dil Tramp administrasiyasının yürüdəcəyi xarici siyasət üzrə iki proqnozunu açıqlayıb. O deyib ki, ABŞ ya 1918-ci ilə qədər olduğu kimi dünya liderliyindən imtina edəcək, ya da “Obama kursunun daha qalant varisinə” çevriləcək. Hazırda isə, Dilin sözlərinə görə, heç kəs, hətta Tramp özü də xarici siyasətin hansı istiqamətdə aparılacağını bilmir. Onun sözlərinə görə, bu istiqamətin bəlli olması üçün Trampın iki böyük imtahandan keçməsi lazımdır. Bu imtahaların birincisi onun ABŞ-ın milli təhlükəsizlik sferasındakı vəzifələrə kimləri təyin edəcəyidir. “Trampın potensial təlimçiləri” ümid edir ki, bunlar Bob Kroker, Stiven Hedli kimi peşəkarlar olacaq, lakin biznesmen prezidentin bu postları özünə yaxın və özü kimi çılğın şəxslərə etibar edəcəyindən də ciddi narahatlıq var.
Tramp üçün ikinci imtahan olaraq isə onun Rusiya prezidenti Vladimir Putinlə hansı səviyyədə əlaqələr qura biləcəyidir. Bu xüsusda məqalə müəllifi Trampın seçki kampaniyası dönəmində Putinin müdafiəsinə qalxmasına diqqət çəkir. Bu kontekstdə isə, onun fikrincə, ortaya iki versiya çıxır: ya Tramp Putini güclü lider kimi qəbul edir, ya da Demokratlar partiyasının elektron poçtunun sındırılmasına və bununla da seçkinin nəticələrinə təsir etməsinə görə ona minnətdarlıq duyğusu bəsləyir. Lakin nəzərə alınsa ki, o əslində daha çox iş adamıdır, Rusiyada investisiya məsələsi də gözardı edilməməlidir.
Eyni zamanda müəllif onu da proqnozlaşdırır ki, Putin Trampdan sanksiyaların ləğvini xahiş edəcək və Əsəd rejimini dəstəkləmək üçün Amerika-Rusiya alyansının yaradılmasına səy göstərəcək. Tramp bunlara gedəcəyi halda isə yeni dünya düzəninin formalaşacağı aşkardır. Müəllifin fikrincə, Tramp Ukraynanın müdafiəsi məsələsinə dönük çıxsa, Merkel başda olmaqla, NATO ölkələrinin liderlərinin mövqeyi zəifləyəcək və onlar təhqir olunacaq. Bu halda Mərkəzi Asiyanın kiçik dövlətləri Putinlə əlaqələr qurmağa tələsəcək. Üstəlik, Baltikyanı ölkələri Rusiya aqressiyasından mühafizə edən NATO dövlətləri də bu missiyadan geri çəkilərsə, Alyansın sonu gələcək.
Müəllif Trampın xarici siyasət kursunda Yaxın Şərq mövzusunun hansı səmtdə inkişaf edəcəyini də proqnozlaşdırır. Bildirir ki, ABŞ-ın Suriya məsələsində Rusiya ilə yaxınlaşması Səudiyyə Ərəbistanı və İordaniyanı narazı salacaq və bu ölkələr ABŞ-ın orbitindən uzaqlaşacaq. Lakin faktdır ki, “İslam dövləti”ni məhv etmək istəyirsə, ABŞ-ın bu dövlətlərə ehtiyacı var.
Sonda Cekson Dil bildirir ki, yalnız bütün bu məsələlərə aydınlıq gəldikdən sonra bəlli olacaq ki, ABŞ-ın dünya liderliyini qarşıda nə gözləyir: sakit gedən aşınma, ya qəfil kollaps...
Samirə